[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Şeirlər

 

 

BABƏK
(Xəyanət qurbanı)



İki on ildən artıq
Xilafəti titrətdi
qoç Babək,
babəkçilər.
Bir gün gəldi
gözəl ömrün
faciəli sonucu.
İnsan var ki
işlərilə böyüyər;
məxluq var ki,
xəyanətlə kiçilər.
Sumbat da bir məxluqdu.
Belələri yenə var.
Yığın-yığın qalmayıb;
tək-tək, dənə-dənə var.
Belə-belə Sumbatlar,
dost cildində yadlar,
Kişi sözün qənimi -
rəndəçilər, xarratlar,
kəminsan, kəmsavadlar,
orda-burda yenə var
xırda, dənə-dənə var.

Bu kimi sumbatların,
fikri yeddi qatların,
söhbəti çox uzundur.
Onlar çöldə fərədir,
evdə ağbaş quzğundur.

***

Neçə yarlı, yaraqlı,
halaylamışdı Babəki;
aslan pusqusunda dayanmış
əfilər təki.
Babək qan dolu teştdə.
Bir soluna, bir sağına baxdı.
Dizdən kəsilmiş
ayağına baxdı,
dirsəkdən kəsilmiş
sol qoluna.
Qanıyla ləmhələm teştə baxdı.
Baxdı, qorxusu qəzəbindən artıq
gözlərə,
bir ovuc qan götürdü
sağ əlilə
Çəkdi üzünə.
Saralan rəngi görünməsin deyə
düşmənlərin gözünə.
Dişlərində çeynədi, boğdu
canının göyüm-göyüm,
sızım-sızım ağrısını.
Dərin yarğan, yarasından
süzülürdü qan.
Gözlərini pərdə-pərdə örtürdü
qırmızı bir duman.
Kəsdilər sağ qolunu da.
Ona elə gəldi ki,
qol deyil,
qılıncı düşdü yerə.
Babək nə uf dedi,
nə aman istədi.
Sanki uzaq-uzaqlardan,
qara kəhər atının
kişnərini eşitdi.
Zərbələrdən naxış-naxış
qalxanını,
bir də ovxarı diş-diş
qılıncını
yaman istədi.
Qan qurumuş dodağından
iki kəlmə qopdu.
Gəlmələr!
İtlər!
Bu nifrəti təkrarladı
qolu bağlı babəkçi igidlər.

***

Günəş qüruba endi.
Xəzəlləndi yarpaqlar.
Sarı dumana büründü
yamaclar, dağlar.
Bir anlıq yumdu gözlərini
Babək.
Savalanı gördü.
Karvan-karvan dəvələrini gördü.
Yurdun yazlı dərələrini gördü,
qışlı zirvələrini gördü.
Karvandan bir nər
dartıb qırdı ovsarını.
Susamış ağzı qan köpüklü
qaçdı dörd ayağa
su dalınca.
Qayadan bir şəlalə düşdü
(nər suyu görmüşdü).
Nərin arxasınca
mayalar, köşəklər ürkmüşdü.
Nər suya yetirəndə özünü,
bir ox sancıldı nərə.
Qayalara çilik-çilik töküldü
bir ildırım - nərə.

***

Babək bir anlıq
huşa gəldi.
Qan qurumuş dodaqlarından
qopdu qaynar kəlmələr.
Gəlmələr!
İtlər!
Bu nifrəti təkrarladı
qolu bağlı
babəkçilər - igidlər.
Qulaqlara qaynar ox kimi
sancıldı bu kəlmələr.
Gəlmələr!
İtlər!
Babək artıq dinmədi.
Yeni qılınc zərbələrindən
diksinmədi.
İlk dəfə
əyildi məğrur başı
qara torpağa.
Torpaq qu tükü oldu.
Hər yan boğucu bürkü oldu.

Qulaqlarda
hələ də cingildəyirdi,
neçə qanlı döyüşlərdə
gurlayan
Babək səsi -
odlu kəlmələr:
Vurun!
Vurun!
Bu torpağın oğulları!
Tapdamasın yurdumuzu
gəlmələr.
Kimdir onlar! -
Xilafətin qulları!
Xalqın yaralı dilinə
mütilik məlhəmi qoyanlar.
Körpələrimizin beşiyi başında,
ağa dildə,
şükran nəğməsi oxuyanlar…
Babək qolsuz-qanadsız -
yaralı tərlan kimi,
quru torpağa düşdü.
Yad köpəklər hürüşdü.
Düşmən nəfəslərindən
göz yaşını gizlədib,
ağlayanlar da vardı.
Mərhəmətdənmi, yoxsa
qorxudanmı, kim bilir.
Qarşıda, gələcəkdə
Vətən uğrunda, hələ
daha qəti, amansız,
qurtuluş əsrləri,
döyüş günləri vardı.
Bu günün qurbanları
sabaha yadigardı.

Bakı, may, 1977
Göyçay, oktyabr, 1977