[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Publisistika

 

 

UZAQ ELLƏRİN YAXIN TÖHFƏLƏRİ


İraq sözü, nədənsə, həmişə fəraq sözünü mənim ya­dı­ma salır. Fəraq sözü isə Füzulinin naməlum rəs­sam tərə­fin­dən çəkilmiş məşhur şəklini göz­lə­ri­min qarşısında canlandırır.

Onun kədər dolu gözləri, baxışlarındakı iza­he­dil­məz həsrət, intizar böyük nəğməkarın qürbət odu ilə yanmış qəlbindən nələr söyləyir!

Mən Füzulinin bu şəkli ilə onun yaradıcılığı ara­sında elə üzvi bir yaxınlıq görürəm, elə bir vəh­dət duyuram ki, sonralar, yarısı bu şəkildən, yarısı ba­yağı fanta­zi­ya­dan yaranmış "yeni" şəkilləri gö­rən­də, ölməz şairin uzun illərdən bəri yad­da­şı­mız­da həkk olub qalmış nurani ob­ra­zının korlanıb şit­­­ləşdirildiyi məni daxilən sar­sı­dır.

Füzuli yaradıcılığı, ancaq məhəbbət fəryadı, kö­nül sızıltısı, kədər, intizar və nakam eşqin həzin inil­tisi de­yildir. Füzuli yaradıcılığını, yalnız mə­həbbət li­ri­ka­sının ən geniş və yüksək mənada belə fəl­­səfi cövhəri kimi qiymətləndirmək də tam ol­maz­dı. Füzuli yara­dı­cı­lığı mənim təsəvvürümdə elə bir aləm­dir ki, onun sonsuz rəng­ləri, bu rənglərin ən in­cə çalarları vardır. Burada insan gözünün görə bil­di­yi, heç bir bəyana, şərhə sığmayan zənginlik, insan qu­lağının eşidə bildiyi ahəng, səs, ün, pıçıltı, fər­yad fırtınası, çağırış axını, hiss və duy­ğu­la­rın ləngər və təlatümü, insanı təsir qüvvəsinin mən­gə­nəsinə alıb uzun müddət əsir edən rayihələr, yalnız da­xili görüş, daxili eşidiş, daxili qoxlayış, da­xi­li toxunuşla duyula bilən incəliklər vardır.

Bütün bunlarla bərabər, Füzuli dedikdə, onun do­yul­maz poeziyasının ürək tellərini titrədən nakam mə­həbbət melodiyası yada düşür. Onun həsrəti, fər­ya­dı, intizarı gözlərimizdə, qulaqlarımızda can­la­nır. Füzuli poeziyası, nədənsə, hər zaman mənə azəri xal­qının qüdrətli dühası ilə yaranmış, ci­la­lan­mış əsrlərin iztirab və sevinclərini, qəhrəmanlıq, əzm və iradəsini, musiqinin ecazkar dili ilə ifadə edən muğamları xatırladır. Gözəl ifada, arif sə­nət­kar­larımızın avazında bütün əzəmət və mənası ilə, bü­tün təravəti, illərin, əsrlərin hökmünə baş əyməyən gö­zəl­liyi, qocalmazlığı, köhnəlməzliyi ilə yaşayan mu­ğam­la­rı­mı­zı hər dəfə dinlədikcə sənətin təsir və tə­ravət tü­kən­məz­liyinə heyran qaldığımız kimi, Fü­zu­li şerinin də za­man-zaman yeni, daha zəngin, daha tə­ravətli, daha incə rəng­lə­rə çalan mənalılığı, də­ru­ni ifadəliliyi, nakam mə­həb­bət həsb-halının sə­mi­miy­yətinə, yapışıq və cəzbinə, ürəyə yatarlığına, hə­ya­ti­l­iyinə, bəşəriliyinə, pərvaz qüv­və­si­nə və adi canlı in­san hiss və duyuğularına oxşarlığına hey­ran qa­lı­rıq.

Füzuli deyəndə ki, "Öylə sərməstəm ki, idrak et­mə­zəm dünya nədir", biz onun keçirdiyi ruhi iztirabı qəl­bimizin çırpıntısında duyuruq. Məcnun:


"Yarəb, bəlayi eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
Az eyləmə inayətin əhli-dərddən
Yəni ki, çox bəlalərə qıl mübtəla məni".

- deyəndə bu fər­yad, bu yalvarış, bu cəsarət və fədakarlıqda biz, Fü­zuli qəlbinin döyüntülərini duyuruq.

İnsan böyük yaraların ağrısında kiçik yaraların sı­zıl­­tısını duymaz. Füzuli üçün eşqin, məhəbbətin iz­ti­ra­bı qorxulu deyil. Onun böyük dərdi, böyük ya­ra­sı - qürbət dər­­­­di, vətən yarası vardır. Bu yaranı, bu dər­di açıq-aydın onun sətirlərində axtaranlar əbəs zəh­mət çəkirlər. Bu qür­bət dərdi, bu böyük həsrət, ya­nıq­lı, intizar Füzuli po­eziya­sı­­nın bütün ruhuna hop­muş, bütün varlığına çökmüşdür. O:


"Vəfa, hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm"

- de­yər­kən yal­nız vağamlamış fərdi ümidin gileyini deyil, bü­tün bir aləmin səciyyəsini lövhələndirmiş olur.

Bu aləmin möhnət və iztirabı ancaq Füzuliyə - bö­yük aşiq-müğənniyə deyil, çoxlarına aiddir. Füzuli hər yana bax­sa, özündən daha betər dərdə mübtəla olan in­sanları görür. Bu insanların ancaq eşq dərdinə müb­təla olduq­la­rı­nı zənn etmək sadəlövhlük olardı. Bu, daha böyük, daha ictimai və əlacı müşkül olan bir dərd­dir:


Kimə kim dərdimi izhar qıldım, istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.

 

Muğamatın bir musiqi poeması kimi in­ki­şa­fın­da əsas melodik xəttin enişi, qalxışı, haçalanması, bir­­ləş­mə­si, rəngləri, diringiləri olduğu kimi, Fü­zu­li şerinin də müxtəlif çalarları, həzinliyi, ma­jor və minor notları vardır. Lakin əzəmətli muğam ki­mi onun poeziyasında hər fədakarlığa hazır, saf, ül­vi məhəbbət, məhəbbət yolunda həyatın bütün iztirab və işgəncələrinə dözən, bu iztirab və işgəncələri bö­yük insan məhəbbəti naminə həvəslə qəbul edən, on­lar­da mənəvi bir zövq duyan, bu iztirablar baha­sı­na hə­yatın gündəlik incikliklərindən ayrılıb yüksələn, dö­­züm və səbrinin hüdudu olmayan bir insan ruhunun he­kayətləri eşidilir. Burada hicranlı, sitəmli, na­kam və fədakar bir məhəbbət başına gələnləri bəzən ­hə­zin, bəzən qəzəbli, coşğun bir dillə danışır.

Mən hər zaman Füzulini oxuyarkən, onun illərdən bə­ri hafizəmizdə qalmış qəzəllərini, "Leyli və Məc­nun"­un bir çox hissələrini öz-özümə təkrar edərkən dü­şünürdüm: - necə olur ki, vətənindən, elindən uzaq düş­müş, ta çocuqluq il­lə­rin­dən qürbətdə ömür sür­mə­yə məcbur olmuş bir adam ana di­lində belə kamil şer­lər yazmışdır. O, azəri xalqına məx­sus olan bir sı­ra ifadə, obraz, təşbih üçün mayanı haradan al­mış­dır?

Onun şerlərinin, dövrünə görə, son dərəcə ka­mil, sadə və anlaşıqlı dili - azəri dili hardan qi­da­lanmışdır? Nəhayət, o, azəri dilində şerlərini ki­min üçün, hansı oxucular üçün yazmışdır?

Yazıçı əsərlərini oxuyacaq adamların - o dillə da­nı­şan, o dili bilən adamların mövcud olduğunu bil­mə­sə, yaza bi­­lərmi? Axı ana dili - yazıçının əsər­lə­ri­­­­ni yazıb-yarat­dı­ğı dil, onun suyu, havası, tor­pa­ğı­dır! Balıq sudan çı­xa­rıl­dıqda ölən kimi, yazıçı bü­tün demək istədiklərini ifadə vasitəsi olan doğma dil­dən məhrum qalarsa, necə ya­zıb-yarada bilər, yazıb-ya­rada bilməzsə, onun ömrünün mə­na­sı nədir? Füzuli kimi böyük sənətkar ərəb-fars dillərini gö­zəl bilə-bilə, bu dillərdə klassik şer nümunələri, el­mi əsər­lər yarada-yarada, türkcə-azəricə nə üçün, ki­min üçün yaz­mış­dır?

Mən əvvəllər də İraqda, müxtəlif qəbiləli azə­ri­lə­rin yaşadıqlarını bilirdim, lakin bu xüsusdakı məlu­ma­tı­mız çox səthi, qırıq və qeyri-kafi idi.

Bizim İraqda yaşayan türkdilli xalq haqqında çox təx­mini təsəvvürümüz var.

Mən bilmirəm, bəlkə də alimlərimizdən bu mə­sə­lə­də daha artıq məlumata malik olanları vardır. Hər hal­da, mət­bu­at­da bu xüsusda ətraflı, əsaslı, elmi-ta­ri­xi bir məqaləyə rast gəlməmişəm. İşimin xa­rak­te­ri­n­ə görə bu sahədəki elmi-tədqiqat məxəzlərinə bə­ləd­liyim azdır.

Füzuli, onun şəxsiyyəti, yaradıcılığı, bu ya­ra­dı­cı­lı­ğa qida verən mühit, onun istiqamət və xa­ra­kte­ri­ni müəyyən edən amillər hansılardır? Necə olub ki, və­tənindən, doğma mühitindən ayrı düşmüş şair, öl­məz "Leyli Məcnun"unu, tək­rarolunmaz gözəllik və mə­na­ya malik qəzəllərini azə­ri­cə yazmışdır, kimin üçün yazmışdır? Bu suallar bu yaxın­da­kı İraq sə­fə­ri zamanı bir qədər aydınlaşıb, müəyyən mən­tiqi bir sil­siləyə bağlandı.

Mən inandım ki, Füzu­li­nin ya­şa­yıb yaratdığı yerlərdə onun azəricə əsərlərini oxu­­yan, onun poeziyasına qiymət və qüvvət verən minlər, yüz min­lər varmış! Füzuli, dili dilindən, dərdi dər­din­dən, sevinci, arzusu, həsrəti onunla bir olan doğ­ma xalq əha­tə­sin­də yaşamışdır. O, indi Kərbəlada, zən­gin və əzəmətli görkəmi ilə diqqəti cəlb edən İmam­hüseyn məqbərəsinin qarşısında yorğun bir qə­rib kimi dayanmış bəzəksiz, tən­tə­nəsiz, həzin, kə­dər­li:


"Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri"

- sə­tir­lə­ri­ni xa­tır­ladan, son mənzili - şair türbəsi kimi yox, bü­tün iz­ti­rab və məhrumiyyətlərinə baxmayaraq, hər gün doğma xal­qı­nın səsini eşidən, onun ifadəsini du­yan bir övlad kimi, öz həmdilliləri ilə bir tor­paq­da yaşayıb. Təsadüfi deyil ki, bu gün Şimali İraqda, Kər­kük, Ərbil, Mosul do­la­y­la­rın­da xalq arasında məş­­hur olan bəzi xoyratların - baya­tı­la­rın Fü­zu­li­yə aid olduğunu söyləyirlər:


Gülə naz,
Bülbül eylər gülə naz,
Girdim dost bağçasına,
Ağlayan çox, gülən az.

Bu xoyratın bizdə məlum olan "Əziziyəm, gülə naz" sət­ri ilə başlayan bayatının azca dəyişmiş ekizi ol­duğu ay­dın­dır. Hansı illər, hansı yellər, hansı tel­lər xalq yara­dı­cı­lığının bu nadir incisini di­yar-diyar gəzdirib Füzuli qürbətgahına salmışdır?

İsti bir dekabr günü əfsanələrindən ancaq soyuq bir xa­ti­rə qalmış Bağdadın müasir aerodromundan dörd­motorlu təy­yarə ilə göyə qalxdıq. Yolumuz Şimala - Mo­sul tə­rə­fə­dir. Təyyarə uğuldaya-uğuldaya göy yo­lu­nun yoxuşuna qalx­dıq­ca, aşağıda Bağdadın üstü yas­tı-səlyanı evləri kiçilib oyuncaq kublara dönür. Dəc­lənin ilanyolu boz şüləyi na­zi­lir, əyri-üyrü gü­mü­şü bir lentə çevrilir.

Hava sərinləşir. Orda-burda görünən yaşıl ada­lar, səh­ra­ların sərt bozluğunda yaşıl əbaya bü­rün­müş qərib bir yolçu kimi görünür. İki saat belə çək­mir ki, məsafələrin gümüş qanadlı yağısı - təyyarə bi­­zi Kərkükə yetirir.

Kərkük Xasa çayının üstündə orta bir şəhərdir. Şə­hərin yaşı az deyil. Qədim qalanın divarları, köh­nə bina­lar keçmiş əsrlərin dilsiz şahidi kimi da­yanıb. Şərqin təhəm­mül və təmkinlə dolu müdrik sü­­kutu ilə susurlar. Bir neçə il əvvəl burada, yerli əha­linin dilində, hörmətli oxucularımın bir neçə sə­hifədən sonra tanış olacaqları xoyratlar - ba­ya­tı­la­rın yarandığı dildə qəzet-jurnal çı­xır, kitablar nəşr edilir, məktəblərdə dərs keçilirmiş. İndi hər yer­də tədris, mətbuat ərəb dilindədir. Kərkükdə ta­nış olduğumuz müəllim Həsən İzzət, Məhəmməd Xur­şid bu dərdlərini danış­dıq­ca, mən, səfər yol­daş­la­rım şair Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin göz­lərində bir duman kimi çökən kədəri görür, öz-özü­mə düşünürdüm: duz­dan dadı, sudan nəmi, torpaqdan hə­yat qüvvətini ayırmaq olar­mı? Ərəb şovinistləri nə qədər səy eləsə də, nəğ­mə­lə­ri­nin səsi min illərin o ta­yından gələn bir millətin dilini ona yadırğada bi­lər­mi? Neçə əsrdir ki, Kərkük, Ərbil, Mosul do­lay­la­rın­da yaşayan, dili, adət və ənənəsi ilə ha­kim ərəb xal­qına heç bir bənzəyişi olmayan, deyilənə görə, sayı ya­rım milyona yaxın bir xalq tarixini, milli xü­su­siy­yə­­tini, möhnət və sevincini, arzularını, ümidlərini şe­rin sehrkar dili ilə ölümsüz xoyrat - bayatı və mah­nı­la­rın­da ifadə etmişdir. Bu xalqın, türkdil­li iraq­lı­la­rın, hardan, nə zaman bura gəldikləri haq­qında müxtəlif fikirlər vardır.

Bu böyük insan kütləsi kimdir? Hansı irqə, hansı mil­lətə mənsubdur? Hansı xalqın zülmlə qo­pa­rıl­mış canlı qəl­pəsidir? Hansı mədəniyyətin varisi, han­sı tarixi-ic­ti­mai hadisələr burul­ğa­nına düşüb, nə­hayət, İraqın şimal nahiyələrində oturaq ol­muş­dur? Bu, hansı qəbilə, hansı elatdır?

Bu sualların cavabını uzun və ağır zəhmətə qat­la­şıb, yığın-yığın tarixi materialları saf-çürük elə­yib, tutuş­du­rub, hadisələrin ən incə çalarlarına təc­rübəli, müdrik gözlə baxıb, obyektiv faktların in­karedilməz həqiqəti ilə silahlanıb müəyyən nə­ti­cə­yə gələn tədqiqatçılar, alimlər söyləyəcəklər. Məni ma­­raqlandıran bu yerlərdə yaşayan əha­li­nin dil ma­te­rialı, xüsusilə, onların müxtəlif zaman və şə­ra­it­də yaranmış poetik folklorudur. Kərkük xoyrat və ma­nilərinin tanış olduğum nümunələri göstərir ki, is­tər düşünüş yolu, istər obrazlar silsiləsi, istər iz­tirab, həs­rət, ümid, sevinc və kədərlərinin ifadə for­ması etibarilə İraqın türkdilli sakinləri azə­ri­lərə, xüsusilə, cənubi azərilərə çox yaxındırlar. Təb­riz ləhcəsi Kərkük xoyrat manilərinin demək olar ki, əsas ləhcəsidir:


Oxunmuri,
Dərdim çox oxunmuri.
Məcnun təki gəzirəm
Göz yara toxunmuri.

Burada elə xoyratlar vardır ki, onların ekizini biz cənub bayatıları arasında görmüşük:


Əyil yaylığın götür
Mən götürsəm, söz olur. (Kərkük)
Qız, dəsmalını qovza,
Mən qovzasam söz olu. (Cənubi Azərbaycan)

 

Bu sətirlərin eyni hiss və ilham mənbəyindən su iç­di­yi aydındır.

Bu yaxınlıq bir çox hallarda eyniyyət şəkli alır. Xoy­rat və manilərdə əks olunmuş bu yaxınlıq, ya ey­niy­yət yalnız bütün sətirləri, söz ehtiyatı və ifadə for­ma­sı ilə bizim bayatıların düzümündəki tez-tez rast gəl­diyimiz eyniyyət, ya oxşarlıqla bitməyir, həm də əks et­dirdiyi obyektiv var­lı­ğın həyat və məişət tər­zi­nin, hətta bəzi hadisələrin qüv­vət­li oxşarlığı ilə təs­diq edir. Kərkük xoyrat və ma­ni­lə­ri­ni nəşr etmiş cə­nab Tərzibaşı birinci cildi təşkil edən maraqlı və qiymətli məqaləsinin bir çox yerində İra­qın türk­dil­li əhalisinin ən çox azəri xalqına yaxın ol­du­ğu­nu söy­ləyir. O yazır: "Bizim xoyrat və manilərlə ilgisi ən yaxın olanı, mühəqqəq azəri olanlarıdır".

"Kərkük xoyratlarında iyirmiyə qədər üsuldan "Qa­ra­bağlı" denilən bir çeşidinin, azəri mənşəli və sırf azəri ağzı ilə sözləndiyini bilməkdəyiz. Ayrıca bu üsulla söylənən:


Təbriz altı Marağa,
Zülfün gəlməz darağa
Yar bizi dəvət edib
Bir stəkan arağa.


Xalk türküsü də yenə azəri havasıdır". O, bir yerdə ya­zır: "Əskidən azərilərlə məskun Təbriz, Marağa, Qa­ra­bağ, daha bir başqa şəhərlərdə musiqi həyatı yüksək mər­təbəyə var­mış­dı.

O zaman İraq türkləri ilə bu ölkələrdə yaşayan türk­lər arasında dil, ədəbiyyat, musiqi baxışından bu­lunan bağ­lı­lıq pək qüvvətli idi. Bu bağlılıq azə­ri­lərlə İraq türk­mən­ləri arasında bir dərəcəyə tə­gin bir qaynaşma hüsula gətir­mişdi…"

Bunu da qeyd etmək lazımdır ki, Tərzibaşının iş­lət­diyi dil Kərkük, Ərbil dolaylarında, Mosul kən­d­lə­rində, ümumiyyətlə, türkdilli iraqlıların da­nış­dı­ğı dildən, xü­su­silə, xoyrat və manilərin dilindən çox fərqlidir. Onun yazı dili yerli əhalinin di­lin­dən uzaqlaşmış, başqa təsirlər altında yalnız lü­ğət tərkibi deyil, tə­ləf­füz formasını da xeyli də­yiş­miş­dir.

Bunu isbat üçün kitabda Tərzibaşının xoyrat və il­lərlə işlənmiş bir çox sözə (ki, bunları ən uzaq Azər­bay­can kəndində başa düşürlər, daha doğrusu, bu söz­ləri indi də işlədirlər) verdiyi izahlara baxmaq ki­fayətdir. Türk­dil­li iraqlıların sayı haqqında da dü­rüst bir məlumat yoxdur. Füzuli və onun oğlu Fəzli haq­qında tədqiqat aparmış Bağdad Universiteti pro­fes­­soru Hüseyn Məhfuzun lütfən dəvəti ilə Bağdad Aka­demiyasında olduğum vaxt Akademiyanın pre­zi­den­ti ilə söhbətimiz zamanı prezident İraqda yaşayan türk­lərin (onlar bu xalqa gah türk, gah türkmən de­yir­lər) 70-80 mindən artıq olmadığını və artıq as­si­mil­yasiya prosesi nəticəsində ərəbləşdiklərini söy­lə­di və buna misal olaraq məclisimizdə iştirak edən müəl­lim­lərdən birini göstərib dedi: - Bax, görürsünüz, cə­nab pro­fessor özü İraq türklərindəndir, ancaq türk­cə bir kəlmə də bilmir. Mən düşündüm ki, hör­mət­li prezidentin xalq və onun mənəviyyatı haqqında nə qədər məhdud təsəvvürü var­dır, onun süni bir la­qeyd­liklə dediyi 70-80 min də həqiqətdən uzaq olmaqla bə­rabər, bu rəqəmin azal­dıl­ma­sın­da müəyyən məqsəd ol­du­ğunu aydın göstərirdi. İraqda azlıq təşkil edən mil­lətlərin assimilyasiyası - ərəbləşməsi haq­qın­da­kı id­dia­la­rın da nə qədər uydurma olduğunu Kər­kük, Ər­bil, Mosulda olduğumuz zaman yerli əhali ilə söh­bət­­dən, onların şifahi və yazılı ədəbiyyatı ilə ta­nış­lıq­dan sonra aydın gördük.

Möhtərəm prezidentin öz dilini unutmuş pro­fes­so­ru nümunə göstərməsinə isə mən cavab verdim ki, be­lə ha­di­sə­lər hər xalqda ola bilər. Bu, sizə xoş gə­lir­sə, yəqindir ki, onun bir zaman mənsub olduğu xalqa xoş gəlməz. Yaxşıdır ki, xalqı təmsil edən belə adam­lar deyil.

Kərküklü tanışlarımız Həsən İzzət, Məhəmməd Xur­şid bizi şəhərlə tanış etdilər. Ayrı-ayrı yer­lə­rin tari­xin­dən, baş vermiş hadisələrdən, öz iş-güc­lə­rindən da­nış­dılar. Onlar Sovet İttifaqı, xü­su­si­lə, Sovet Azər­bay­canı haqqında bir çox suallar ve­rir, bizim bu günü­müz­lə çox maraqlanırdılar. Yo­lu­muz şəhərin baş küçəsindən düşdü. Bir kitab ma­ğa­za­sı­­nın qabağında dayandıq. Mağaza müdiri sadə ge­yim­li, ağsaçlı bir kişi idi, azəricə danışdığımızı eşi­dib çox mehribanlıqla bizi içəri dəvət etdi. Mən belə kitab dükanlarını Təbrizdə, Ərdə­bil­də, İs­tambulda da görmüşəm. Qəfəsələrdə bir-birinin üs­tü­nə yığılmış kitab qomlarının bağı, kim bilir ne­çə illərdir ki, açılmamışdır. Bu kitabların bir ço­xu, adətən, babadan oğula, ondan nəvəyə, nəticəyə ke­çən dükan­lar­da qəmli sükut içində yatır. Bu kitablar, bəl­kə də, səhifə­lə­rində neçə-neçə ədəbi, elmi, tarixi müəm­maların aça­rı­nı - uzun illər bir çox fədakar elm adamlarının axtar­dı­ğı, lakin tapa bilmədiyi ca­­vab­ları saxlayırlar.

Mən sevimli, böyük Sabirimizin "Hop­hop­na­mə"­si­nə də burada rast gəldim. Qoca dükançının girini itir­miş əli ilə qəfəsədən götürüb mənə verdiyi ki­tab­la­rı - "Kərkük xoy­rat və manilər"ni varaqladıqca da­xi­li bir həyəcandan boğa­zım qəhərlənir, ürəyim quş ki­mi çırpınıb sinəmdən çıx­maq istəyirdi.

Mənə elə gəldi ki, mehriban bir səs məni könlümə, ru­huma nəhayətsiz munis olan bir aləmə çağırır. Bu aləm ço­cuq­luq illərinin şirin xəyalı, gəncliyimin ümid-ar­zu­la­rı, ahıllığımın həyat müdrikliyi ilə do­ludur.

Doğrudanmı, bura İraq torpağı, bu yer Kərkük şə­hə­ri - indi oxuduğum bayatılar, ağılar, oxşamalar, lay­lalar mə­nim doğma vətənim Azərbaycandan min-min ki­lometrlik uzaq­da, adı və taleyi həris si­ya­sət­çi­lə­rin hərrac bazarına qoyulmuş bir millətin ürək çır­pın­tılarıdır? Bəs:


Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir oğlan ölüb,
Göy kişnər, bulud ağlar!

Elimin günümün bu yanıqlı, qüdrətli səsi, bu əzə­mət­li obrazı: kişnəyən göyün gurultusu, ağlayan bu­lud­ların kə­də­ri bu yerlərə hardan gəlib çıxmışdır? Bu­rada ki, aylarla göydən bir damcı düşmür, burada ki, göy kişnəməsi nadir möcüzədir!

Elə bil ki, burada - uzaq Kərkükdə əziz bir ta­nı­şı­ma rast gəlmişəm. Ona diqqətlə baxıram, gözlərimə inan­mı­ram. Bəlkə də o deyil, bəlkə gözlərim məni al­da­dır. Bəx­ti­ya­ra üzümü tuturam. Bir bunu oxu deyirəm. Oxu­yur, heyran-hey­ran bir-birimizə baxırıq.
Bayatını təkrar-təkrar oxuyuruq. Hiss və hə­yə­ca­nı­mız yavaş-yavaş yatağına düşür.

"Çeşməsi sulu dağlar".

Yaddaşımın dolaşıq yolları ilə vətənə qa­yıd­ı­ram. Bakıya gəlir, masamın siyirtməsindən bayatılar ki­tabını götürüb baxıram.

"Çeşməli, sulu dağlar".

Bəlkə də, Kərkük ətrafında, Ərbil, Mosul hən­də­və­rin­də çeşməsi çox yerdə qurumuş dərələr, təpələrdə "çeş­­məsi sulu" daha ifadəli səslənir.

"Burda bir oğlan ölüb".

Yenə də bayatımızı xatırlayıram:

"Burda bir qərib ölüb".

İlk fikrimə gələn sətirləri dəyişik saldığım, bi­rincinin bizdə, ikincinin isə burada, İraq tor­pa­ğında daha məntiqi, daha təbii olduğu qənaətidir. Yox, yəqin ürək­də qövr eləyən qürbət yarasını yenidən qa­natmamaq üçün kim isə bu sözü dəyişmiş, başqa söz­lə əvəz etmişdir. Bu da bir təsəlli ola bilər. Yaxud:


Kətan köynək, bədən yar!
Məni qoyub gedən yar,
Əvvəl belə döyüldün,
Səni bir ögrədən var.


Bu bayatı bizdə:


Sən ki belə deyildin
Səni bir öyrədən var


- şəklində oxunur.

 

"Sən ki belə deyildin", şübhəsizdir ki, daha qüv­vət­li ifadədir. Burada fəal bir təəssüf ifadə olun­muş­dur. Həm də sonrakı "səni bir öyrədən var" fik­ri­nə bir pillə, bir məntiqi əsas qoyulmuşdur.

Kərkük xoyrat və maniləri ilə tanış olduqca on­lar­la azəri bayatıları arasındakı oxşarlıq, ruhi ya­­xınlıq, obraz, ifadə, cümlə quruluşu doğmalığı da­­­ha aydın, daha şübhəsiz, daha sarsılmaz bir qənaət ya­radır.

Bu xoyrat və manilərin bir çoxu bizim ba­ya­tı­la­rı­mız, şikəstələrimizlə demək olar ki, eynidir. Fərq varsa, ancaq tələffüz fərqi, dialekt fərqidir:

Bu gün ayın üçidi,
Girmə, bostan içidi.
Dodaqlaruv xam şəkər,
Diluv badam içidi.


Və ya:

Pəncərədən daş gəldi,
Xumar gözdən yaş gəldi.


Yaxud:

Bilmirəm neylim sənə,
Düşübdü meylim sənə
Mən dönsəm, könlüm dönməz
Sən dönsən, neylim sənə. və s.

Bəzi xoyratlarda isə bu eynilik bir-iki sözün də­yiş­­məsi ilə oxşarlıq halını alır:


Dağlar dağımdı mənim,
Qəm ortağımdı mənim.
Dindirsən qan ağlaram,
Yaman çağımdı mənim.

Bizdə məşhur olan bu bayatının iki yerində sözlər də­yişilmişdir.

Qəm ovlağımdır əvəzinə qəm ortağımdır və dindirmə əvə­zinə dindirsən şəklini almışdır. Qəm ortağı söz­­ləri qəm ov­lağı qədər qüvvətli, obrazlı, tə­sir­li­dir. Bu, sənətin ən ki­çik, yığcam formalarında belə ifa­də qüvvəsinin nə qədər ge­­niş imkana malik ol­du­ğu­nu, bir söz dəyişməklə eyni əhva­li-ruhiyyəni yeni qüv­vət­lə vermək bacarığını göstərir. İkin­ci halda isə sö­zün özü qala-qala ancaq qrammatik for­ma­­sı bir ba­la­­ca dəyişməklə onun bədii təsir qüvvəsinin necə baş­qalaşdığı aydın görünür. Dindirmə, qan ağlaram - da­ha da qüvvətlidir. Burada qüvvətli nidalar du­yu­lur. Bu dərd - qan ağlamaq haqqında fəryad daha fəal­dır. Dindirmə! Ba­şımın bəlası, könlümün qubarı mə­ni elə bir hala sal­mış­­dır, ağlayıram, özü də qan ağ­layıram. Dindirsən zəif­dir, sonraki qan ağlaram ki­mi qüvvətli ifadəyə uymur.

Azərbaycanda məşhur olan "Kəklik" mahnısı bir ba­laca donunu dəyişmiş olsa da, Kərkük maniləri ara­sında se­çi­lir:


Dağlara qovla məni,
Kəkliyəm, ovla məni.
Gecələr sinən üstə,
Gündüz buxovla məni.

Bəzi xoyratlarda ayrı-ayrı sözlərin dəyişmiş ol­ma­sı onların bizim bayatılarla yaxınlığına heç bir şübhə oyat­mamalıdır. Belə fərqlər bu gün Azər­bay­canın ayrı-ayrı rayonlarında oxunan eyni ba­ya­tı­lar arasında da var­dır.

Kərküklülər deyirlər:


Qara çadır xaraldan ("xaral" sözünə diqqət edin!).
Boyun seçdim maraldan.
Nə dərdim var, nə balam,
Sənsən məni saraldan.


Qaradı qaşın sona! (bizdə ördək)
Yaşıldı başın sona!
Göllərdə tək qonubsan;
Hanı yoldaşın sona?

Bir haşiyə olaraq deyim ki, burada da bizim va­ri­ant daha qüvvətli və bitkindir:
Əvvəllər cüt gəzərdin.
Hanı yoldaşın, ördək?
Bu sətirlərdə geniş bir lövhə, uzun bir müşahidə var­dır. Şair həmişə bir yerdə gördüyü, ülfətlərinə şa­hid ol­duğu sevgililərin indi ancaq birini görür, hə­yəcan və tə­laş­la, həm də dərin bir təəssüflə "hanı yol­da­şın?" deyə soruşur.
Bir misal da:
Qərənfil əsdi neylim,
Qərarım kəsdi neylim,
Dili dost, qəlbi xain
Mən belə dostu neylim.
Bizdə buna bənzər daha ifadəli bayatı vardır.
Kərkük xoyratlarının böyük bir əksəriyyəti ori­ji­nal­dır. Lakin onların da ruhi ifadə forması bizə yaxın, doğ­ma­dır.
Xoyratlar - bayatılar ən qısa formada ifadə olun­muş insan duyğusu, insan fikridir. Bu forma yığ­ca­­m­lıq­da Xəy­yam rübailəri ilə rəqabət edə bilən bir dol­ğun­luğa, ifadə qüv­vəsinə malikdir. Onları oxuduqca, oxu­maq istəyirsən. Düşündükcə düşünürsən. Şirini var, acısı var. Birini oxu­yursan, gözlərinin qar­şı­sın­­da əzəmətli bir mənzərə canlanır:
Dağıt üzə,
Zülfünü dağıt üzə,
Qorxmursan bir ah çəkəm,
Döndərəm dağı düzə!?
Başqasını oxuyursan, sözün alovu könlünü qarsır:
Oxuyandı,
Yar kitab oxuyandı,
Ox atdı məni vursun,
Sinəmdə oxu yandı.
Gah təşbehin cəsarəti adamı heyrətə salır:
Oxu tər.
Kamanı tər, oxu tər,
Atma könlüm evinə
Qəm tünlükdür, ox itər.
Gah obrazın yeniliyi, qeyri-adiliyi və eyni zamanda poe­tik dürüstlüyü insanı dərin düşüncələrə qərq edir, sözün bədii ifadə imkanlarının sonsuzluğu üfüq-üfüq qarşıda açılır:
Mən miskin olduğumçun,
Üstümə qəm qudurdu.
Qəm həmişə bizdə bir həzinlik, bir sükut, daxili ağ­rı təsəvvürü oyadır. Qəmli adamı gözünüzün qa­ba­ğı­na gətirin. Başını aşağı salmış, üzündə sanki bir köl­gə donub qal­mış, gözlərini iztirab və işgəncə ifa­dəsindən daha ar­tıq bir yorğunluq, ümidsizlik pər­dəsi örtmüş varlıq! Qəmə nis­bətən dərd sözü daha in­tensiv, daha fəaldır. Təsəvvür edin ki, tez-tez hirs­lənən, həmişə sərt cavablar verən bir adamın ye­nə də hirsləndiyini, çığırıb-bağırdığını eşi­dir­­si­niz. Bu hadisə sizdə, şübhəsiz, demək olar ki, böyük hə­yəcan oyadıb, coşğun emosiyaya səbəb olmayacaq. Ya­xud, dəy­mə­dü­şər bir adamın, tez-tez gözünün qorasını sı­xan bir adamın yenə də ağladığı dərin təsir oyada bil­məz. Ancaq həmişə sakit, mülayim, həlim xasiyyətli bi­­rinin birdən-birə üsyan edib öz etiraz, ya hid­də­ti­ni qəzəblə bil­dir­di­yi­ni görəndə, siz laqeyd qala bil­məz­siniz. Fikrinizdə bu təzad­dan doğan qeyri-adi bir sar­sıntı baş qaldıracaqdır.
Yaxud, həmişə şad gördüyünüz, dözümlü, davamlı bir ada­mın birdən-birə sərt küləkdən qanrılıb qo­pan budaq kimi sındığını, göz yaşlarını giz­lət­mə­dən hönkür-hönkür ağladığını görəndə, ona üz ver­miş fəlakətin ağırlığı sizin də hiss və iradənizi öz təsiri altına alacaqdır. Bədii sözün qüdrəti də müəy­yən fikir və hissin ifadəsi üçün belə təzadları ta­pa bilməkdə, sözün təsir qüvvəsini, onun qız­mar­lı­ğı­nı dönə-dönə artıra bilməkdədir. Fikrin cöv­hə­ri­ni mümkün qədər kiçik qəlibə yerləşdirə bilmək sə­nət­karlıq tələb edir. Bir söz adi, hərarətsiz sükut və yor­ğunluqla dolu cümləni alışdırıb şəfəqləndirə bi­lər.
Qəm qudurdu ifadəsi sözün belə sehrkarlığına gö­zəl nü­mu­nədir. Gör, iş nə yerə çatmışdır ki, adi, sa­kit, dilsiz-ağızsız qəm qudurmuşdur, insanın üstünə atıl­mışdır, onu didib-parçalamaq istəyir.
Xoyratlar - bayatılar vardır ki, oxuyursan, elə bil, qə­rib axşam­­ların yumşaq kədəri qəlbini yavaş-yavaş sı­xır, in­cit­məyə qoymur, lakin sənə öz varlığını bil­dirmək istəyir:
Bağça barıyçün ağlar,
Heyva narıyçün ağlar
Qarlı dağ günəşiyçün
Könül yarıyçün ağ­lar.
Bəzən sa­də dey­il­miş iki­cə mi­s­ra­da da­s­tan­la­ra sığ­ma­yan bir həs­­rət, bir ya­nğı var­dır. "Ölən­dən yüz il son­ra bir göz açıb bax­say­dım" deyən na­kam in­san, doğ­ru­lma­mış ümid­lə­ri­nin acı­sı­nı nə qə­dər qüvvət­li ver­miş­dir!
Ay­aq­lar necə varsın,
Könül varmayan yerə.
- sətirlərini oxuduqda, könül in­cik­liyinin sızıltısı insanın bütün varlığına ya­yılır. Bütün bunlar xalqın yaradıcı dühasından xəbər ve­rən, həcmi kiçik, mənası böyük sənət nü­mu­nə­lə­ri­dir.
Xoyratlar və manilər içində Füzuli qəzəllərinin leyt­motivini xatırladanları çoxdur. Bu, Füzuli ilə türk­dilli iraqlılar arasındakı yaxınlıq və üzvi bağ­lılığı bir daha isbat edir:
Oxu cannan,
Aç kitab, oxu cannan,
Təbib, qurbanın olum,
Çıxartma oxu cannan.
Buradakı fədakarlıq, buradakı fəryad Məcnunun fər­yadı ilə necə həmahəngdir.
"Təmkinimi bəlayi-məhəbbətdə qılma süst.
Ta dust tən edib deməyə bivəfa məni".
Bəzi oynaq misralar obrazın həyata, torpağa bağ­lı­lı­ğı, canı-başı sağlam bir insan duyğularına bağlı mizah adamı güldürür:
Əzrayıl, get işüvə!
Mən yardan doymamışam.
Gedəndə yar yanına
Çox yubanma, yüz il qal!
Yar yanına gedəndə
Bir yuxu basdı məni…
Bir səhər gəl, bir axşam,
Bir də günorta çağı.
Bayatılar da başqa ədəbi yaradıcılıq formaları ki­mi müəyyən xarici şəklə, daxili ahəngə, vəzn və qa­fi­yə sil­si­lə­si­nə tabedir. Lakin bu xoyratların - ba­ya­tı­ların, ma­ni­lə­rin ən gözəl nümunələrini oxuyanda for­mal qayda-qanunlar, əsrlərin zaman selində sı­ğal­lan­mış, ahəng yatımına düşmüş cəhətlər adamı az dü­şündürür. Qəlbimizdə oyanan his­slər, duyğular, ar­zu, ümidlər, təəssüf, qürur, sızıltı, se­vinc, kövrəlmə, sər­t­lik, riqqət, nifrət, məhəbbət, ülfət tə­si­ri al­tın­da adını bilmədiyimiz qüdrətli müəllifin alə­mi­nə düşür, onun hiss və həyəcanlarına əsir oluruq.
Adsız şair "Torpağım, daşım qərib" deyə fəryad edən­də qəlbimizin telləri sızlayır. O, "Öləndən yüz il sonra bir göz açıb baxsaydım" deyəndə, biz onun qı­rıq ümidlərinin, na­kam arzularının ağrısını du­yu­ruq. O, "Qəm yardan və­fa­lı­dır, heç çevirmir üz mən­dən" deyəndə, biz onun izti­rab­la­rı­na şərik oluruq. O: "Əridər Qaf dağını, dərdimin birin desəm", - de­yən­də biz onun çəkdiyi möhnətlərə inanırıq. O:
"Gedən gün geri dönməz
Günü-günə calasan".
"Aləm gözün dikibmiş
Mən gözüm dikən gülə…"
Doqquz ay al-yaşıldı,
Üç ayı qara bağlar" -
deyəndə, fikrimiz xatirələr yo­lu ilə çırpına-çırpına uçur, böyük aşiqlərimizi ya­da salırıq, Ələsgərin səsini eşi­dirik.
Xoyratlar və manilər bir çox xüsusiyyətləri ilə ma­raq­lı tədqiqat materialı ola bilər. Bəzən qa­fi­yə­lə­rin klassik dediyimiz ənənədən ayrılması, sözlərin səs­lənişində eşidilmə prinsipinin əsas gö­tü­rül­mə­si maraqlı və nəzəri cəhətdən qiymətlidir. Belə qulaq qa­fiyələrində - sözün ahən­gi və musiqisini özünə tabe edən müəyyən aparıcı səslərin uyğunluğu əsasında dü­zəlmiş qafiyələrdə sözün bütöv­lü­yün­də həlledici ol­ma­yan, ikinci dərəcəli, tam eşidilməyən səslər nəzərə alın­mır. Bu, prinsip məsələsidir. Belə fakt­lar ta qə­dim zamandan, azəri şerində olduğu kimi, Kərkük folk­lorunda da qulaq qafiyələrinin mövcudluğunu gös­tərir:


"Səhər olsun, bizə gəl!
Qırmızı gey, bəzən gəl".
"Fələgin qəhri mənə
Heç yoxdur rəhmi mənə".
Bizdə məşhur olan bir mahnını xatırlayın:
"Şeşgilan bizim olaydı
Kərpici qızıl olaydı.
Yarım bizə gələndə
Gecələr uzun olaydı".

Buradakı üç söz yazılışında nə qədər fərqli olsa da, qulağa çox oxşar gəlir, rədif isə onları, demək olar ki, həmahəng eləyir.
Kərkük xoyrat və maniləri iki hissəyə bölünür. Bir his­səsi cinaslı, o biri hissəsi adi qafiyəlidir.

Cinaslı xoyratların birinci sətri üç, ya dörd he­ca­lı yarım sətirlidir:

Yara neylim
Sızıldar yara neylim,
Yol uzun, mənzil uzaq
Yetişməm yara, neylim.


İkinci hissə bütün sətirləri bərabər hecalı olan­lar­dır:

Ətrafı üzüm olaydı,
O yar bizə gələndə,
Gecələr uzun olaydı.

Kəmsətirli xoyratlarda birinci üç-dörd hecalı sə­tir bir növ başlıq kimidir, xoyratın xarakteri haq­qında müəyyən xəbərdarlıqdır.

Xoyratların bir qayda olaraq, müəyyən hava üstündə oxun­duğunu nəzərə alsaq, birinci yarımsətrin bir kök­ləmə ro­lu­nu oynadığını demək olar. O, xoyratın əsas, məzmun, emosi­o­nal maya yükünü daşıyan üçüncü, dör­düncü sətirləri üçün yolbaşı vəzifəsini görür. Çox zaman da axırıncı iki sətirlə az bağlı olan ikin­ci sətrin dayağı ümumi xoyratın yol arıdıcısı olur.

Kərkük xoyrat və manilərindən mənə məlum olan təx­minən 1500-ə yaxın parça içərisində "əzizim", "əzi­zi­yəm", "mən aşiq" söz­ləri ilə başlayanları yoxdur. Bu cəhətdən on­lar bizim bayatı­la­rı­mızdan fərq­lə­nir. Lakin bu, Kər­kük xoyratlarını bizim ba­ya­tı­lar­dan və ağılardan ruh, forma, ifadə tərzi cəhətdən heç də uzaqlaşdırmır. Yalnız obraz silsiləsinin qurulmasında deyil, ay­rı-ayrı sözlərin yerində işlənməsi, onların ən çox ifa­­dəli və təsirli ola biləcəyi yeri seçib tapmaq cə­hə­tindən də Kərkük xoyrat və maniləri qiymətli sə­nəd­dir.


Bülbül kişidi gəldi,
Dərdə tuşudu gəldi.
Bülbül gül havasına,
Hələ qış idi, gəldi.

Bu dörd sətirlik parçada işlədilən sözlərə, on­la­rın yerinə, ifadə qüvvəsinə fikir verin. Kişimək! To­yuğu, cü­cə­ni qovlayanda biz "kiş-kiş" deyirik. Get! Çə­kil! Qaç! Burda kişimək sözü nə qədər yerində iş­lə­dil­mişdir. Əgər "bülbül gəldi" desəydi, ifadə nə qədər sö­nük, adi olardı. Bülbül kişiyib gəlib. Onu nə isə qov­­layıb, gəlməyə məcbur edib, o qaça-qaça gəlmişdir. Nə üçün? Çünki "o, dərdə düşüb". Dər­də rast gəlib. Dərd­lə üz-üzə çıxıb. Bəlkə də bu dərd onu kişi­dib, qov­layıb. Sonrakı sətirlər bu iki sözün nə qədər ye­rin­də işlədildiyini yeni bir qüvvətlə təsdiq edir.

Bülbül niyə gəlib? O, "Gül havasına gəlib". "Gül so­ra­ğına" deyilsəydi, bu qədər qüvvətli çıxmazdı. Hava - sev­da mə­nasında olduğundan hadisəyə əlavə bir in­cə­lik verir, söz ikinci bir məna kəsb edir. Bülbül ya­rı­nın qoxusunu havadan almışdı. Bülbül "hələ qış idi gəldi". Hələ - bu söz nə yeni, nə də dərin məna ilə do­lu sözdür. Lakin burada, belə bir yerdə onun necə iş­lədildiyinə diqqət verin! Görün dörd səsdən ya­ran­mış bir söz nələr ifadə edə bilər: "Hələ qış idi gəl­di". Bir anlığa hələ sözünü buradan götürün. "Qış idi gəldi". Bu cümlə beləliklə də çox ifadəlidir. Qış­­­da bülbül gəlməz. Onun gülə olan məhəbbəti nə qə­dər böyükdür ki, bülbülü qışda gəlməyə məcbur et­miş­dir. Bu belədir! Lakin "Hələ qış idi" cümləsinə ba­xın. Hələ sözü bura nə əlavə etmişdir? Hələ qış idi. Qar­şıda yaz var. Bül­büllə gülün məhəbbət dəmi var. An­caq həsrət, böyük in­ti­zar o qədər güclüdür ki, bül­bü­lün gözləməyə tabı yoxdur. O, fə­sillərin qanununa ta­be olmayıb hələ qış ikən gəl­miş­dir.

"Üstümə vaxt daraldı" kimi ifadəyə baxın, ya "Dərdim baş­dan oyandı". "Dərdim məni mələdir". Bu sətirlərdən bi­zə məlum olan adi sözlər necə sənətkarlıqla iş­lən­miş­dir. Biz "axşamın bu dar vaxtı" deyirik. Burada, üs­tümə vaxt da­ral­­dı deyəndə, atomun daxilində olan qüv­və öz çərçivəsini qırıb çıxanda heyrətli bir qüv­vət kəsb etdiyi kimi, söz də öz daxili enerjisini hə­rə­kə­tə gətirmiş, sarsıdıcı bir təsir qüvvəsi qa­zan­mış­dır. Axşamın dar vaxtı müəyyən bir vaxt ifadə edən sözdür, "Üstümə vaxt daraldı" - bədii obrazdır. Sö­zün qüdrəti də burdadır. Onu obraz, bədii bir fakt elə­yən də budur. "Dərdim başdan oyandı" ifadəsi di­lin rən­garəng məna çalarları ilə nə qədər zəngin ol­du­ğu­nu göstərir. Burada yenidən, təzədən, bir də sözlərini iş­lət­mək olardı. Lakin bu sözlər başdan sözünün yerini verə bil­məzdi. "Başdan" deyəndə bu dərdin uzun bir yolu ol­du­ğuna inanırıq. Bu yol iztirablıdır. Onu yenidən get­mək qorxusu bizdə hə­zin bir kədər, bir nigaranlıq do­ğurur. "Dərdim məni mə­lə­dir" - fəryad yox, coşğun bir həyəcan yox, mələmə! Quzu kimi aciz, köməksiz bir var­lığın iniltisi.

Xoyratlar, manilər içində yalnız bizim ba­ya­tı­la­ra deyil, bir-birinə bənzəyənləri də vardır. Bu da tə­bi­idir. Bu poetik miniatür­lər həyatdan, mübarizədən, ümid­siz­lik­dən, sevincdən, intizardan, bir sözlə, in­sa­na məxsus duy­ğu­lar­dan yaranmış, onların bədii ifa­dəsidir. İctimai pil­lələrdə bir-birinə yaxın olan insanların mübarizə, arzu və məqsədlərində bir ya­xınlıq vardır. Yaxın milli köklərə, müəyyən züm­rə­lə­­rə mənsub olan insanların kefi və arzuları, möh­nət və sevincləri bütün fərqliliyinə bax­ma­ya­raq, bir-bi­rinə oxşayır. Kərkük xoyrat və manilərinin çoxu, bö­yük bir əksəriyyəti kədərlidir. Hicrandan, in­ti­zar­dan, ələm və kədərdən, ömrün, günün ağırlığından gi­ley­dir:


Ölməyəydim görəydim,
Bir də gözüm dolusu.

Nə gözəl, nə təravətli, nə qədər mənalı ifadədir. "Ağız dolusu", "qulaq dolusu" ibarələri bizdə iş­lə­ni­lir. Bura­da­kı gözüm dolusu ifadəsi bir tərəfdən do­yun­ca, istədiyim qə­dər, bəs deyincə mənası verdiyi ki­mi, bir tərəfdən də ha­di­sə­nin tarixini bizə hiss et­di­rir.

Bəzən adi sözün ifadə şəkli onun daxili təsir qüv­və­si­ni qat-qat artırır. Bir söz, iki söz ətraflı bir cümləni əvəz edir:

Dağlar dağladı məni
Görən ağladı məni.

Burada "dağladı məni", "ağladı məni" sözləri dolğun, ge­niş bir cümləni əvəz edir. Hələ "dağlar dağladı" iba­rəsindəki qüv­vətə fikir verin. Dağlar elə günləri ya­da salmışdır ki, insanın ürəyini yandırmışdır.
Elə manilər - bayatılar vardır ki, adam onları oxu­yanda hündür bir dağa qalxmış kimi həyəcandan, tə­sirindən nə­fə­sini dərmək, köksünü yenidən hava ilə dol­durub, duyduğu bədii zövqü canına yaymaq istəyir. Ad­sız aşığın kədəri qarşısında hörmətlə sükut et­mək istəyir:


Mindim Nuh gəmisinə,
Qorxum var gəmi sına.
Fələk biçinçi salıb
Ömrümün zəmisinə.

Uzun illər dilini, adət və ənənələrini zalım ögey ata­dan yetim qoruyan ana kimi qorumağa məcbur olan, ic­timai və milli bərabərsizliyin ağır möhnət yükünü çə­kən bir xalq, könül tərcümanı duyğularını, ümid və gi­leylərini belə ifadə etməsin, neyləsin? Xoyrat və manilərdə, həm də onlarla müqayisə etmək məq­sədilə yenidən təkrar-təkrar oxuduğum ölməz bay­a­tı­la­rı­mız­da elə ifadəli sözlər vardır ki, onlar ye­rin­də səliqə ilə, məna xətrinə, üslub gözəlliyi xət­ri­nə, az sözlə çox şey ifadə etmək üçün işlədilsə, ədəbi di­li­mizi xeyli zən­gin­ləş­dirə bilərik.

Misal gətirdiyim xoyrat və manilərdə, ba­ya­tı­la­rı­mız, şikəstələrimiz, ağılarımızda, bir sözlə, folk­lor ədəbiy­ya­tının yaxşı nümunələrində belə sözlərə çox rast gəlmək olar. Bunları saymağa, misal gə­tir­mə­yə ehtiyac yoxdur. Qram­mer qaydalarını bilmək azdır. Sö­zü duymaq lazımdır. Elə hallar olur ki, "söz"lə "kəl­mə"ni qarışdırırlar. Yeni söz demək tələbini ye­ni kəlmə yaratmaq tələbi kimi başa dü­şür­lər. Bir hal­da ki, yeni söz daha geniş, daha dərin məna­lı­dır.

Bu yenilik tələbi yalnız kəlmənin, yəni məhdud mə­na­da sözün yeniliyi deyildir. Bu, fikir, ifadə ye­ni­li­yi, idrak və təsvir, tərənnüm yeniliyi deməkdir. "Yeni söz" məfhumu yeni "kəlmə"ni öz içinə ala bilər, lakin heç bir zaman elə dar bir çərçivəyə qısılıb qala bil­məz. "Sözün var, söz danış!" dedikdə, heç də kəlmən var de­mək istəmirlər. "Fikrin var, rəyin var, bu və ya di­gər məsələyə əlaqən, baxışın nədir?" demək is­tə­yir­lər.

"Araya söz düşdü", "Adına söz çıxdı", "Mən də sö­zü­mü de­yim" və sairə sözü kəlmə ilə qarışdıranların ya­nıl­dıq­la­rı­nı aydın göstərir.
Lakin biz sözün məhdud mənasında kəlməyə də bəzən l­a­zım olan diqqətlə yanaşmırıq. Xalqın söz xə­zi­nə­si­ni zən­gin­ləşdirən bəzi kəlmələrlə ata malını da­ğı­dan fərsiz oğullar kimi rəftar edənlər də vardır.

Qədimdən bəri dilimizin ahəng və qanununa uyğun, el ara­sın­da işlənən, dilimizin üzvi fərdi olan ne­çə-neçə kəl­mə­ni harda, kim isə belə danışır, bu söz­lə­ri işlədir, deyə, nöyüt­lü qarğaya dön­də­rib, dildən, ya­zıdan qovmuşuq. Bu işdə canfəşanlıq göstərən mü­ca­hidlər rus dilinə yaxşı diq­qət etsələr, faydalı olar. Rus dili quruluşuna, onun lüğət tərkibinə nə qə­dər qayğı, elmi müdrilik ilə yana­şıl­dı­ğı ibrətli bir örnəkdir. Vaxtilə rus dilinə daxil ol­muş, bu dil­də vətəndaşlıq hüququ qazanmış bir sıra al­man mə­xəzli, alman köklü sözləri atmaq, ya dəyişmək Böyük Və­­tən müharibəsinin ən qızğın günlərində alman fa­şist­lərinə qarşı ümumi xalq nifrətinin ən alovlu, qə­zəbli vax­tında belə, heç kəsin ağlına, dilinə gəl­mir­di. Çünki dilin yiyəsi bir ovuc avantüristlər, ca­ni­lər deyil, xalq­dır! Fitnəkarlar, canilər məhv olub ge­dir. Xalq qalır. Xal­qın dil sərvəti qalır. Bizdə isə, görürsən, xalq qar­şı­sın­da heç bir məsuliyyət duy­ma­yan adamlar, mənşəyi doğma dilimizdən götürülən ne­­çə-neçə sözü, kəlməni "uf" demədən, dildən qoparıb atır­lar. Bəzən də biz konkret təfəkkür for­ması olan di­­limizdə mövcud bəzi kəlmələri elələri ilə əvəz edi­rik ki, onları işlətməyə utanırsan.

Geniş mənada sözü yerində, maksimum ifadəli, dü­zü­­­mü­nün ən yaxşı cəmində işlədə bilmək sə­nət­kar­lı­ğın­da folk­lorumuzdan çox şey öyrənmək olar.

Xoyrat və manilərdə bu baxımdan zəngin nümunələr var­dır.

Kərkük xoyrat və manilərini tərtib edən cənab Tər­zi­başı, demək olar ki, hər xoyratın, hər maninin - ba­ya­tı­nın bir sıra sözlərinə izah vermişdir. Bu izah­lar türkdilli iraqlıların əsl ata-baba dili ilə bu­gün­kü ədəbi dili arasında böyük fərq olduğunu gös­tə­rir. Aşağıdakı mi­sal­lar buna aydın sübutdur. Bu­ra­da qeyd etdiyim sözlərin bi­rin­­ciləri folklorda - xalq ara­sında işlənən sözlər, sonra gələn sözlər isə Tər­zi­başının izah etmək məqsədilə gətirdiyi sözlər, on­la­rın müasir deyiliş formasıdır.

Təkin - kibi, toy - düyün, nişanlı - yavuqlu, dişlə - isır, yaylıq - məndil, hənək - şaka, xiyar - salatalıq, tap­dım - bul­dum, itirdim - qeyb etdim, qocaldım - ix­ti­yarladım və sairə. Bəzən bu izahlarda sözlərin an­la­şılmazlığı da gö­rü­nür. Məsələn: "qonaq" sözü "meh­man" kimi izah edilmək əvə­zi­nə "qonmaq" kimi izah edi­lir.

Hörmətli oxuculara təqdim etdiyimiz Kərkük xoy­rat və maniləri beş min misraya yaxın parçalar içə­ri­­sindən seçilmişdir. Bu xoyrat və manilərdə təhlil olun­malı, izah və şərh olunmalı çox cəhət vardır. Bu, gələcəyin işidir. Bununla müvafiq sahədə çalı­şan alimlərimiz məşğul ol­ma­lıdırlar. Məsələn, çox maraqlıdır ki, klassik ədə­biy­ya­tı­mızda, Füzuli şe­ri­ndə rast gəldiyimiz neyşə forması bu xoyrat və ba­yatılarda da vardır. Bu söz Həbibi vətəni Bər­gü­şad dolaylarında, Boyat, Türkəçi, Çiyni kəndlərində in­di də bu şəkildə işlənir. Həkət sözünü oxuduqda mən kəndimizi xatırladım. Orda işlənən "Yaxşı sö­zə, həkətə düşdük" kimi ibarələr yadıma düşür. Bu, xoy­ratlarda işlənən tobalı, qulunc, dombalan (yer al­ma­sı), budamaq və bu kimi sözlər bizim geniş camaata mə­lum olan və məhz bu şəkildə tələffüz olunan söz­lər­dir.

Kərkük xoyrat və maniləri elə sənət abidəsidir ki, həs­sas qulaq onlarda qəlbimizə munis olan çox şey du­yar, həssas ürək bu nadir inciləri yaradan xalqın dü­ha­sına dərin minnətdarlıq hissi ilə çırpınar.


1961