SƏNİN ADIN
Sənə Qarabağ dedilər,
Bəlkə "qara bax!" dedilər,
dağlarında
yaylayan qarına görə
Bəlkə "Qara bağ" dedilər,
kölgəli bulaqlarına görə.
Bəlkə
dodaqları susuzluqdan
cadar-cadar yolçu,
ətəyində duman sürünən,
ağ zirvəsi arandan görünən
Kirsə baxıb,
həsrətlə, ümidlə
dedi: - Qara bax!
Qara bax!
O gündən adın qaldı
Qarabağ.
Adın qədimdir,
xalqımın mübarizə tarixi kimi.
Nəğmələrin
qürurla doldurur qəlbimi.
Ömrün yollarında arzuları yağır olmuş,
möhnətdən, dözümdən
qarabağır olmuş,
alnı açıq, üzü ağ yaşayan,
Səksəkəli ürəyində
arzusunu, ümidini daşıyan
insanlar dedilər:
"Silinsin tarixdən
nəsillərin qara baxtı!"
Gözəllər gözəli,
Qarabağım mənim!
Nənəmin köçəri yolları,
babamın çirməkli qolları,
elin neçə igid oğlu, qızı
səndə olub,
yenə neçə qəhrəmanı səndədir.
Neçə şirin nəğmənin dadı, duzu,
göy ulduzu, yer ulduzu
sinəndədir
Qranitə dönmüş qoşası da,
Tək-tək qızılı da,
Tanıyır adam
qanadlı şahini də,
adı nəğməyə dönmüş
qızını da.
Qəlbimdəsən, gözümdəsən
hara gedim, hara baxım,
Mənim doğma Qarabağım!
Qarabağım!
1970