Electron kitabı

 

 



Bir kitabda üç avtoqrafın sevinci
09.04.2010

Mənəvi xəzinəmiz olan S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qayğı ilə mühafizə olunan, yaradıcı şəxsiyyətlərimizin şəxsi fondlarının zaman-zaman, ilbəil sayı artır. Sabaha bugünümüzün sənətkarlarından qiymətli xəzinə-yadigar hazırlanır. Fondun təşkilində əməyi olan yaradıcılarımızdan elə insanlar var ki, onlar dünyanın ən aparıcı təşkilatlarında çalışarkən belə, bu sahədə fəaliyyət göstərməyi unutmur, unudulmaz insanlarımızın yaradıcılıqlarından nümunələri toplayır və təbliğ edirlər. Əsl vətəndaş, vətənpərvər ziyalı, görkəmli ictimai xadim Ramiz Abutalıbovun mənəvi xəzinəmizdə şəxsi fondu 20 il bundan əvvəl yaradılıb. O illərdə Ramiz müəllim Avropa və Şərq ölkələrində mühacir həyatı yaşamış soydaşlarımızın ədəbi, mədəni irsini toplayaraq, onların şəxsiyyətlərini də dərindən öyrənərək, irslərinə aid nümunələri Azərbaycana gətirməklə ciddi məşğul olub.

Bu günlərdə Moskvadan Vətənə gələrkən təxminən yüz əlliyə qədər tarixi sənədi özüylə gətirən Ramiz Abutalıbov 648 saylı şəxsi fondundakı sənədlərin sayını xeyli artırıb. Hər dəfə onunla görüşəndə tarixi sənədlərlə yanaşı, uzun illər ərzində ona verilmiş hədiyyə avtoqraflı kitabların da üzərinə yenilərini əlavə edir.

Yenicə təqdim olunmuş sənədləri ekspertizadan keçirib, elmi siyahısını tərtib etmək müəyyən vaxt istəyir. Lakin sənədlərlə yanaşı, avtoqraflı kitabları nəzərdən keçirərkən gördüklərimiz sevincimizi daha da artırdı. Ədəbiyyatımızın böyük nümayəndəsi, xalq şairi Rəsul Rzanın 3 mart 1971-ci ildə Ramiz Abutalıbova bağışladığı “Ya – zemlya” (Moskva,1965) kitabının titul vərəqinə yazdığı avtoqraf diqqətimizi cəlb etdi. Ramiz müəllimlə 4 aprel 2010-cu ildə baş tutan görüşümdə o mənə kitaba avtoqrafı yazılan daha iki şəxsiyyətin adını çəkərək dedi:

– Bu il böyük şairimiz Rəsul Rzanın anadan olmasının 100 illiyi tamam olur.

3 mart 1971-ci ildə Rəsul müəllim mənə verdiyi “Ya – zemlya” kitabının titul vərəqində belə bir avtoqraf yazdı: “Ramiz Abutalıbova xoş arzularla”. Ancaq bu kitabda iki bəşəri sənətkarımızın da avtoqrafları var: Toğrul Nərimanbəyov və Səttar Bəhlulzadənin”.

Sonra Ramiz müəllim dərindən köksünü ötürdü. Özünəməxsus təmkinlə dillənərək, bu iki sənətkarın kitaba çəkdikləri eskizlər barədə bunları söylədi:

– Keçən yüzilliyin 70-ci illərinin ortaları idi. Bakıdan Moskvaya təyyarə ilə ezamiyyətə gedirdim. Təsadüfən yanımda, ikinci salonun birinci sırasında görkəmli rəssamlarımız Toğrul Nərimanbəyov və Səttar Bəhlulzadə oturmuşdu. Yol boyu Rəsul müəllimin şeirlərini oxuyurdum. Birdən Toğrul kitabı məndən aldı. Kitabdakı bəzi şeirlərə illüstrasiyalar çəkdiyini görəndə heyrətləndim. Az sonra kitabı mənə qaytardı. Kitabda yazmışdı: “Toğruldan Ramizə yadigar. Bakı-Moskva, hündürlük 70000 metr”. Bu vaxt Səttar müəllim yatırdı. Moskvaya çatanda oyandı. Səttar müəllim də tez kitabı məndən aldı. Kitabın son səhifəsində Səttar müəllim də öz avtoqrafını ərəb əlifbasında yazdı və mənə qaytardı...

Qırx ilə yaxın müddətdə həmin kitabı və oradakı avtoqrafları, rəsmləri böyük ehtiramla qoruyub saxlayan Ramiz Abutalıbov onu sevgili oxuculara çatdırmaqla böyük sənətkarlarımıza münasibətdə olduqca qədirbilənliklə davranıb. Ramiz Abutalıbovun isə şəxsi arxivində olan yüzlərlə qiymətli sənədlərin əhəmiyyətini mütəmadi olaraq xalqa çatdıracağıq. Fürsət düşmüşkən, Ramiz müəllimə bir daha dərin təşəkkürümüzü bildiririk ki, xalq şairi Rəsul Rzanın 100 illiyinə həm öz adından, həm də bizim vasitəmizlə qiymətli bir töhfə verdi.

Maarif TEYMUR