[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Şeirlər

 

 

QIZ QALASI



Qız qalası,
Bakının,
daşdan keşikçisidir,
yüz illərdən yadigar;
Tənha, sakit dayanıb.
Hərdən buludlar axır,
durna qatarı kimi;
sallanırlar üfüqdən.
geniş, mavi göylərin
gümüş hasarı kimi.
Qala, sakit dumandan
sıyrılan daş qayadır.
Xəzər hərdən çırpınır,
yaralı durna kimi
hərdən sakit xay olur.
Qala sakit dayanıb.
Üstündə göygöz səma,
ulduz-ulduz çiçəkli
Ətəyində göy dəniz
dalğalarla bəzəkli.
Bu gün xəzri ulayır,
Qürubun fırçasıyla
üfüqdən sahilətən
Xəzər oda boyanıb;
Dalğaları alovdan
dil-dil fəvvarələrdir.
Qalxır, yubanır, enir.
Qala sakit dayanıb.
Qalanın ətəyində
iki qoca oturub
Gah qalaya baxırlar,
gah dənizə.
Onların söhbətindən
söhbət açıram sizə.
Biri deyir:
Görəsən, bu qala
kimdən qalıb?
Daşları oyum-oyum.
Rəngi belə qaralıb.
İkinci qoca deyir:
Bu qalanın qəribə
neçə hekayəti var
Qarışıb bir-birinə
Həqiqətlər, yalanlar.
Yazılarda yayılıb
nə qədər söz-söhbəti
Ağıl kəsən, inamlı
belə biri də vardır;
doğruya çox uyardır.
Eşitmişəm babamdan
yetmiş il bundan qabaq.
Deyirdi: - Biri varmış,
biri yox.
Bizim qədim Bakıda
Xan Dəmir adlı qoçaq
məşhur bir xan var imiş.
Yetmiş kəndi, obanı
hökmündə saxlar imiş.
Onun Durnaxan adlı
gözəl-göyçək bir qızı,
Yaşılbəyim adında
bir arvadı da varmış.
Gözünün ağ-qarası
Bircə qızmış övladı.
Xan bu durna gözələ
verib Durnaxan adı.
Durna xurmayı saçlı
alagöz bir qız imiş;
ox atmağa həvəsli,
at çapmağa alışmış
Axşamlar, göy Xəzərin
sahilinə gələrmiş.
Sulara qulaq asar,
könüldən dincələrmiş.
Deyirmiş ay, sən çıxma,
mən çıxım.
Səhər günə deyərmiş:
Gün sən çıxma, mən çıxım…
Xan yeganə qızını
Yaman əzizləyərmiş.
İstidən qoruyarmış,
küləkdən gizləyərmiş.
Yaşılbəyim də qıza
baxıb, fərəhlənərmiş.
Özü quymaq bir gəlin.
Mərcan dodaq, incə diş.
Yaşılbəyim, deyirlər,
Qarabağlı qızıymış.
O da xan atasının
bircəsi, yalqızıymış.
Deyirlər, Durnaxanın
sırma saçları varmış,
hər baxanı bu gözəl
dərhal ovsunlayarmış.
Durna birdən görünsə
Ay girərmiş buluda,
Gün də xəcalətindən
istərmiş rübənd tuta.
İl boyunca bahar, qış
bu saraydan səməni
bir gün əskik olmazmış.
Məhəbbətin, baharın
rəmzi imiş səməni;
çağırarmış ülfətə,
bahara hər görəni.
Durnanın gözlərinə
çoxları vurğun olub
Neçə igid həsrətdən
yanıb-yanıb qovrulub.
Durnaxanın sorağı
dolaşıb dildən-dilə.
Durna sevindirməyib
aşiqlərdən heç kəsi
könül məhəbbətiylə.
Durnanı anasıyla
hər kəs görsəydi bir an
Deyərdi: - "Bir almadır
tən bölünüb ortadan".

Hər əziz novruz günü,
xana neçə ölkədən
hədiyyələr gələrmiş,
nələr, nələr gələrmiş,
mirvari, qızıl, gümüş,
əlvan Təbriz tirməsi,
zərli Dərbənd döyməsi,
caydaq kəhər ürgələr -
Qarabağ yetirməsi.
Süfrələr açılarmış.
Hər gün xanın evində
Dəvələrin yükünə
deyir, gücü çatmazmış,
buynuzlu ağ divin də.
Löyün-löyün xörəklər:
meyvə, halva, xam şəkər,
Qab-qacaq qızıl, çini.
Deyir, saya gəlməzmiş
Desən yüzdə birini.
Saysız kölə, qaravaş
xidmət elərmiş xana.
Ağır zəhmət içində
qərq olub tərə-qana.