[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Şeirlər

 

 

QIZ QALASI



Bir gün xanın evində
yaman vay-şivən qopur.
Durnanın göz yaşları
yanağından süzülüb,
daşa, torpağa hopur.
Üç gün çəkir azarı
xəstə Yaşılbəyimin.
Qara rəngə boyanır
bütün saray əhlinin
zər-zibalı geyimi.
Gözü yaşlı Durnaxan
o gündən yetim qalır
Solur ala gözləri,
lalə rəngi saralır.
Durna yorğun başına
qara atlaz bağlayır.
Gecə-gündüz dincəlmir,
ana deyib ağlayır
Qəzəbli xan
Xan Dəmir
Yeddi gün, yeddi gecə
su içmir, yemək yemir.
Xan görür qızı Durna
əriyir xiffətindən
Durna ona əzizmiş
bütün var-dövlətindən
Deyir:
- Qızım, neyləyək
görünür budur qədər
Nə olduya çarə var,
nə öldüyə, deyərlər.
Bir arzunu de mənə,
Müşkül olsa da, yenə
eləyim canla, başla,
Qızım, unut demirəm,
bilirəm mümkün deyil…
Ancaq ki ürəyinin
bu ağır qəmlərini
bir az ovut deyirəm.
Bu ata sözləriyçün
Durna, məni bağışla!
Durna deyir: - Xan ata!
Burda, ləpədöyəndə
Hündür bir qala tikdir;
Başı göylərə çatan.
Ətəyində Xəzərin
ləpələri oynasın.
Mən qalanın başından
hər gün, hər axşam, səhər
görüm necə oynayır
qırçın-qırçın ləpələr.
Dənizin nəğməsinə
doyunca qulaq asım.
Xan deyir: - Arzuların
doğrulacaqdır, qızım.
Sən istədiyin qala
Xəzərin sularında
qurulacaqdır, qızım.
Adamlar göndərilir
bütün Azərbaycana;
Dörd tərəfə, dörd yana.
Neçə şəhərə, elə
Təbrizə, Səbayelə,
Şamaxıya, Dərbəndə,
Qəbələyə, Bərdəyə,
Şəkiyə, Naxçıvana
Qədim Örənqalaya,
Marağaya, hər yana
Çağırışa çox sənətkar,
çoxlu daşyonan gəlir.
Çox təcrübəli usta,
çoxluca cavan gəlir;
hər ustanın yanında
yetmiş yeddi şagirdi,
qul-qaravaş da gəlir.
Səbayel şəhərindən,
cavan Uğurla birgə,
yeddi qardaş da gəlir.

Uğur ustabaşıymış,
Yonqar-yonqar yonduğu
sərt Səbayel daşıymış.
İşə başlayır hamı
Təcrübəli ustalar,
Fəhlələr izdihamı.
Uğur düzənlədikcə
sərt Səbayel daşını,
nəğməylə səsləyirmiş
öz altı qardaşını.
Uğur işləyən yerdə,
hər gün qala divarı
bir xan arşını qədər
enlənər, yüksələrmiş
Durnaxan da hər səhər
tikintiyə gələrmiş.
Gördükcə qaynar işi,
Uğurun dodağında
pöhrələnən gülüşü,
Dərddən bir az ayrılır,
könüldən dincələrmiş.
Bir gün, iki gün belə…
Qalanın divarından
kölgə düşdü dənizə,
kölgə düşdü sahilə.
Durna görürdü necə
sürətlə usta Uğur
daşlara sığal çəkir,
düzür, üst-üstə yığır.
Uğur divarı hörür,
tez-tez Durnaya baxır,
ləngiyirdi, çaşırdı
Daşlar düşmür yerinə,
düzümündən aşırdı.
Uğur birdən ayılır,
baxıb gülümsəyirdi
Daş yaxşı yonulmayıb
heç düz gəlmir deyirdi.