QIZ QALASI
Qalada Durnaxanı
görmədi, necə işdi.
Elə bil gözlərində
bütün aləm dəyişdi
Bir qıy vurdu hardasan,
bir cavab ver, Durnaxan…
Göydən qara buludlar
axışdı karvan-karvan.
Dəniz üstü yolunda
bir an yubandı Uğur
Köpüklü bir dalğada
birdən dayandı Uğur.
Qəlbində yavaş-yavaş
şübhə artdı, böyüdü.
Gördü dəniz qaraldı,
indicə gömgöy idi.
Qara şübhə qəlbindən
asıldı - bir qara daş.
Məhəbbətin atəşi
soyudu yavaş-yavaş
Deyir: - Yəqin sevməyir
artıq Durnaxan məni.
Yəqin saralıb, solub
saraydakı səməni…
Qəlbindəki inamı
bir anda ləkələndi
Qəlbinə ümidsizlik
qara bulud tək endi.
Könlündə qanadlanan
inam şöləsi söndü.
Ayağının altında
yumyumşaldı dəniz.
Sular bir muma döndü.
Hər dalğa parçalandı,
axırı quma döndü.
Sular üstündə qərar
tutmadı ayaqları
Artıq qanadlanmağa
qalmadı intizarı.
Köpüklü dalğalarda
suya qərq oldu Uğur.
Məhəbbətsiz-qanadsız
batdı, boğuldu Uğur.
Yorğun Durna qalada
görünəndə bu zaman
Uğur artıq yox idi.
Dalğalarda bircə an
Durnanın yadigarı
ipək yaylıq göründü.
Bir an keçmədi o da
dumanlara büründü.
Durna dərin ah çəkdi,
atdı suya özünü
"Uğur gəldim dalınca!" -
söylədi son sözünü.
Qala sakit dumandan
sıyrılan bir daş qaya…
Xəzərin sinəsində
çarpır dalğa dalğaya.
Xəzri coşur, ulayır…
Səhərin fırçasıyla
üfüqdən sahilətən,
Şubanı dağlarından
Qədim Səbayelətən
Xəzər oda boyanıb.
Fırtına aslanlaşıb.
Dalğaları alovdan
Dil-dil fəvvarələrdir.
Qalxır, yubanır, enir,
Qocanın söylədiyi
Bu qədim hekayəti
zaman illər içində
unutdurur, əridir.
Yazdım eşitdiyimi
aciz qələmimlə mən.
Hanı böyük Şekspir,
bu qəmli hekayəti
qüdrətli qələmiylə
canlandırsın yenidən.
Göyçay, sentyabr-oktyabr, 1980
|
|
|