GÖRÜŞ
Səkkizinci şəkil
İnsan -
Üzəri insan dolu
Planetim mənim.
Ulduzlar içində ilk vətənim.
Yolu başlanğıcsız, nəhayətsiz, təkrarsız
yığın-yığın, işıq ilindən keçən
ilk insan yurdu.
Qoynu həyatla isinmiş məskənim,
planetim mənim!
Nə fəzadan sənə baxdığım olmuşdu,
nə başına dolandığım.
Nəsildən-nəslə şirin bir xatirə kimi keçib.
göylərində qanad çalmaq həsrətiylə yandığım.
Nə ulduz kimi göylərində axdığım olmuşdu,
nə kosmik günəşində alovlandığım.
İlk dəfə qoynunda qışqırmışam
bir bədəndən ayrılıb
yeni bir canlı olduğum zaman.
İlk dəfə sənin qoynunda
ayaq üstə dayanmışam;
mən sənin övladın - İnsan!
Günəşi sən göstərmisən mənə
öz başına hərlənə-hərlənə.
Ulduzları sən göstərmisən mənə,
ulduzlardan sən ayırmısan məni;
axşamlana-axşamlana,
səhərlənə-səhərlənə.
Adım - İnsan,
İşim müxtəlif
Məqsədim müxtəlif.
Keçdim sınaqlardan, mübarizələrdən,
gah yıxılıb, gah dikəlib.
İlk evim, ilk yurdum,
planetim mənim!
Suyun - ana südü,
havan - ana nəfəsi,
Qoynun ilk beşiyim kimi,
əziz olsa da mənə,
əsr-əsr həsrətlə, ümidlə
baxdım göylərinə.
Çırpındım, qanadlı quşları görüb.
Həsrətim, arzum bir ağrıya döndü,
göydə ulduz qatarı görüb.
İlk beşiyim sən idin, doğrudur, ancaq
necə əziz olsa da,
beşikdə kim əbədi qalıb,
kim qalacaq?
Neçələri qanadlanıb
ayrılmaq istədi sinəndən.
Çəkdin qüvvətlə onları geri.
Yolumda keçilməz sədd oldu,
vaxtın sonsuzluğu,
məkanın tükənməz pillələri.
Lakin bilirdim gələcək o gün.
ayrılacaq sənin çəkim hasarından,
qalxacaq fəzalara
adını iftixarla deyib, öyündüyün
İnsan.
İnsanlıq tarixində
bu səadət
ilkin mənim baxtıma düşdü.
İlkin qalxdım,
çıxdım ulduzlar yoluna
arzular dünyasından;
Xəritəsində
Dörd qızıl hərf yazılı
SSRİ-dən.
Agah olum deyə
bu günəcən, açılmamış sirdən
gözlərimi yumdum, açdım,
mənə elə gəldi ki,
görünməz qollarınla qucaqladın məni.
Bir anmı, uzun bir zamanmı,
ağır təzyiq altında saxladın məni.
Qucaqladın məni
balasından ayrılmaq istəməyən
ana kimi.
Sıxdın məni, sıxdın,
gözlərim qaralana kimi.
Sonra yolumu işıqlı görüb:
-Get! - dedin.
Boşaldı qolların,
İtirdim çəkimi.
Oldum quş lələyi kimi.
Açıldı qarşımda
ulduz yolları.
Lakin səndən ayrılmadım.
Sanki bir səs eşitdim:
"Soyuq fəzaların yolçusu insan!
Yerin istisini qəlbində saxla!
İndi milyard-milyard Yer vətəndaşı,
sənə baxır ümid, sevinc, maraqla".
Mən də sənə baxdım,
qəlbimə fərəh gəldi,
torpağa bahar gələn kimi.
Baxdım sənə heyran-heyran.
Nə gözəlsən, planetim mənim!
Nə qəşəngsən,
kosmik buludların mavi dumanında!
Nə əziz, nə mehribansan
fəzaları dolduran,
saysız aləmlər ümmanında!
İlk dəfə eyni vaxtda gördüm:
sahilsiz okeanını da,
qarlı dağlarını da.
İlk dəfə gördüm
gündüzlə gecəni ayıran dodaqlarını da.
Elə bil, ovcumda tutmuşam səni.
Baxıram maraqla, heyrətlə.
Günlərin, fəsillərin gəlib keçir
ayağımın altından
təsəvvürə sığmayan bir sürətlə.
İlk dəfə səni belə böyük, belə əzəmətli,
belə tənha görürəm.
Qəlbim dolur riqqətlə.
Anam mənim, Yer!
Ulduzlar aləmində sorsalar məndən,
bütün insanlıq adından
iftixarla: - Mən Yer oğluyam! - deyərəm, -
Yerdə bir Yerlər Yeri var,
ordanam, səhər oğluyam, - deyərəm.
Nə gözəlsən anam - Yer.
Ayrıldığım bir saat deyil,
həsrətinlə ürəyim yanır.
burnumun ucu göynəyir,
Yaman səni görəsim gəlir!
Qoynuna həsrət çəkirəm.
İstinə, soyuğuna həsrət çəkirəm.
Həsrət çəkirəm quş nəğməsinə,
körpələrin səsinə.
Radio dalğaları
ulduzluğa alqış şimşəkləri yayır.
Qoynundan gələn insan səsi
mənə doğmadır, əzizdir.
Məni alqışlayan
xalqımı alqışlayır.
İnsan əməllərinin gözəlliyi
bizim gözəlliyimizdir.
Bilirəm, sən varsan,
yolum var geriyə.
Mənə elə gəlir ki,
yüz min illik olsa bu yol,
yenə keçərdim onu yorulmadan,
həsrətinlə sürünə-sürünə,
yeriyə-yeriyə.
Üzümü qoyardım
ən adi, tozlu torpağına
-Yurdum! - deyə,
-Anam! - deyə.
Mən sənin oğlunam,
yerdə köləlik zəncirini,
göydə imkan hasarını
qıran
İnsanam! - deyə.
Planetim mənim!
Göylərin əsrarlı gözəlliyi
heyran qoydu məni.
Sən hamıdan gözəlsən,
Planetim mənim!
Sən - böyük qəlbli,
İnsan Vətəni!
 |
 |
|