[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

GÖRÜŞ
Sək­ki­zin­ci şəkil



Səma - Dünya dəyişmişdir, İnsan. Müharibə qurtaran il anadan olan uşaqlar bu gün özləri ata, ana olurlar. Dünyaya yeni nəsil gəlmişdir. Gözünü açıb məni - Səmanı açıq-aydın, təmiz görmüş nəsil! Körpə bir qızın sözləri məni sarsıtmışdı. İnsan, yadındamı?
Qız səsi (ağlamsınaraq) - Ana, gəl elə yerə gedək ki, orda səma olmasın.
Səma - Bu günün uşaqları ayrı sözlər deyir, İnsan.
Uşaq -
Həmişə Günəş olsun,
Həmişə Səma olsun.
Həmişə Anam olsun,
Həmişə Mən olum.


Səma - Eşidirsənmi, İnsan! Həmişə Səma olsun.
İnsan - Elədir, Səma. Mən sənə bir ailənin əhvalatını danışmaq istəyirəm. Sevil 45-ci il mayın 9-da anadan olmuşdu.
Səma - Sevil anadan olan gün mənim qoynumda əlvan fişəng-lər partlayırdı, insanlar qələbəni bayram edirdilər, dünyaya gələn körpələri, həyatı salamlayırdılar.
İnsan - Bəxtiyar Sevildən üç yaş böyük idi. O, gözlərini həyata açarkən ağlaşma səsi eşidib. İki böyük qardaşının qara kağızı bir gündə gəlmişdi. Ancaq bu gün Bəxtiyar keçmişin kədərli günlərini xatırlamır. O, gələcəyi düşünür.
Bəxtiyar - Sevil, bax, o ulduzu görürsənmi? O, karvanqırandır, bax, bu da çobanaldadandır.
Sevil - Bəlkə bugünkü mühazirənizi qurtarasınız, yoldaş astronom?
Bəxtiyar - Görəsən, dünyada ulduzlu göydən gözəl bir şey varmı, Sevil?
Sevil - Səninçün, bəlkə də yoxdur, başqaları üçün yəqin var.
Bəxtiyar - Ah, bağışla məni, Sevil, sevgilim, gözəlim. Əlbəttə, kainatda səndən gözəl heç nə yoxdur. Köhnə şairlərin dediyi kimi, mənim ulduzum da sənsən, ayım da. Mən ulduzlara ona görə vurğunam ki, bir gün onların qoynuna səninlə birgə gedəcəyik.
Sevil - Yəni, doğrudan da, bizim nəsil kosmik səfərləri gö­rə­cək?
Bəxtiyar - Mütləq. Görəcək yox, iştirakçısı olacaq.

Musiqi.

Qonşu - Səkinə bacı, gözün aydın, eşitdim bu gün Bəxtiyarın toyudur.
Səkinə - Hə, başına dönüm. Bu gün axşam hamınız gəlin. Səhərdən rahat ola bilmirəm. Zarafat deyil, a bala, gözümün ağı-qarası bircə oğlum var. (Ağır-ağır). Böyük qardaşları qayıtmadı. (Ağlayır). Gözümü bir buna dikmişəm, bala. Sonbeşiyimdir. Atasız böyütmüşəm onu. Bircə arzum onun toyunu görmək idi. Deyəsən, arzuma çatıram, axı. Yaşa-zada baxan deyiləm. Gərək bu gün doyunca süzəm.
Radio ilə verilən oyun musiqisi qəflətən kəsilir, radiosiqnallar eşidilir.
Səkinə (həyəcanla) - Allah, sən saxla, bu nədir belə? Lap dava vaxtındakı kimi çalır. Allah, sən saxla, bu nədi, belə, yoxsa, dilim-ağzım qurusun, yenə dava başlayıb? Qurban olum, Bəxtiyar, bu nədir, ay bala?

Radiosiqnalları davam edir.

Bəxtiyar - Qorxma, ana can, dayan, bu saat bilərik.
Səkinə - Yox, oğlum, səni verməyəcəyəm. İkisi getdi, qayıt-madı. Bəsdir, bala.

Radiosiqnalları davam edir.

Diktor - Dəqqət! Diqqət! Danışır Moskva! Sovet İttifaqının bütün radiostansiyaları işləyir. Bu gün 1961-ci il aprelin 12-də saat 11-də Sovet İttifaqında Yerin peyki orbitinə "Vostok" gəmisi çıxarılmışdır. Gəmini Sovet İttifaqının vətəndaşı, təyyarəçi-kosmonavt, mayor, yoldaş Qaqarin Yuri Alekseyeviç idarə edir.
Bəxtiyar - Ura!
Səkinə - Nə deyir, oğul!
Bəxtiyar - Deyir ki, ana, artıq biz, insanlar göyü fəth etməyə başlayırıq, deyir ki, Aya, ulduzlara uçacağıq.
Səkinə - Başıma xeyir! Nə yaxşı sözlər deyir, oğul!
Bəxtiyar - Deyir ki, Kainat, Səma bizim yolumuzu gözləyir.
Səma - Elədir, yolunu gözləyirəm, İnsan, gəl görüşümə!

Musiqi fonunda.