GÖRÜŞ
Proloq
Səma - Mən Səmayam. Eşidirsən
məni, İnsan? Gözlərini açan gündən
məni görmüsən.
İnsan - Elədir, Səma! Başımı
qaldıranda həmişə səni görürəm.
Səma - Elə adamlar var ki, İnsan, ömürlərində
dəniz görməyiblər. Onlar dənizlərdən
çox uzaq yerlərdə, hündür dağların
qoynunda yaşayırlar, yolları heç vaxt dəniz
tərəfə düşməyib. Elə adamlar var
ki, ucsuz-bucaqsız düzənlərdə yaşayırlar,
uca dağlardan bixəbərdirlər. Sarı qumlu səhralarda
yaşayırlar, yaşıl yarpaqlı meşələrin
nə demək olduğunu bilmirlər. İsti iqlimlərin
adamları üçün qarlı çölləri
təsəvvür etmək çətindir. Adam var ki,
ömründə gülə-çiçəyə rast
gəlməyib, adam var ki, ömründə şəlalə
görməyib. Ancaq mənsiz - Səmasız adam yoxdur.
Mən hər yerdəyəm, mən hamınınam.
İnsan - Elədir, Səma. Sən hamınınsan
və heç kəsin deyilsən. Sərhədlər
səni bölməyib, iqlimlər səni ayırmayıb
- sən həm Şərqinsən, həm Qərbin,
həm Şimalın, həm Cənubun.
Səma - Adam var ki, qədimdə yaşayıb,
indidən xəbəri yoxdur. Adam var ki, indi yaşayır,
gələcəkdən xəbəri yoxdur. Ancaq nə
keçmişdə, nə indi, nə gələcəkdə
elə bir adam olmayıb, yoxdur və olmayacaq ki, məndən
xəbərsiz yaşasın.
İnsan - Elədir, Səma. Sən əbədisən.
İnsanlar qocalır, insanlıq qocalır, sən dəyişmirsən.
Səma - İnsan, sən bu günün
övladısan, başını qaldırıb mənə
baxırsan, ancaq sənin ulu babanın ulu babası da
baxıb məni belə görüb.
İnsan - Səma, sənin həsrətin,
sənin məhəbbətin mənə babalarımdan
miras qalıb. Mən İnsan başımı qaldırıb
sənə baxdığım gündən vüsalının
eşqi ilə yanmışam.
Səma - Mən də sənə çoxdan
baxıram, İnsan. İşini, əməlini görürəm.
Sən torpağın üstündə doğulmusan.
Torpağın üstündə yaşayırsan. Torpağın
üstündə işləyirsən, ikiqat əyilib
yer şumlayıb, toxum səpir, quyu qazıb su çıxardırsan;
daşı-daş üstə qoyub ev tikmisən, öləndə
də səni anan torpağa qaytarıblar. Sənin işin
yerlədir, ona görə də başını aşağı
dikirsən. Ancaq…
İnsan - Ancaq ömrüm boyu neçə
kərə tərimi silib başımı qaldırmışam,
səni görmüşəm, Səma. Sənə baxmışam.
Fərəhlə, həsədlə, nifrətlə baxmışam.
Qorxuyla baxmışam. Ümidlə baxmışam. İnamla
baxmışam.
Səma - Gündüzlər günəşim
gözlərini qamaşdırıb. Üstünə
od ələmişəm. Daldalanmağa kölgəlik
axtarmısan, ağac kölgəsinə, divar kölgəsinə
çəkilib məndən gizlənmisən.
İnsan - Yay gecələrinin işıqlığında
kəhkəşanına baxıb düşünmüşəm.
Ulduzların fikrimi, arzularımı uzaqlara çəkib.
Səma - Ülkərli gecələrimin
aydınlığında aşiq olmusan, sərsəri
kimi dolaşıb, sevdiyinə demək üçün
ən gözəl, ən zərif sözləri seçmisən.
İnsan - Sənin sinəndəki Ay dənizlərimi
qabardıb, Səma.
Dalğaların səsi.
Səma - Qövsi-qüzehimə baxıb
rəssam olmusan, İnsan.
İnsan - Qara buludların məni nigaran
qoyub. Qar, dolu, şaxta… Leysan, çiskin, yağışlar…
Sel, ildırım, şimşək, fırtına. Bu
bəlaları da başıma sən yağdırmısan,
Səma. (Yağış, şimşək səsi,
sonra külək vıyıltısı.) Dəli
ruzigarlar da sənin övladlarındır. Sənsən
cilovsuz küləklərin məskəni.
Təbiət səsləri kəsilir. Həzin
musiqi.
Səma - Elədir. Ancaq quşların diyarı
da mənəm. Doğrudur, quşlar sənin yerindəki
ağaclara, budaqlara, qayalara qonurlar, amma onlar məndə
uçurlar, məndə yaşayırlar. Onlar mənim
sakinlərimdir. Mən olmasaydım, quşlar qanadsız
həşəratdan fərqlənməzdi. (Quşların
səsi.) Quşlarımı dinləyib bəstəkar
olmusan, müğənni olmusan, İnsan.
İnsan - Sənin açıqlığında
belədən-belə uçan quşların ardınca
həsrətlə, həsədlə, kədərlə
baxmışam, Səma!
Səma - Durna qatarlarının ardınca
həsrətlə baxa-baxa şair olmusan, İnsan.
İnsan - Qatar-qatar olub qalxıb havaya
Nə çıxıbsız asimana, durnalar!
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar?
Təsbeh kimi qatarınız düzərsiz,
Havalanıb ərş üzündə süzərsiz.
Gah olur ki, danə-xuruş gəzərsiz
Siz düşərsiz pərişana, durnalar!
Bir baş çəkin dərdiməndin halına,
Ərzə yazsın, qələm alsın əlinə,
Vidadi xəstədən Bağdad elinə,
Siz yetirin bir nişana, durnalar!
Səma - Vaxt olub ki, torpaqda əkdiklərin
bitməyib, dənizlərə tor atmısan, torun boş
qayıdıb; ac qalmısan, neynim, necə eləyim demisən,
o vaxt imdadına mən çatmışam, İnsan; səni
mən doydurmuşam. Balalarımı - qanadlı sakinlərimi
sənə qurban vermişəm.
Güllə səsləri.
İnsan - Bəli, vaxt olub ki, əlacım
hər yerdən kəsilib, ovçuluqla dolanmışam.
Tüfəngimi sənə tərəf qaldırmışam.
Səma, sənə tuşlamışam.
Səma - Sinəm güllələrindən
dəlik-deşikdir, İnsan, gözəlliyinə şer,
nəğmə qoşduğun sakinlərimi - quşlarımı
gülləyə tutub yerə sərmisən.
İnsan - Giley eləmə, Səma. Mənim
də köksümdə sənin vurduğun yaralar az
deyil. Yağışınla, küləyinlə, qarınla,
dolunla nələr etməmisən?! Məhsulumu əlimdən
almısan, evlərimi uçurtmusan, meşələrimi
yandırmısan… (Yağış, külək səsi.)
Bəzən göndərdiyin bu bəlalar qarşısında
özümü itirmişəm, özüm özümə
aciz, yazıq görünmüşəm.
Səma - O zaman yenə də əllərini
mənə tərəf qaldırıb kərəm diləmisən,
görmədiyin bir varlığın ünvanını
məndə bilib, ona pənah gətirmisən, tapınmısan.
Azan, dua səsləri.
İnsan - Bəli, günlər olub, sənə
çox baxıb, çox yalvarmışam, ancaq sən
susur, susur, susurdun…
Səma - Mən bilirdim ki, sənin bu aldanışın
müvəqqətidir. Bilirdim ki, pənahını, kərəmini,
inamını yenə də özündə, öz qollarının
gücündə tapacaqsan. Sənin qüdrətinə,
inadına bələd idim. Bilirdim ki, hər şeyə
qalib gələcəksən. Bilirdim ki, bir gün torpağın
müqavimətini qıracaq, onun sərvətlərinə
yiyələnəcəksən. Bilirdim ki, dənizləri
fəth edəcəksən, oddan, alovdan istədiyin kimi
istifadə edəcəksən. Mən bu görüşü
çoxdan gözləyirdim, İnsan.
İnsan - Sən bu görüşü
gözləyirdin, mən isə bu görüşün
yolunda qurbanlar verirdim, Səma.
Səma - Bilirəm, İnsan. Qurbansız
heç bir şey olmur. Səmaya qalxmaq üçün
sən çətin yollardan keçməli oldun. Ancaq məqsədindən
dönmədin. Axır ki, istədiyinə nail oldun. Bu
gün Ayımı, ulduzlarımı fəth etməyə
qadirsən. Sənin ulduzlu yoluna eşq olsun, İnsan!
İnsan - Bu yolun başlanğıcı
yadındadırmı Səma?
Səma - Yadımdadır, İnsan. Sənin
hər addımın mənim qarşımda olub.
Qədim yunan musiqisini andıran musiqi. Arfa.