GÖRÜŞ
Birinci şəkil
Səma - Yer üzünün qədim dövrü.
Yunanıstanın Afina şəhəri. Böyük
meydana toplaşmış adamları nigaran görürdüm.
Bir-birləri ilə nə isə pıçıldaşırdılar.
Qərib - Qoca, nədir, nə olub, bu adamlar
niyə belə təlaşlıdırlar?
Qoca - Deyəsən, bizim yerdən deyilsən,
cavan?
Qərib - Tacirəm, Qoca! Uzaqdan gəlmişəm.
Qəribə şəhəriniz var. Hiss edirəm ki,
hamı nə isə təşviş içindədir.
Amma kimdən xəbər alıramsa, susur, cavab vermir.
Qoca - Bir o tərəfə bax.
Qərib - Kimdir onlar, qoca, belə insan olmaz,
allahlardırmı? Mən ömrümdə bu qədər
kamil məxluq görməmişəm. Boy-buxunları
bir tamaşadır, sifətləri sanki şölə
saçır. Belə insan olmaz, allahlardırmı bunlar?
Qoca - Yox, qərib, gördüklərin
allah deyil, amma insan da deyil. Heykəllərdir, ağ mərmərdən
yonulmuş heykəllər…
Qərib - Məni ələmi salmısan,
qoca? Heykəl də hərəkət edərmi?! Heykəl
də canlı ola bilərmi?!
Qoca - Onlar hərəkət etmirlər,
canlı da deyillər. Ancaq bu aldanış sənin günahın
deyil. Onlar elə kamil yaradılıblar ki, ilk baxışda
hamı onları canlı bilir. Hamıya elə gəlir
ki, onlar hərəkət edir, yaşayırlar.
Qərib - Zevsə and olsun, mənə elə
gəldi ki, onlar nəfəs alır, addımlayır,
danışırlar. Qoca, kim yaratmışdır bu möcüzəni?
Hansı insan övladıdır o, allahlarla rəqabətdən
qorxmayıb?
Qoca - Sus, qərib, bu gündən o heykəltəraşın
adını çəkmək qadağandır.
Qərib - Qoca, bütün varımı-dövlətimi
sənə verərəm. Sən o böyük sənətkarın
adını mənə deməlisən.
Qoca - Dünya malında gözüm yoxdur,
qərib. Bəri gəl, mən sənə o sənətkarın
adını deyərəm. Bu heykəllərin yaradıcısı
bizim şəhərin ən böyük sənətkarı,
memarı, rəssamı Dedaldır. Bizim şəhərin
ən gözəl binalarını o tikib, ən gözəl
heykəllərini o yaradıb.
Qərib - Dedal? Onun şöhrəti mənim
vətənimə də gəlib çatıb.
Qoca - Bəli. bütün camaatımız
onun adıyla fəxr edirdi, onu sevirdi. Ancaq son günlər
şəhər hakimlərinin ona qəzəbi keçib.
Dedalın adı yasaq elan olunub, özünə də
edam cəzası kəsilib.
Qərib - Hansı cəlladın əli
elə böyük sənətkara qıya bilər? Dedal…
Qoca - Sss… Sən şəhərdəki
həyəcanın səbəbini soruşurdun. Dedal sabah
səhər edam olunmalı idi, ancaq bu gecə o nə
vasitəyləsə məhbəsdən qaçıb.
Oğlu İkarla birlikdə qayığa minib, açıq
dənizə çıxıb.
Qərib - Ah, nə xoş xəbər!
Demək, o böyük insan xilas olub!
Qoca - Onu bilmək olmaz. Ora bax, dənizi
görürsənmi? Görürsən, necə tutqun
və qəzəblidir? Fırtına yaxınlaşır.
Fırtına Dedalın qayığını dənizdə
haqlasa, onun xilas olması çətin işdir.
Fırtına səsi, dənizin uğultusu.
İkar - Ata, biz bu fırtınadan qurtula
bilməyəcəyik. Dalğalar qayığımızı
aşırar.
Dedal - Qorxma, oğlum. Cəlladların əlindən
qurtula bildiksə, dənizin hədələri bizi qorxuda
bilməz. Odur, bax, görürsənmi, üfüqdə
torpaq görünür. Biz harasa çatmışıq.
Mehriban bir sahilə, xoş bir adaya.
İnsan - Dalğalar Dedalla İkarın
qayığını qayalara çırpıb parça-parça
etdi, ancaq Dedalla İkar salamat qaldılar. Birdən onlara
tərəf gələn silahlı adamı gördülər.
Bu, sahil keşikçisi idi.
Dedal - Dostum, xoş niyyətlə gəlmişik.
Sən bir de görək, bura haradır? Bu torpağın
hökmdarı kimdir?
Keşikçi - Bura Krit adasıdır. Hökmdarı
qüdrətli Minosdur.
Dedal - Bizi qüdrətli Minosun hüzuruna
çatdırsan özün ağırlığında
bəxşiş alarsan.
Musiqi.
Səma - Dedalla İkar Kritdə məskən
saldılar. Böyük sənətkar hökmdar Minos
üçün möhtəşəm saraylar tikdi, əfsanəvi
heykəllər yaratdı. Minos da Dedalın başından
misli görünməmiş var-dövlət yağdırdı.
Minosdan sonra Dedal adada ən qüdrətli və nüfuzlu
adam idi. Onun əlində bütün ixtiyar vardı.
Nə istəsəydi, edə bilərdi.
İnsan - Bəli. nə istəsəydi…
Bircə şeydən başqa - Kriti tərk etməkdən
başqa. Dedal bu adanın əbədi əsiri idi. Minos
böyük sənətkarı ölkəsindən kənara
buraxmazdı. Hökmdar Dedalı cah cə-lala qərq
etsə də, onun başından dünyanın bütün
nemətlərini və sərvətlərini yağdırsa
da, qüssə Dedalın qəlbini gəmirirdi.
Dedal - Oğul, İkar, yaxın gəl.
Lap yaxın. Gəl səni iyləyim, oğul, səndən
Afinanın ətri gəlir. Bütün bu adada vətənimin
yeganə parçası sənsən, oğul. Afinanın…
İkar - Ata, sən hələ də Afinanı
unutmamısan? Səni ölümə məhkum etmiş,
didərgin salmış Afinanı. Görürsənmi,
səni burda necə sevirlər, necə əzizləyirlər,
qədrini necə bilirlər! On ildir ki, biz burdayıq,
ata. İndi bura da bizim vətənimizdir.
Dedal - Yox, oğul. İnsanın vətəni
bircə dənə olar. Qürbət ölkələrin
sayı çoxdur, ancaq vətən bircə dənədir.
Yaxşı da olsa, pis də, səni əzizləsə
də, incitsə də, səni səsləsə də,
qovsa da, vətəni dəyişmək olmaz! Ana kimi,
ata kimi, vətən də insana bir dəfə əbədi
verilir.
İkar - Ata bilirsən ki, Afinaya qayıtsan,
vətən xaini kimi edam olunacaqsan.
Dedal - Bilirəm… Oğlum qürbətin
saraylarında yüz il ömür sürməkdənsə,
vətənin məhbəsində bir gün yaşamaq
yaxşıdır. Bircə dəfə Afinanın küçələrindən
keçəydim… Sonra qoy məni edam etsinlər.
İkar - Ata, bilirsən ki, bu xülyadır.
Hökmdar Minos heç bir vaxt razı olmaz ki, sən Kriti
tərk edəsən. O istəməz ki, sən burda yaratdığın
sənət incilərini başqa bir yerdə də yaradasan.
Biz əbədiyyən bu adada qalmalıyıq. Dörd
tərəfimiz dənizdir. Sahil keşikçiləri
sayıqdır. Afinaya qayıtmaq üçün nə
quru yolu var, nə su yolu.
Dedal - Elədir, oğlum, elədir. Mənim
də bağrım bu ümidsizliyə görə çatlayır.
İnsan - Yuxusuz gecələrdə Dedal
gözlərini geniş-geniş açıb sənə
baxırdı, Səma. Sənin laqeyd ulduzlarına, sonsuz
kəhkəşanlarına.
Səma - O, mənə baxırdı və
elə bilirdi ki, mən yadam. Ona elə gəlirdi ki, mən
burda başqayam, Afinada başqa. Ürəyində o mə-ni
qürbət Səma, ulduzlarımı qürbət ulduzları,
Ayımı, Günəşimi, yad Günəş,
yad Ay adlandırırdı. Yuxusu çəkilmiş gözləriylə
hey mənə baxır, baxırdı.
Dedal (qəfildən həyəcanla)
- İkar, İkar, bura gəl, oğlum! (Sevinclə)
Tapdım, çıxış yolu tapdım! Biz xilas
olacağıq. Biz Afinanı görəcəyik.
İkar - Necə?
Dedal - Yadındadırmı, o gün sən
dedin ki, vətənə qayıtmağımız üçün
nə quru yol var, nə də su yolu. Elədir. Amma bir
yol var - hava yolu. Səma. Göy.
İkar - Səma? Göy?
Dedal - Bəli, biz uçacağıq. Səmaya
qalxıb bu həbsxana adadan köçəcəyik. Afinaya
uçacağıq. Heç kəs də bizi tuta bilməyəcək.
Minosun hökmü hər yerə çatar, Səmadan
başqa.
Səma - Dedal mənimlə görüşmək,
qovuşmaq üçün işə başlayan ilk insan
idi.
İnsan - Bəli, Dedal işə başladı.
Quş lələklərini topladı, onları nazik
iplərlə və mumla bir-birinə bərkitdi. Dörd
iri qanad düzəltdi. Qanadların ikisini İkarın
belinə, ikisini də öz belinə bənd etdi.
Dedal - İkar, mənə diqqətlə
qulaq as. İndi biz Kritdən uçub gedəcəyik.
Havada ehtiyatlı ol. Aşağıdan uçma, dənizin
duzlu suları üstünə çıldırlayar,
qanadlarını isladar. Çox yüksəkdən də
uçma. Günəşin istisi mumu əridər, qanadların
qopub düşər. Mənim ardımca uç. Məndən
geri qalma.
İkar - Yaxşı.
Musiqi.
İnsan - Atayla oğul qanadlarını,
gərdilər, təkan verib havaya qalxdılar.
Səma - İlk dəfə insan övladını
qoynuma aldım. Aşağıdan, yerdən onlara baxanlar
Dedalı və İkarı allah bilirdilər.
İnsan - Krit arxada qaldı, Delos, Paros adalarını
da ötdülər.
Dedal - Görürsənmi, İkar, oğlum,
istədiyimizə nail olduq. İndi biz azadıq. Azadlığımızı
qaytardıq, vətənimizi də qaytaracağıq.
İkar - Ata, uçmaq nə gözəl
imiş! Mən ömrümdə belə xoşbəxt
olmamışam! Qanadlarımda olmazın qüdrət
hiss edirəm. Uçduqca uça bilirəm, qalxdıqca
qalxa bilirəm.
Həyəcanlı musiqi
İnsan - İkar uçuşun ləzzətindən
məst olur, başını itirirdi. O, atasının
nəsihətlərini unutdu. Qanadlarını yellədib,
getdikcə yüksəyə qalxdı.
Səma - Mən günahkar deyiləm. Mən
onu məhv etmək istəmirdim. O, insan idi, amma insanlıq
imkanlarını unutmuşdu.
İnsan - İkar getdikcə daha hündürə qalxırdı. Günəşin qızmar şüaları mumu əritdi. İkarın qanadları qopub düşdü. Qanadsız qalmış İkar əl-qol atıb havada çapaladı, ancaq…
İkar - Aaa… (Qışqırır, səsindən
yıxıldığı duyulur. Sonra dənizin uğultusu
eşidilir.)
İnsan - O, daş kimi dənizə düşdü.
Dalğalar onu bürüyüb gizlətdi.
Dəniz səsi, musiqi.
Dedal - İkar, oğlum, sən nə etdin,
İkar? Hardasan, oğul? Hardasan?
Onun səsinə dənizin uğultusu cavab verir.
Dedal - Aman allah! Səni dəniz uddu, dalğalar
gizlətdi. Bu qanadları düzəldəndə kaş
mənim əllərim quruyaydı, oğul! Mən nə
bədbəxt adamam, oğul!.. Mən daha yaşamaq istəmirəm.
Səma - Səninlə ilk görüşüm belə qəmli oldu, İnsan.