GÖRÜŞ
İkinci şəkil
İnsan - İllər keçdi, əsrlər
qocaldı. İkar əfsanəsi unudulmağa başladı.
Qara geyimli adamlar, qara düşüncəli rahiblər,
keşişlər, ruhanilər məni səninlə
qorxutmağa, səninlə hədələməyə
başladılar.
Səma - Kilsələrinin qüllələrini,
məscidlərinin minarələrini nizə kimi sinəmə
batırdılar, mənə pənah gətirdilər,
məndən ümid dilədilər. Səni şükran
dininə çağırdılar, İnsan. Mənə
baxıb itaət etməyə, müti olmağa çağırdılar.
İnsan - Lakin mən müti olmaq üçün
yaranmamışam, itaət və şükran üçün
yaranmamışam. Mən düşünmək və
yaratmaq üçün dünyaya gəlmişəm. Mən
düşünməyə, öyrənməyə, hesablamağa
başladım.
Səma - Mənə ən böyük
həsrətlə baxan, görüşümə ən
çox can atan, intizarımı hamıdan artıq çəkən
uşaqlardır. Bütün ölkələrin, bütün
xalqların, millətlərin uşaqları… Bütün
illərin, bütün əsrlərin uşaqları.
İnsan - Düzdür, Səma, uşaq
yaşında sənə həsədlə uzun-uzun baxır,
uçurduğumuz çərpələngləri sənin
həsrətinlə yükləyirik. Arxasınca baxdığımız
quş qatarları… xəyalımızı qanadlarına
alıb sənin uzaqlarına aparır. Gecələr
yuxumuzu qaçıran ulduzlar sayrışıb bizə
vüsal vəd edir.
Səma - Ancaq uşaqlar böyüyür,
yaşa dolur, ailə qurur, işləyir, qocalırlar.
Torpağın, Yerin qovğaları, qayğıları,
işləri məni unutdurur. Onlar çərpələnglərini
yaddan çıxarır, quş qatarlarını xatırlamırlar,
sayrışan ulduzların dilini artıq anlaya bilmirlər.
Hətta mənim mövcudluğuma və əlçatmazlığıma
vərdiş edib məni düşünmürlər,
unudurlar.
İnsan - Düz deyil, Səma! Belə olsaydı,
insanlıq sənin görünməz nərdivanına
qalxdığı bugünkü zirvəyə ucala bilməzdi.
Bəşəriyyət tarixində elə uşaqlar
olub ki, onlar böyüyəndə belə çocuqluq
xəyallarını unutmayıblar. Sən də onları
unuda bilməzsən.
Səma - Yox, mən onları unutmamışam.
Yadımdadır, neçə yüz il bundan qabaq Apenin
dağlarının yamaclarında iki uşaq dayanmışdı.
On üç-on dörd yaşlarında iki oğlan uşağı.
Musiqi.