GÖRÜŞ
Üçüncü şəkil
Paolo - Leonardo, bəsdir daha, qayıdaq evə!
Uşaq Leonardo - Dayan, Paolo, indi gedərik,
dayan. (Quşların səsi) Görürsənmi,
necə məharətlə uçurlar! Axı insan ağıllıdır,
dərrakəlidir, müdrikdir. İnsan danışa
bilir, ev tikə bilir, şəhər salır, musiqi bəstələyir,
şer yazır, rəsm çəkir. Bəs necə ola
bilər ki, o uça bilməsin? Yox, insan uçmağı
da öyrənməlidir. Necə olursa-olsun, o uçmalıdır,
ona qanadı mən verəcəyəm, Paolo. And içirəm.
Qoca Leonardo - Çox da özünə güvənmə,
Leonardo. Bu o qədər də asan iş deyil.
Uşaq Leonardo - Sən kimsən?
Qoca Leonardo - Mən sənin qocalığınam.
Mən sənin bilmədiklərini bilirəm, sənin
yaşayacağını mən artıq yaşamışam,
görəcəklərini görmüşəm. Sənin
gələcəyin mənim keçmişimdir.
Uşaq Leonardo - Sən mənim gələcəyimsən.
Deməli, sən artıq uçmusan?
Qoca Leonardo - Yox, mən uça bilmədim.
Uşaq Leonardo - Onda mən səni istəmirəm.
Onda, sən mən deyilsən. Onda, mən sən olmaq
istəmirəm.
Qoca Leonardo - Bu, səndən asılı
deyil. Mən sənəm. Hamının böyük rəssam,
heykəltəraş, memar, alim tanıdığı
Leonardo da Vinçi. Ancaq mən Səmaya uça bilmədim.
Uşaq Leonardo - Deməli, sən yaşa
dolduqca mənim arzumu - uçmaq arzumu unutdun?
Qoca Leonardo - Yox, unutmadım. Mən ömrümü
bu işə həsr etmişəm. Budur, bax, layihələr,
hesablamalar, xətlər, cizgilər. Mən quşların
qanadlarını öyrəndim, yel dəyirmanlarının
gücünü hesabladım, qayıq yelkənlərinin
hərəkətini izlədim. Mən quşabənzər
model düzəltdim, Monte Çeçere dağına -
Qu quşu dağına qalxıb uçurtmaq istədim.
Uşaq Leonardo (səbirsizliklə)
- Bəs nə oldu?
Qoca Leonardo - O uçdu, sonra yerə düşüb
çilik-çilik oldu.
Uşaq Leonardo - Ah!..
Qoca Leonardo - Mən yenə məyus olmadım,
işlədim, işlədim, ancaq başa düşdüm
ki, əsrim hələ insanın Səmaya qalxacağı
əsr deyil. Səmaya qalxmaq üçün insana hələ
illər, illər, bəlkə əsrlər lazımdır.
Səma - Leonardo və onun vaxtdaşları
uça bilmədilər. Ancaq o, sənin uçuş gününü
yaxınlaşdıranlardan biri oldu, İnsan!
İnsan - İllər keçdi, əsrlər
keçdi, yavaş-yavaş sənə yol tapmağa başladım,
Səma!..
Səma - Yadımdadır, İnsan! Yerin
göndərdiyi ilk müsafir yadımdadır, qoynuma
gələn ilk elçiləri unutmamışam. Hava balonları,
hava şarları, planerlər əvvəlcə sərnişinsiz
qalxırdı. Sənsiz, İnsan, sənsiz…
İnsan - Sonra sərnişinlərlə
qalxmağa başladı. Lakin sən onları mehriban
qarşılamadın, Səma! Yer üzündə milyonlarla
şəhər, kənd var. O qədər də qəbristanlıq
var, ölən insanlar torpağa tapşırılır.
Bəs sənin qoynunda qurban gedənlərin qəbirləri
hardadır, Səma? Bəlkə səndəki məzarları
buludlar gizlədir? Bizim Yer kürəsində naməlum
əsgərlərin məzarı üstündə əbədi
məşəl yandırılır. Naməlum Səma
qurbanlarının məzarı hardadır? Bəlkə
bu məzarın əbədi məşəli Günəş
özüdür?
Səma - İnsan! Sən qurbanlarının
göynəyindən şikayətlənirsən, axı
səni fəzalara cəlb edən nə idi? Qurbanların
nəyin naminə idi? mənim ənginliklərimdə
nə axtarırdın?
İnsan - Cəsarətimin, zəkamın,
iradəmin hüdudunu. Ona görə hava şarları,
balonlar, dirijabllar, planerlər məni təmin edə
bilməzdi. Çünki əgər şarlar və balonlar
sənin yüksəkliyinə qalxırdısa, bunun səbəbi
o idi ki, onların içindəki hava sənin havandan yüngül
idi. Bu, sənin mənə verdiyin bəxşiş, sənin
səxavətin, güzəştin idi. Mənə isə
səxavət və güzəşt lazım deyildi.
Mən sənin qoynuna havadan ağır olan metalla, mexanizmlərlə
gəlmək, səni belədən belə çarpazlamaq,
fəth etmək istəyirdim. Mənə təyyarələr
lazım idi, yüksəklikdən, küləkdən,
buluddan, ildırımdan - sənin heç bir keşikçindən
qorxmayan təyyarələr.
Səma - Sən onu düzəltdin, İnsan. Qatar-qatar təyyarələrin maviliyimi fəth etdi. Anlat mənə, İnsan, niyə sən yerdən ayrılma-ğa belə tələsirsən? Məgər yer üzündə bütün işləri görüb qurtar-mısan? Bütün məsələləri həll etmisən? Hər yeri abad etmiş, hamını doydurmusan? Yoxsa Yer kürəsi səni usandırıb, yoxsa evində darıxırsan?
İnsan - Səma, mən sənə böyük
bir alimin sözləri ilə cavab vermək istəyirəm.
Bu alim özü heç bir zaman uçmamışdı,
ancaq insanın uçması üçün bəlkə
hamıdan çox iş görmüşdü. Bu alim
Konstantin Siolkovskidir. Siolkovski deyir ki, Yer kürəsi
insan zəkasının beşiyidir. Ancaq daim beşikdə
qalmaq olmaz.
Musiqi.