[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

GÖRÜŞ
Dördüncü şəkil



Qatar səsi.

Səma - Eşidirsənmi, İnsan, bu səs qatar səsidir. Dəmir relslər torpağın köksünə çalın-çarpaz xətlər çəkib. Od nəfəsli qatarların sürətlə hərlənən çarxları relslər üstündə hərəkət etdikcə torpağın nəbzi həyəcanla vurur. (Gəmi fiti.) Eşidirsənmi, İnsan, gəmilərin səsini? Çayları, dənizləri, ümmanları yara-yara üzən gəmilərin səsini? Sular hər dalğasıyla, hər damlasıyla, hər qətrəsiylə gəmilərə toxunur, onları sinəsində oynadır. Mənim isə qulaqlarım sağır idi. Əsrlər, qərinələr boyu qoynumdan gələn səslər yalnız təbiətin səsləri idi - şimşək, külək, yağış səsləri. Mən bu səslərə vərdiş etmişdim, onları eşitmirdim. Əsrlər, qərinələr boyu qulağı çəkilmiş kimi yaşayırdım. Lakin bir gün gəldi… İnsan - Torpağa qatarları, maşınları, dənizlərə, gəmiləri mən gətirmişəm, Səma. Qanadlı elçilərimi də sənin qoynuna mən göndərdim.

Təyyarələrin uğultusu.

Səma - Təyyarələrin uğultusu qulaqlarıma ən munis, ən xoş bir səs kimi doldu, İnsan! Sən mənim əbədi tənhalığıma son qoydun. Təyyarələrin buludlarımın, dumanlarımın içindən keçib məni fəth etdi.
İnsan - 1937-ci ilin 18 iyun günü yadındadırmı, Səma?
Səma - Yadımdadır, İnsan. O gün üç bahadırın təyyarəsi havaya qalxdı, dünyada hələ heç kəsin uçmadığı bir yolu açmaq üçün havaya qalxdı.
İnsan - Moskva hava meydanından qalxan bu təyyarəni dövrümüzün ən məşhur hava bahadırları idarə edirdi - Valeri Çkalov, Georgi Baydukov və Aleksandr Belyakov. Onlar bəşəriyyət tarixində ilk dəfə Şimal qütbünün üstündən uçub, Yer kürəsinin o biri tərəfinə - Amerika qitəsinə düşmək niyyətində idilər.
Səma - Şimal qütbü! Əsrlər boyu Yer kürəsinin fətholunmaz zirvəsi! Neçə-neçə uğursuz səyyahın kor taleyi. Əbədi boşluq… Bəyaz sonsuzluq… Şimal qütbü yerin elə bir nöqtəsidir ki, orada adi mənada zaman yoxdur. Orada yalnız ilin bir günü və bir gecəsi var. Orada mənim bütün ulduzlarım sənə üfüqi şəkildə görünür, İnsan. Yalnız dan ulduzunu dik başının üstündə görürsən. Orada yalnız cənub küləkləri əsir. Orada nə şimal var, nə şərq, nə qərb. Orada dörd tərəf ancaq cənubdur…

Təyyarələrin uğultusu.

Baydukov - Diqqət! Valeri, Şimal qütbünə yaxınlaşırıq.
Çkalov - Uşaqlar, heç adam inana bilmir. Çoxdan arzuladığımız dəqiqə gəlib çatır.
Baydukov - Şimal qütbünə də uçduq. Valeri, indi dincəldinmi?
Çkalov - Yox, əzizim. Hələ qarşıda Cənub qütbü durur. Ora da baş çəkməliyik.
Baydukov - Belə getsə, yer kürəsi sənə darlıq edəcək.
Çkalov - Elədir. İndi təyyarəylə bu balaca kürəciyimizin başına dolanmaq bizə çatılmaz arzu kimi görünür, ancaq bir gün bu məsafələr bizi təmin etməyəcək. Qanadlarımız daha geniş ənginliklərin həsrətiylə çırpınacaq!
Baydukov - Yenə Valeri Çkalov xəyalpərvərliyə başladı. Diqqət! Aşağı baxın. Şimal qütbünün üstündən uçuruq.
Səslər - "Nyus San-Fransisko!" Diqqət! Sensasiya! Çkalovun idarə etdiyi sovet təyyarəsi Şimal qütbünü ötüb Amerika qitəsinə tərəf uçur.
Enkoridj Kollinq - Diqqət! Sensasiya! Sovet təyyarəsi qitədən qitəyə hava cığırı salır.
Milford Kollinq - Sensasiya! Üç sovet təyyarəçisi yerin təpəsini fəth edir.
Xiris Sietl - Diqqət! Tarixdə misli görünməmiş uçuş…
Djuni Kollinq - Sovet təyyarəsi Amerika Birləşmiş Ştatlarında yerə enəcəkdir.

Bu səslər yazı makinaları, çap maşınlarının səs-küyləri fonunda verilir. Əvvəl aydın eşidilir, sonra bir-birinə qarışır, daha sonra bu səslərin içindən təyyarə uğultusu aydın eşidilməyə başlayır.

Baydukov - Gəldik,gəldik.
Çkalov - Bəli. bu da Amerika.
Baydukov - Bəs bunlar kimdir, bizə tərəf qaçırlar? Dayan, təyyarənin üstünə dırmaşmaq istəyirlər.
Çkalov - Kim olacaq? Jurnalistlər.

Jurnalistlərin hay-küyü, tələsik verilən sualları eşidilir.

1-ci jurnalist - Mən "San-Fransisko kronikl" qəzetindənəm. Hansı hündürlükdə uçurdunuz?
2-ci jurnalist (onun sözünü kəsərək) - Mən "Deyli nyus" qə-zetindənəm. Qütbdə hava necə idi?
3-cü jurnalist - "Kolorado nyus" - Yaxın planlarınız necədir?
4-cü jurnalist - Cənab Çkalov, mən "Nyu-York tayms" qəzetinin müxbiriyəm. Çox xahiş edirəm, sualıma cavab verəsiniz. Siz dövlətlisinizmi?
Çkalov - Bəli, mən çox dövlətli adamam.
5-ci jurnalist - Dövlətinizi rəqəmlə ifadə etmək olarmı?
Çkalov - Mənim 170 milyonum var.
5-ci jurnalist - 170 milyon nə? Dollar, yoxsa manat?
Çkalov - Yox. 170 milyon nəfər… 170 milyon insan mənim üçün işləyir, mən də onlar üçün işləyirəm.
5-ci jurnalist - Necə?
Çkalov - Bəli, bəli. Aydın deyil?

Musiqi.

Səma - O gündən otuz il keçib.
İnsan - Bəli. İndi ölkədən-ölkəyə, qitədən-qitəyə uçuşlar bizə adi bir şey kimi görünür. Hava meydanları gündə onlarca təyyarəni qəbul edir, uzaq diyarlara yola salır.
Qadın diktor - Diqqət! 301-ci reyslə uçan Dehli-Moskva təyyarəsi yerə enmişdir.
Təyyarələrin uğultusu.
Qadın diktor - Diqqət! 104-cü reyslə uçan Moskva-Bakı təyyarəsinə minik başlanır.
Qadın diktor - Diqqət! Bir neçə dəqiqədən sonra 53-cü reyslə uçan Havana-Moskva təyyarəsi yerə enəcəkdir.
Təyyarələrin uğultusu.
Qadın diktor - Diqqət! 17-ci reyslə uçan Moskva-Paris təyyarəsinin sərnişinləri üçüncü salona dəvət olunurlar.
Səma - Gündə neçə-neçə sərnişin mənim yüksəkliyimə qalxır, sonra Yerə enir. Fəhlələr, alimlər, idmançılar, rəssamlar qanadlı təyyarələrlə ən hündür buludlardan yuxarı qalxırlar. Yerə baxanda Yer onlara qəribə görünür.
İnsan - Oturmuşam dörd motorluda.
Ayaqlarım üzülüb yerdən
doqquz min neçə metr;
beş min neçə metr sudur
məni torpaqdan ayıran indi,
dörd min metr hava.
Uçuruq,
buludları qanadlaya-qanadlaya,
şəfəqləri qova-qova
Üstüm hava, yanım hava.
Aşağı baxıram, su, su…
Göz işlədikcə sayrışır
sürü-sürü dalğa quzusu…
Qarşımda
kölgəsiz yolu təyyarəmizin,
arxamızda ekvator.
Təki qurtarmasın benzin.
Təki sönməsin motor.
Qurtarsa belə,
sönsə belə
fələk də bacara bilməz
insan qüdrətilə.
Düşünürəm:
kimik, nəyik, hardayıq?
Öz-özümə deyirəm;
bir xatırla, yada sal:
Nəhayətsiz boşluqda
Kiçik bir insan adası.
Biz olmasaq da,
uçacaq təyyarələr.
Yayılacaq fəzaya
motorların uğultusu.
Sədd çəkə bilməz insan iradəsinə
nə torpaq, nə hava, nə su!..

Musiqi.