VƏFA
Birinci şəkil
Böyük şəhər dəmiryolu
vağzallarından biri. Qatar yenicə getmişdir. Gecə,
ay işığı hər tərəfi solğun nura
boyamışdır. Uzaqlaşan qatarın səsi gəlir.
Bahadır dəmir dirəyə söykənib durmuşdur.
Əlindəki zərfin ağzını bağlayır.
Əli (gəlir) - Kapitan, sən
hələ burdasan? O nədir?
Bahadır - Heç… Üçüncü
qatar da getdi. O gəlmədi.
Əli - Bəlkə məktubunu almayıb?
Bahadır - Yox, Aslan dedi ki, məktubu özünə
verdim.
Əli - Bəlkə bir şey mane olub,
gecikib.
Bahadır (saata baxır) - Üç
saat keçir. Bizim evdən bura beş addım yoldur.
Əli - Fikrim bu idi ki, şeyləri aparandan
sonra sizə gəlim.
Bahadır - Görürsən, mən hələ
burdayam.
Əli - Zəng eləmədinmi?
Bahadır - Elədim. Telefona gələn
özü idi. Səsini eşitdim, dəstəyi asdım.
Əli - Təəssüf ki, hələ
bizdə belə qadınlar var, kapitan. Azdır, ancaq var.
Bahadır - Mən hər şeyə inanardım,
ancaq buna yox! (Bir qədər duruxur). Mən inanırdım
ki, o, bivəfa çıxmaz. Qospitalda iki ay qaldım,
ondan bir kağız da almadım, öz-özümə
təsəlli verirdim ki, yəqin məktubumu almayıb,
yerimi bilmir… İndi?…
Əli - Sən onu belə sınamaqda haqlı
idinmi?
Bahadır - Bəlkə də yox. Ancaq mən
şübhələrimi məhəbbətin məhək
daşında yoxlamaq istədim.
Əli - İndi fikrin nədir?
Bahadır - Komandanlıqdan rica edib yenidən
cəbhəyə, öz hissəmə gedəcəyəm.
Əli - Bu uzun müddət ayrılıqdan
sonra burdan geri qayıtmaq? Yox, qərarın amansızdır,
Bahadır. Gəl bərabər gedək, bəlkə
bir səbəb var…
Bahadır - Burda nə səbəb ola bilər,
dostum? Məktub ona çatmışdır, özü
də bu saat evdədir. Məktubda yazmışdım
ki, vağzaldayam, səni gözləyirəm, gəlmədi.
Əli - Yenə də getsək yaxşıdır.
Bahadır - Yox, mən indi bir dəstə
düşmən tankının üstünə tək
gedərdim, ancaq evə, onun yanına yox!
Əli (sarıqlı qolunu göstərir)
- Bu mane olmasaydı, mən də qayıdardım.
Bahadır - İndi mən qəlbimdəki bütün
kinim, qəzəbimlə bərabər, bir də yaralı
eşqimin qanlı nəşini cəbhəyə aparıram.
Əli - Biz əsgərik, kapitan!
Bahadır - Döyüşə gedən
əsgər üçün sevgilisinin sədaqəti
ən qüvvətli bir silahdır, leytenant. Sınaqdan
mərdanə çıxmış bir məhəbbət
hər kəsdən çox əsgər üçün
lazımdır. Məhəbbət qalibiyyətə kömək
edər, dostum!
Əli - Mən on beş gündən sonra
hissəyə qayıdacam, həqiqəti öyrənib
sənə deyərəm.
Bahadır - Yox, yox… hər şey aydındır.
Cəbhədə aldığım imzasız məktublara
əhəmiyyət vermirdim.
Əli - O məktublar dost əli ilə
yazılmır, kapitan. Dost kağızı imzasız
olmaz.
Bahadır - Doğrudur. Ancaq od olmayan yerdən
tüstü çıxmaz, deyirlər. Mən də əvvəl
inanmırdım, indi şübhə yeri qalmadı. Ayrılıq
qüvvətli bir küləkdir ki, zəif alovları
söndürür, gur ocaqları daha şiddətlə
yandırır. Görünür, bizim eşqimizin alovu
bu hicran küləyinə dözmədi.
Əli - Mən sənə məsləhət
görürəm, evə get, bir də yoxla!
Bahadır - Yox, görünür, o, mənim
xəstəxanadan yazdığım məktubu almışdır.
O zaman mən qolumdan ağır yaralanmışdım.
Doğrudan da, elə bilirdim şikəst olacağam.
Elə də yazdım. Çünki biz söz vermişdik,
həqiqət nə qədər acı olsa da, bir-birimizdən
gizlətməyək. İndi də qəsdən, şikəst
qayıtdığımı yazdım. Mən Vəfanı
qınamıram. O, gəncdir, hələ bütün
ömrü qabaqdadır…
Radio "Səhər" nəğməsini çalır.
Əli - Bu sənin oxuduğun nəğmə
deyilmi, kapitan?
Bahadır (fikirli) - Odur, bizim evin
pəncərələri dənizə açılır.
Belə aylı gecələrdə mən kaman çalardım.
Onunla baş-başa verib bu nəğməni oxuyardıq;
bizim gənclik nəğməmizi… Dəniz də üstü
gümüş pullu nəhəng bir balıq kimi, pəncərəmizin
qabağında yavaş-yavaş nəfəs alardı…
Əli - Kapitan, keçirdiyin ağır
dəqiqələri görürəm. Ancaq mən Vəfanın
sənə yazdığı məktubları yadıma
salıram; o sətirləri yazan adam bivəfa çıxa
bilməz! Ümid yaxşıdır.
Bahadır - Ümid qaranlıq gecələrin
dərin səmalarına bənzəyir, dostum, diqqətlə
baxan, onun hər guşəsində, sönük də
olsa, bir ulduz tapır. Ancaq bu ulduz uzaq, soyuq və işıqsız
olursa, təsəllidən çox qəlb ağrısı
gətirir.
Diktor - Vətəndaş sərnişinlər,
72 nömrəli qatar, 4-cü yoldan iki dəqiqədən
sonra hərəkət edəcəkdir. Yerlərinizi tutun!
Bahadır - Sağ ol, leytenant, mən getdim.
Yenə bir gün gələr, biz bərabər döyüşər,
sonra da qalibiyyətlə geri qayıdarıq. Bu məktubu,
üstündə yazdığım ünvanda İntizara
verərsən!
Əli - İndicə aparıb verərəm,
ancaq biz beləmi əhd eləmişdik, kapitan?
Bahadır - Xasayın bayatısı yadındadırmı,
leytenant:
"Mən səndən ayrılmazdım,
Zülmnən aralandım! …"
(Şeylərini götürür, bir addım atır,
dönüb ətrafa baxır).
Bahadır - Əlvida, dost! Əlvida, Bakı!
Sən mənim ilk xoşbəxtliyimin şahidi olmuşdun.
İndi də qırılan məhəbbətimin matəmini
saxlayırsan. Əlvida, Ana yurdum, əlvida, göy Xəzər.
Əlvida, Bakı!… Nə qədər ayrı qalsaq da,
sən heç bir zaman vəfasız çıxmazsan. (Qaranlıqda
itir).
Bir az sonra yola düşən qatarın səsi
eşidilir. Şlyapalı, gözlərində eynək
Minnətov, Mirzə Pomoşniklə gəlir. Əli
qatarın yavaş-yavaş əriyib-sönən səsini
dinləyir.
Əli (öz-özünə) -
Bu da qadın vəfası! Ən qızğın döyüşlərdə
adı dilindən düşməzdi. Hər dəfə
"Vəfadan məktub var" deyəndə, qanadlanıb uçardı.
Ən çətin dəqiqələrdə onun xəyalı
ilə təsəlli tapardı… Buyur, bu da sədaqətin
əvəzi! … (Papirosunu yerə tullayır).
Minnətov - Get zəng elə, de ki, məktubu
versin, vəssalam! Ayrı heç bir söz…
M.Pomoşnik - Yəni lap getdi? Sonra Vəfa
gələr görüşərlər ha…
Minnətov - Getdi, arxayın ol, qorxusu yoxdur,
sən yubanma.
M.Pomoşnik - O da mənim gözüm üstə.
Bu saat. (Gedir)
(Minnətov Əliyə yanaşır)