VƏFA
Birinci şəkil
Minnətov - Yoldaş, bu gedən hansı
qatardır?
Əli (etinasız) - Adi sərnişin
qatarı.
Minnətov - Yox, bağışlayın,
mən demək istəyirəm ki, tamam getdi?
Əli - Bilmirəm, necə?
Minnətov - Heç, bir nəfər tanış
adam gələsidir, onu gözləyirəm.
Əli - Qatar burdan getdi. (Papirosunu yandırır).
Minnətov onun üzünə baxıb tələsik
gedir.
Minnətov - Bəli, doğrudur, bağışlayın.
Əli (diqqətlə onun dalınca
baxır) - Bu kimdir? Harda isə onu görmüşəm.
(Nasilşikə). - Ey, yoldaş, bu gedən kimdir?
Nasilşik - Bura gündə on min adam gəlir,
mən hardan tanıyım? Necə, yoxsa şeylərini
oğurlayıblar?
Əli - Yox, şeylərim budur. Apararsanmı?
Nasilşik - Apararam, hələ ağrını
da alaram.
Əli - O nə üçün ?
Nasilşik - Çünki sənin kimi dörd
oğlum cəbhədədir. Sizi görəndə, elə
bilirəm onları görürəm.
Əli - Kağız gəlirmi?
Nasilşik - Üçündən gəlir,
birindən yox. O lap kiçiyi idi. Özü də aeroplan
sürəndir. Üç aydır xəbər-ətər
yoxdur. (Bağlamanı götürür).
Əli - Qəm yemə, qoca, kağız
gələr. Mən də altı aydan artıqdır
ki, evə kağız yazmamışam. Bir qoca anam var.
İndi, bəlkə də məni ölmüş bilir.
(Nasilşik şeyləri yerə qoyur).
Nasilşik - Çox nahaq yerə. Məni
bağışla, oğul, məndən kiçiksən,
lap qələt eləmisən. Desən niyə, deyim.
Görünür, sən ata deyilsən, əgər ata
olsan, belə eləməzsən. Gecələr yorğan-döşəyinə
qor tökülsə, səhərə kimi o yan-bu yana
çevrilib fikirdən yata bilməsən, onda belə
eləməzsən. Bir barmaq kağız nədir ki?!
Gözü yolda qalanları nigaran qoymaq yaxşı deyil,
oğul.
Əli - Haqlısan, əmi. Biz çox vaxt
mühariıbənin gurultuları içində ata-ana
ürəyinin döyüntülərini eşitmirik.
Qapıya yaxınlaşır, çölə çıxmaq
istərkən, yüyürüb gələn Vəfa
ilə üzləşir. Vəfanın əlində
böyük bir dəstə çiçək vardır.
Vəfa - Bahadır, əzizim!… (Əlinin
boynuna atılır).
Əli - Vəfa xanım, mən Bahadır
deyiləm.
Vəfa (diksinib geri çəkilir)
- Siz... Bəs Bahadır hanı? Siz mənim adımı
hardan bilirsiniz?
Əli - Bahadır?
Vəfa - Rica edirəm, hanı? Siz onu tanıyırsınızmı?
Necə oldu? (Sualının cavabını gözləmədən,
Bahadırı axtarmağa başlayır).
Əli - Zəhmət çəkməyin,
Bahadır getdi.
Vəfa - Necə? O halda? Yox, ola bilməz!
Əli - Qatar yola düşdü.
Vəfa - Hara?
Əli - Yerinə.
Vəfa - Bəs necə? Mən məktubu
indicə aldım. Ancaq beş dəqiqə bu çiçəkləri
almaq üçün ləngidim.
Əli (kinayəli) - Gecikmişsiniz.
Vəfa - Gecikmişəm. Siz onun qatara mindiyini
gördünüz? (Qaranlığa girir).
Əli - Gedək, qoca, insan belədir, tapanda
qədrini bilməz, itirəndə yanar. (Nasilşik
ilə qapıdan çıxırlar).
Bir azdan Vəfa geri qayıdır.
Vəfa - Siz onun qatara minib getdiyini gördünüzmü?
Artıq Əli getmişdir. Vəfaya cavab verən
yoxdur. Çiçəklər bir-bir onun əlindən
düşür. Ay qara buludlar altına girir. Uzaqdan paravozun
hönkürtüyə oxşayan kəsik-kəsik uğultusu
eşidilir. Vəfanın titrək səsi ona qarışır.
Vəfa - Bahadır… Bahadır… Bahadır…
Pərdə