[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
İkinci şəkil



Orta bir otaq. Gecə. Divarda romantik ruhlu tablolar asılmışdır. Səhnə boşdur. Qapı döyülür. Ülkər o biri otaqdan çıxıb qapını açır. Əli içəri girir.

Ülkər - Buy, ağrın alım! (Baxır, duruxur).
Əli - Xala, bağışlayın, İntizar burda olurmu?
Ülkər - Sən kimsən, ay bala? İntizarı neynirsən?
Əli - Heç, məktub var.
Ülkər - İntizar bu qonşuluqda olur. Burdan, dəhlizdən keç, üçüncü qapı onlarınkıdır.
Əli - Sağ ol.
Ülkər - Heç bir demədin kimsən… Otursaydın, ay oğul, görünür, yoldan gəlmisən.
Əli - Sağ ol, xala, tələsirəm. (Gedir).
Ülkər - Bəs bu qız harda qaldı. Bahadır necə oldu?

Stolun üstünü düzəldir. Evdə hər şey əziz qonaq gözləndiyini göstərir.

İlyas (içəri girir) - Salam, Ülkər xala, Vəfa gəlmədimi? Bahadır hanı?
Ülkər - İki saatdan artıqdır ki, gedib, indiyəcən gərək çoxdan gələydi.
İlyas - Mən istədim düz vağzala gedəm, sonra dedim ki, bu vaxta vağzalda qalmazlar.
Ülkər - Harda olsalar, indi gələrlər. Sən otur! Səhərdən bizim qonşu Vəsfiyyə xanım da dörd-beş dəfə gəlib soruşub. İlyas, oğlum, yoxsa, iraq olsun, bir şey var, məndən gizlədirsiniz?
İlyas - Ülkər xala, nə ola bilər ki?… İntizar mənə zəng eləyəndə, dedi ki, Vəfa gedib vağzala. Yarım saata gələrlər. Görünür, söhbətləri şirin düşüb.

Vəfa yorğun halda içəri girib, qapıya söykənir. Ülkər və İlyas heyrət içində qapıya baxırlar. Vəfa ağır-ağır qapını örtür.

Ülkər - Gəlməyib?
Vəfa - Yox.
Ülkər - Bəs o kağız kimdəndi?
Vəfa - Başqa adamdan imiş, səhv gətiriblər.
İlyas - Başqa adamdan imiş? (Yorğun stola oturur). Ülkər xala, Muğan müəllim evlərindədirmi?
Ülkər - Baxaram. İntizar bayaq buradaydı. Deyirdi hələ işdən gəlməyib. Baxaram. (Yan otağa gedir).
İlyas - Vəfa.
Vəfa - Mən gecikdim. Al, oxu. (Məktubu ona verir).
İlyas (oxuyur) - Əgər məni şikəst görmək istəməsən, gəlmə. Mən artıq heç bir zaman səni narahat etmərəm.
Vəfa - Tapmadım. Beşcə dəqiqə qabaq qatar getmişdi. Neçə saatdır sərsəri kimi küçələri gəzirəm, yaralı bir adam görəndə ürəyim tez-tez döyünür, dizlərim titrəyirdi. İndi də elə bilirəm, qapını açıb girəcək. Fikrim onu gəzir, gözlərim onu axtarır. Döngələrdən keçdikcə, elə bilirdim onun səsini eşidirəm, dönüb geri baxırdım. Ayın solğun işığında qaralan insan kölgələri mənim ürək fəryadıma cavab vermirdilər.
İlyas - Burda nə isə bir sirr var, Vəfa.
Vəfa - Bircə yerini bilsəydim!
İlyas - Zaman elə təbibdir ki, Vəfa, onun sağaltmadığı yara yoxdur. Vaxt keçər, özü məktub yazar, yerini bildirər.
Vəfa - Bu dərd sağalan deyil. Mən imtahandan sınıq çıxdım. Axı mən onun gəldiyini gərək havadan duyaydım, İlyas… (Vəfa pianonun yanında oturub çalmağa başlayır. İlyas da kamanı əlinə alır). Bu onun nəğməsidir. Yadındadırmı, dördümüz bir yerdə oxuyardıq.
Birdən otaqda işıq yanır. İntizar içəri girir.

İntizar - Deyəsən, mane oldum, üzr istəyirəm.
İlyas - Gəl, gəl, İntizar, sən də bu həzin nəğməyə qoşul.
İntizar - Şikəst bir nəğmə ilə sahibsiz kamanın tellərini ağlatmaq kimə lazımdır.
Ülkər (tələsik o biri otaqdan gəlir) - Boy, eviniz yıxılmasın, işıq çölə çıxdı ki. (Yüyürüb pəncərələri bağlayır). İndicə milsəner gələjək ki, miskirovkanı pozdun, gəl gedək divanxanaya. Elə bil, dəvə qulağında yatıbsız, heç davadan-şavadan xavarınız yoxdur, ay abatıxeyirlər.
İlyas - Bu İntizara de, ay Ülkər xala, oturduğumuz yerdə gəlib işığı yandırdı.
İntizar (mənalı) - Mənə elə gəldi ki, oturan Vəfa idi, sən ayaq üstə durmuşdun.
İlyas - Bu sözlərin mənası nədir, İntizar?
İntizar - Mənası hər yeri işıqlı görmək istəyim.
İlyas - Könlün gözləri qaranlıqda daha yaxşı görür, İntizar.
İntizar - Onda könül göyərçindən daha artıq bayquşa oxşayır, elədirmi?
İlyas - Siz çox mərhəmətsiz hökm verirsiniz. Belə aylı gecədə.
İntizar (hiddətlənir) - Mərhəmətsiz! İstəmirəm, çalmayın, o kamana əlinizi vurmayın, nə aylı gecədə, nə aysız gecədə, eşidirsinizmi? Çalmayın, çalmayın!

Son kəlmədə onun səsi qırılır. İntizar sürətlə qapıdan çıxır.

İlyas - İntizar, İntizar! (İntizar cavab vermir, İlyas qapıdan geri qayıdır). Qəribədir, mən onu heç belə görməmişdim.
Vəfa (Ülkərə) - Sən ona bir şey dedinmi?
Ülkər - Mən heçcə zad deməmişəm. Atasını soruşdum, dedi hələ gəlməyib. Gözləri qızarmışdı. Deyəsən, ağlamışdı. Sonra soruşdu ki, Vəfa qayıtdımı?
Vəfa (İlyasa) - Görünür, Bahadırın məsələsini duyub. Axı İntizar onu doğma qardaşdan artıq sevirdi.
İlyas - İnsan duyğusu qəribə deyilmi, Vəfa? İntizar mənə "qardaş" deyir, qardaş! Sən ki bilirsən.
Ülkər - Lap məəttəl qalasıdır. Evlərindən gəldi. Siz çalanda, qapının dalında durub qulaq asırdı. Birdən nə oldusa, abatıxeyir fırıldayıb keçdi bu evə. Qızı görmədin, uşağın üstünə necə qışqırdı!

Vəfa öz fikrindən ayrılır.