[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
İkinci şəkil



Vəfa - Uşaq kimdir?
İlyas - Uşaq mənə deyir. (Gülmək istəyir, öskürək tutur).
Ülkər - Uşaq olmayanda nəsiniz, abatıxeyirlər? Əlif-bey öyrənib, elə bilirsən qocalıb getdin?
İlyas - Ay Ülkər xala, qocalıq yaşla deyil. Elə dərd var ki, adamı beş gündə qocaldır.
Ülkər - Oğul, qoy dağ boyda dərdin olsun, təki namərdlik yükündən azad ol. İgid yaradan qorxmaz!
Vəfa - İlyas, vərəmlə yaşayıb qocalanlar azdırmı?
İlyas - Vəfa, bilirsən ki, dörd ildir mən xəstəyəm. Eh, Ülkər xala, bu xəstəlik ancaq ömrümü deyil, eşqimi də bir xəzan yarpağı kimi saraldır. Mən bu ümidsiz eşqimlə ləl tapmış bir uşağa bənzəyirəm. Ləli hamıdan gizlədirəm. O ləl məndədir, ancaq mənim deyil.
Vəfa - O ləl dediyin İntizarın eşqi sənin olacaqdır, İlyas. İndi İntizar heç kəsi sevmir. Əgər bir gün, o bir adama könül versə, əminəm ki, bu adam ancaq sən olacaqsan.
İlyas - Fəlakət də burdadır ki, mənim belə səadətə haqqım yoxdur. Mən vərəmli nəfəsimlə onun ömrünü zəhərləyə bilmərəm.
Vəfa - Sən sağalacaqsan, İlyas.
İlyas - Əvvəllər bu dərdə yenə dözürdüm. İndi, belə bir vaxtda.
Vəfa - İndi nə olub ki? Eh, İlyas, qismət olsun, Bahadır gəlsin, bir də Şəkəm yaylağında buludlu dərələri bərabər gəzək.
Ülkər - Dilinə qurban olum, a qızım. Nə dedin! Heyf deyil o yerlərin sərin suları, göyçək dərələri, ətirli çiçəkləri! Dörd yanına baxanda ürəyin açılır. Bahar olanda hər tərəf gəlin kimi bəzənir.
İlyas - Ülkər xala, quruyan bir budağın bahar nəyinə gərək? Mən belə bir gündə vətənə lazım olmadım.
Vəfa - Vətənin taleyi ancaq cəbhədə həll olunmur, İlyas.
İlyas - Doğrudur, ancaq mən illər boyu dibindən su axan bir qaya kimi hər gün vücudumun yavaş-yavaş parçalanıb, tökülüb məhv olduğunu hiss edirəm. (Öskürür).
Ülkər - Məndən sənə əmanət, canını bu doxturların əlinə salma, ay oğul. Bütün dünyanın cöhərini dolduracaqlar qarnına. Mən onları yaxşı tanıyıram. Bir kərə getmişdim bizim kənd doxturunun yanına. Bir dərman yazıb verib dedi: yeddi gün atarsan. Məndə hövsələ hardadır, ay abatıxeyir, yeddi gün dərman atam! Yığdım-yumurladım, qoydum boğazımın yoluna, lupp uddum, getdi. Sən demə, bu şoqəribin yeli varmış, vurdu gözümə, az qala məni kor eləmişdi. Odu-budu, doxturnan heç aram yoxdur.
Vəfa - Ülkər xala, sən dərmanın yeddi günlüyünü birdən atmısan, buna doktor neyləsin?
Ülkər - Yox, ağrın alım, elə demə. Bircə bu diş doxturları yaxşıdır. Gözünün qabağındaca dişini çıxarıb verir əlinə: istəsən birini, istəsən ikisini; bərkə düşəndə lap üçünü…

Çöldən səs gəlir, qapı tıqqıldayır.

Vəfa - Kimdir? Gəl.
Vəsfiyyə (içəri girir) - Xoş gördük. Bahadır qardaş gəlmədi?
Vəfa - Kağız ondan deyilmiş.
Vəsfiyyə - Hə. İndicə çəkməçidən gəlirəm, bir bosonoşka zakaz verdim.
Ülkər - Ay Vəsfiyyə, bosoşka nədi, qızım?
Vəsfiyyə (etinasız) - Belə olur, necə deyim, (əli ilə başa salmaq istəyir) ayaqyalın…
Ülkər - Boy, abatıxeyir, ayaqyalın niyə gəzirsən? Şükür allaha, duflilərinə nə gəlib? Yoxundu, gəl Vəfadan al, gey.
Vəsfiyyə - Tuflilərimə nə gəlib… a… Biri zamş - heç geyməmişəm, biri lodoçka, Minnətov Litvadan gətirmişdi, biri qara lak - ikicə dəfə teatra gedəndə geymişəm, biri…
Vəfa (onun sözünü kəsir) - Yaxşı, yaxşı, Vəsfiyyə, sadalamağa başlasan, üç gün qurtarmaz. De görək, təzə nə xəbər var?
Vəsfiyyə - Bir elə şey yoxdur. Bu gün İbadovun arvadını gördüm. Deyir Qəhrəmanov arvadına bir cüt sırğa alıb, iki göz istəyir ki, elə tamaşasına dursun. Səhərdən dörd dəfə getmişəm. Şükufəni evdə tapmamışam ki, sırğalara baxam. Yazıq Aqusya burda olsaydı ha, yerin deşiyindən də olsa, mənə ondan yaxşısını tapardı. Vallah, elə yanıram ki, mənim Aqusyamı apardılar. Elə bil daha əsgər aparmağa adam yox idi. Evdə qoymazdı əlimi ağdan qaraya vuram. Hər gün İnturistdə obed eləyirdik. Heyf, heyf…
Ülkər - Ay qızım, adamlığı necə idi?
Vəsfiyyə - Adamlığı? Necə yəni adamlığı? Bəs bayaqdan nə deyirəm? Bütün qardirobum onun aldığı paltarla doludur. Yemək, içmək…
Ülkər - Sözü bütöv, mərd adamdı? El dərdinə qalandımı?
Vəsfiyyə - Əlbəttə ki, el dərdinə qalandı. Həmişə zaqraniçni bir parça oldu, birinci mən geyərdim. Bir yerdə qəşəng bir şey oldu, gərək mənim üçün alına idi. Aqusya, Aqusya…
İlyas - Vəsfiyyə xanım, görünür, Ağa Hüseynin orduya getməsi sizə yaman təsir eləyib, arıqlamısınız?
Vəsfiyyə (təşvişlə güzgüsünü çıxarıb baxır) - Arıqlamışam? Neyləyim, vallah dərdimdən az qalıb ki, çexotka olam. Gəzib-dolanıram ki, barı yadımdan çıxsın.
Minnətov (içəri girir) - Salam. Hamınızı bütünlüklə xoş gördük. Bayaq Vəsfiyyə xanıma zəng eləmişdim, dedi Bahadır gəlib… (Ürəyini tutur). Şikəst adamın işi budur, pillələri çıxdım, yenə ürəyim də… İnvalid, belə gündə şikəst olmaq fəlakətdi, fəlakət. (Oturur). Keçər, keçər, narahat olmayın. Bəs özü hanı?
Vəfa - Bahadır gəlməyib. Vəsfiyyə xanım səhv eləyib.
Minnətov - Səhv eləyib? Bəs dedi ki, siz qarşılamağa getmisiniz? Deməli, gəlməyib. Mən cəbhədə olanda onu çox görmək istədim… (Yenə ürəyini tutur).
İlyas - Yoldaş Minnətov, nə əcəb müalicə etdirmirsiniz?
Minnətov - İndi nə müalicə vaxtıdır, rəhmətlik oğlu! Vətən müharibəsi zamanında xalqın taleyi həll olunur, müalicə? Mənim vicdanım buna necə yol verər?!
Ülkər (çay gətirir) - Hitlerin evi yıxılsın. Din-dinməz oturduğumuz yerdə, ciyəri yanmış, ofkəsi parçalanmış, gör başımıza nə oyun açdı.
Minnətov - Xala, rica edirəm, bir az yavaş. Mənim ürəyim xəstədir, bərk danışanda, xarab oluram.
Ülkər - Abatıxeyir, bəs sən o top-tüfəng səsinə necə davam gətirmisən?
Minnətov - Elə bədbəxtlik ordadır ki, axıracan Vətən yolunda vuruşa bilmədim. Mən cəbhədə olanda, ah… (Ürəyini tutur).
Vəfa - Hicranın gözləri oyaqdır yenə,
Nə gündüz dincəlir, nə gecə yatır.
Bu, axırıncı məktubunda yazdığı sözləridir. İlyas, görəsən könül yarasının dərmanı nədir?
Vəsfiyyə - Yaxşı geyinmək, yemək, içmək, təzə-təzə tuflilər, paltarlar almaq, gəzmək, dolanmaq, kef çəkmək, vəssalam!
Ülkər - Yox, elnən gələn qara gün bayramdır, ay qızım. Mərd ol, mərd ürəyi dözümlü olar… Gəz də, dolan da, buna heç kəsin sözü ola bilməz. Ancaq (üzünü Vəsfiyyəyə çevirir) Vəsfiyyə xanım, bizim xalqda bir qayda var: kəndin bu başında bir müsibət üz versə, o başında toyu saxlarlar. İndi bütün camaatın ürəyi səksəkədədir. Namusu olan bu davaya gərək kömək eləsin. Hərə bacardığından. İndi kef vaxtı deyil!
Minnətov - Demək, Ülkər xala, davada olmayanların namusu yoxdur?
Ülkər - Yox niyə? Mən elə demirəm. Bir var ki, mümkün olmaya. Bizim bu İlyas kimi, yazıq hey dərd çəkir ki, onu davaya aparmadılar. Bir də var ki, sağ-salamat olasan, özünü vurasan tülkü ölülüyünə, lətfəsi sənə gəlməsin, necə deyərlər: "Qoyuna getməz, qapıda yatmaz".
Minnətov (əlini stola vurur) - Eh, namərd fələk, gör məni nə günə qoydun! (Ürəyini tutur).