[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
İkinci şəkil



Vəsfiyyə - Eh, heç bu söz atışmasına yoxam. Mənciyəz gedim. Mənə bir qutu pirojna gətirəcəklər. Evdə tapmazlar, əlimdən çıxar. Sağ olun. (Gedir).
Minnətov - İlyas qədəş, istəyirsən mən sənin işini düzəldim. Səni göndərsinlər cəbhəyə… Xəstəlik!… Bilirik də, ha… ha… Mənim tanışlarım çoxdur, düzəldərəm!
İlyas - Mən gördüyüm işləri namusla görməyə öyrənmişəm. İş düzəldən və işini düzəldənlərlə aram olmaz.
Minnətov - Hə… məsələ ciddi şəkil alanda, həsləyirsən, əziz patriot!
İlyas - Mən cəbhədən geri qayıtmamışam.
Minnətov - Nə demək istəyirsən?
İlyas - Dediyimdən artıq heç bir şey.
Minnətov - Məni hirsləndirməyin, mənim qəlbim xəstədir. Cavan oğlan, bunu bilirsiniz. Odur ki, qəsdən məni əsəbiləşdirirsiniz.
Ülkər - Yaxşı, davanız bura qalmayıb, bir kiriyin görək.
Minnətov - Yox, mən şikəstəm. Şikəstə gülməzlər. Mənim yüz canım olsaydı, hər birini bu vətən torpağının bir qarışına qurban verərdim.
İlyas - Görünür, siz vətən torpağının boyunu 99 qarış hesab edirsiniz ki, bir canınızın artıq qalacağına əminsiniz.
Minnətov - Cavan oğlan, bu mənim dostumun evidir. Nəhayət, burda prokuror oturub. Mən sizi məhkəməyə çəkərəm. Mən sizin kimi arxada oturmamışam. Mən Vətən yolunda öz qanımı tökmüşəm, yaralanmışam. Mən cəbhədən geri qayıtmışamsa, onun üçün əsasım var. Buyurun, komissiyanın qərarı, on dörd azarım var, buyurun…
Ülkər - Boy, evin yıxılmasın, bu on dörd azarnan necə ayaq üstə gəzirsən, ay abatıxeyir!…
Minnətov - Ay Ülkər xala, ölüm satın deyil ki, alaydım. Neyləyim, bəxtim belədir. Mən cəbhədə olanda, güllə dörd yandan, eh…

Qapıdan səslər gəlir.

Muğan - Bəri gəl, bəri gəl, görüm səni kim ürküdüb, ay dəli ceyran?
İntizar - Heç kəs, ata, vallah heç kəs. Aylı gecədə özüm bir az gəzmək istədim.

İntizarla Muğan gəlirlər.

Muğan - Hamı burdadır ki! (Vəfa ilə görüşür).
Vəfa - Buyur, müəllim.

İntizar bir tərəfdə oturub İlyasa baxır.

Muğan - Nə var, nə yox? Mən, adətim üzrə, evə getməmiş, gəldim sənin kefini soruşum.
Vəfa - Sağ olun, müəllim, bir şey yoxdur.
Muğan - Bəs niyə hamınız küsülü adam kimi, belə dayanmısınız?
İlyas - Bahadır gələsiydi, gəlib çıxmayıb.
Muğan - Necə gələsiydi, gəlib çıxmayıb? Məni bir yaxşı başa sal görüm.
Vəfa - Mən özüm də bir şey anlamıram.

İlyas Muğanı bir tərəfə çəkib ona əhvalatı söyləyir.

Muğan (Vəfaya) - İndi neyləmək fikrindəsən?
Vəfa - Heç özüm də bilmirəm, müəllim. Başımı itirmişəm.
Muğan - Bax, bu nahaqdır. Adam nə qədər çətinə düşsə də, gərək özünü itirməsin. Elə deyilmi, İntizar?
İntizar - Mən bir dəfə mane olmuşam, ikinci dəfə söhbətə qarışmaq istəmirəm.
Vəfa - İntizar.
İntizar - İstəyirsiniz, İlyas kaman çalsın, özü də ay işığında…
Ülkər - Bu da bayaqkı deyil, işığı yandırıb maskirovkanı pozasan. Dünən də dejurna durmamısan. Yanı şair dejurna duranda şer yaza bilməz?
Minnətov - İcazənizlə, mən gedim. Bir yazıq kolxozçu var. Nahaqdan dolaşdırıblar. Bizim bu hakimlər də lap ağ eləyirlər. On ildən aşağı say bilmirlər.
Muğan - Bəli. Adamın adamı gərəkdir. Bir axmağın birini veriblər mənə, gərək mən onu elmi işçi hazırlayım. Nədir, adamı var. Mən görürəm ki, ondan nəinki elmi işçi, heç malgüdən də çıxmaz. Ancaq gəl bunu de, isbat elə. O saat töküləcəklər üstünə, o qədər iclas eləyəcəklər ki, axırda canının dərdindən durub deyəcəksən, baba, səhv eləmişəm, əl çəkin. Məsələ də bununla qurtaracaq, yelbeyin tələbə də qalacaq kafedrada. İş xəbər alanda, gözünü döyəcək, rast gələndə, gözləyəcək ki, əvvəl mən ona salam verim…
Vəfa - Müəllim, siz tək-tək hadisələri ümumiləşdirirsiniz. Bəlkə də bir yerdə belə bir hadisə ola bilər. Yox, dayanın, olur, var… Ancaq hər yerdə belə deyil, axı.
Muğan - Onu mən də bilirəm. Əlbəttə ki, belə yerlər çox azdır. Ancaq bir yerdə niyə belə olsun? Sən prokurorsan, bütün haqsız işlərin qabağını almalısan.
Minnətov (zarafatla) - Vəfa xanımın prokurorluğu elə bizim başımızda tamam olur. Mən zəşşişat eləyirəm. O, protest yazır, qərarı pozdurur. Mən cəbhədə olanda, eh…
Muğan - Yox, onu yaxşı eləyir, yoxsa sənin kimi vəkillərin ümidinə qalsa, dələduz əlindən şəhərdə tərpənmək olmaz.
Minnətov (gülərək) - Haqlısınız, haqlısınız, müəllim. Biz vəkillər çox ürəyiyumşaq oluruq.
Muğan - Ürəyiyumşaq hə… Əliuzun olanlar necə?!

Telefon səslənir.

Vəfa - Allo, mənəm, gəlirəm.

Vəfa qapıdan çıxmaq istərkən, qapıda Xasaya rast gəlir.

Xasay - Bıy, Vəfa bacı, mən gəlməkdə, sən getməkdə!
Vəfa - Xasay!

Xasay əlindəki bağlamını yerə qoyub o yan-bu yana baxır.

Xasay (içəri girir, Ülkər xalanı qucaqlayır) - Ana!…
Ülkər - Ağrın alım, gəlib çıxdın?
Minnətov - Da, qəribədir… (Ürəyini tutur)
Muğan - Sənə nə oldu?
Minnətov - Heç keçər… Bu yoldaşı gördüm, cəbhə yadıma düşdü.
Xasay - Bu yoldaşa nə olub, deyəsən, bunun cəbhə azarı var?
İlyas - Cəbhə azarı nədir?
Xasay - Cəbhə azarı belə bir cür azardır, adam durduğu yerdə yıxılır, ürəyi gedir.
Minnətov - Elədir, yoldaş əsgər. (Bir az fikirləşir). Ancaq qəribə adı var…
Xasay - Çünki, yoldaş, adını da bilmirəm, bağışla…
Minnətov - Balağa Minnətov, kollegiya zaşşitnikovun üzvü, yurist.
Xasay - Hə, yoldaş Ağabala, cəbhə azarı belədir ki, bir də görürsən, göydən vıyıldıya-vıyıldaya bomba gəlir, səngərdən qalxıb irəli getmək lazım olur. Onda bəzi adamları belə azar tutur. Biz o gün bir beləsini güllələdik, getdi.
Ülkər - Yaxşı, abatıxeyirlər, azarlıları niyə gülləyirsiniz, insafınız yoxdu bəyəm?
Xasay - Ay ana, bu elə azardır ki, birini güllələyəndə, o biriləri sağalır.
Minnətov - Yoldaş əsgər, görürəm siz məni ələ salırsınız!
Xasay - Yox, allah eləməsin. Mən gördüyümü deyirəm.
Minnətov - Çox sağ ol, yoldaş əsgər! Neyləyək, zərər yoxdur, qismət olar, cəbhədə görüşərik, onda görərsən analar necə oğul doğub, mən cəbhədə olanda. Eh… xudahafiz, Vəfa xanım, fikir eləməyin. Sağ ol, müəllim. Taparıq Bahadırın yerini, taparıq…
Xasay - Bahadırın yerini?
Ülkər - Otur.
Xasay - Ana, bir dayan, axı bəs kapitan hardadır? Niyə belə karıxıb qalmısınız?
Vəfa - Kapitan gəlməyib.
Xasay - Bir toxta, toxta görüm, nə danışırsan, necə yəni gəlməyib. O məndən üç gün sonra qospitaldan çıxıb gələcəkdi. Kağız da vermədi, dedi, heç xəbər də eləmə, qoy qəfildən gəlim. Odur ki, anam kənddə olanda, mən ona da demədim.
Muğan (Xasaya yaxınlaşır) - Deyirsən sən ondan qospitalda ayrıldın? Yarası necə idi?
Xasay - Yarası? Əşi, lap sağalmışdı.
Muğan - Lap sağamışdı, deyirsən? Siz nə vaxtdan bir yerdə yatırdınız? (Danışa-danışa çıxırlar).
Vəfa (dəstəyi götürür) - Eyvaz, danışan Vəfadır, məni gözləməyin, müstəntiqi çağır, özün onunla danış.
İntizar (Vəfaya yaxınlaşır) - Vəfa, gözümə düz bax, sənin bu həyəcanın səmimidirmi?
Vəfa - İntizar, sən eyhamla danışırsan, bu sualın mənası nədir?
İntizar - Mənası? Vəfa, mən səni dünyalar qədər sevirdim. Mən sənə yoldaş, dost, bacı kimi baxırdım. Mənim sənə olan məhəbbətimin yolu qəlbimin yaraları üstündən keçir. Ancaq…
Vəfa - İntizar, aydın danış.
İntizar - Yox, yox, mən istəyirəm ki, bunların hamısı yalan olsun.
Vəfa - İntizar, mən səni anlamıram.

İntizar bir qədər düşündükdən sonra qoynundan bir məktub çıxarır.

İntizar - Al, oxu.
Vəfa (məktubu alıb oxumağa başlayır) - "İntizar, əsgərlərə hissə qapılmaq yaraşmaz. Ancaq qəlb ağrısının nə demək olduğunu, bəlkə sən bilmirsən. Mən Vəfanı itirdim. Onunla bağlı olan bütün gənclik xatiratım da məhv oldu. Mən şikəst olduğum haqqında məktub yazıb onu sınamaq istədim. Bəlkə də haqsızdım. Ancaq bir yoldaşımla mübahisə etmişdim. "Mən cəbhədən şikəst, qolsuz, ya ayaqsız qayıtsam da, o, məni sevəcəkdir", - deyə lovğalandım. Gözlədim, gəlmədi, yerimi sənə də yazmıram, nə lazım… Mən yenidən cəbhəyə qayıtdım. Vəfaya bir söz demə! Qoy o, öz həyatını istədiyi kimi qursun…"

Vəfa kağızı ovcunda büküb ayağa qalxır. Diqqətlə üzünə baxan İntizara yaxınlaşıb birdən onu qucaqlayır.

Vəfa - İntizar, bacım, mən məktubu gec almışam. Mən Bahadırın eşqinə vəfasız çıxmamışam!
İntizar (həyəcanlı) - Vəfa, demək, sən onu yenə bütün qəlbinlə sevirsən, elədirmi? (Birdən hönkürüb ağlayır).

Pərdə.