VƏFA
Üçüncü şəkil
Balağa Minnətovun evi. Etajerkada kitablar yığılmışdır.
Divarda sıra ilə portretlər asılmışdır.
Bir tərəfdə böyük xətlə "Rica olunur
bərkdən danışmayasınız, ürəyi
xəstə olan var!" sözləri yazılmış
bir lövhə görünür. Mirzə Pomoşnik
stolun üstünü düzəldir.
Minnətov (telefonla danışır)
- Yox, yox, sən öləsən, kasatsiya yazmışam,
necə baş tutmaz? Canım sağ olsun, yenə əlli
faizi var ki. Hə… hə…
Pomoşnik - Ay kişi, vallah səni gərək
lap ingilis padşahına köməkçi qoyalar. Bu tədbir
ki səndə var, nə deyim!
Minnətov - Mirzə, tədbir yerində,
ancaq işlər yaxşı getmir. Zəhmət çəkdik,
ova çıxdıq, amma zəhrimar tilova gəlmir ki,
gəlmir…
M.Pomoşnik - Yəni sənin tədbirin
işləməyən yer də var?
Minnətov - Var, ay Mirzə, var. Yaxşıdı
ərini vağzaldan qaytardıq. Sən özün bilirsən
ki, mən bir arvada bir saat, bir gün, lap uzaq başı,
özünü öldürsə, necə deyərlər,
defisit mal olsa, üç gündən artıq sərf
eləmərəm. Bu zalımın qızına neçə
aydır bir yan ala bilmirəm ki, bilmirəm.
M.Pomoşnik - Ətirfilan kar açmır?
Minnətov - Yox.
M.Pomoşnik - Naxışlı çulki?
Minnətov - Yox.
M.Pomoşnik - Krepdişin?
Minnətov - Yox! Yox!
M.Pomoşnik - Pah atonnan, yaxşı, modelni
tufli?
Minnətov - Yox ey… Belə şeylərlə
onu fəth eləmək olmaz.
M.Pomoşnik - Ay kişi, onda bu arvad olmadı
ki, lap blindaj oldu, blindaj!
Minnətov - Bəli, Mirzə, o belə
arvaddır. Bu gün gör mənə nə yazır.
Mən ona dərdimi yazmışam, ay ürəyim şikəstdir,
ay ölürəm, ay sənsiz gecəm-gündüzüm
yoxdur. Gör mənə nə cavab yazır. (Kağızı
verir).
M.Pomoşnik - "Vətəndaş Minnətov"
…Vətəndaşa bax ha… " Qəlbinizin şikəst
olduğundan və məni dərya qədər bir məhəbbətlə
sevdiyinizdən yazırsınız. Mən Əlillər
İttifaqı deyiləm. Həkimlikdən də başım
çıxmır. Sizin şikəst olduğunuza təəssüf
edirəm. Ancaq belə mənasız məktublarla bir
də mənə müraciət etməyin. Sizin məktubunuzu
alandan sonra son dəfə deyirəm ki, bizim aramızda
heç bir səmimiyyət ola bilməz. Mən bu vaxta
qədər sizə qarşı əlaqəmdə yanılmışam.
Görünür, siz ancaq özünü düşünən
bir eqoistdən başqa bir şey deyilsiniz. Əminəm
ki, bir də mənim adımı tutmayacaqsınız.
Vəfa".
Minnətov - Görürsən, Mirzə?
M.Pomoşnik - Lap Qəhrəmanov yazan hökmə
oxşayır.
Minnətov (diqqətlə kağıza
baxır, birdən barmağını dişləyir)
- Mirzə, bir dayan. Sən öləsən, tapmışam.
Aha, belə, belə, vəssalam. Lap yerinə düşüb.
Yaxşı, indi, Vəfa xanım, səninlə Bahadırın
görüşməyi getdi qurdnan qiyamətə!
M.Pomoşnik - Ay kələk professoru, yenə
nə düzəltdin?
Minnətov - Mirzə, sən öləsən,
heç belə şey ələ düşməz. Bax,
bu birinci sətri pozuram. Vətəndaş, şikəst,
qəlbin, filan. Qalanı qalır…
M.Pomoşnik - Nə olsun?
Minnətov - Hə, onu sən başa düşməzsən.
Elə ki bu məktub cəbhədə Bahadıra çatdı,
onda daha Vəfa xanım, xudahafiz… Lap yerinə düşdü,
gərək hərifi qoymayasan ayılmağa.
M.Pomoşnik - Axı nə olub, belə
düşmüsən onun dalına. Arvad azdır bəyəm?
Minnətov - Yox, Mirzə, burda hikmət
var. Bahadır gərək bura gəlməyə, bu bir.
İkincisi, sən ki arifsən. Prokuror ki oldu bizim əlimizdə,
ondan sonra gör nə gəlhagəldir. Onu yola gətirsəm,
daha bir vəkil qabağımda durmaz. Yola gəlməsə
də, elə-belə qoy bizi teatrda, evlərində, bir-iki
dəfə bir yerdə görsünlər, bəsdir.
Çöldə öskürək səsi gəlir.
Minnətov o biri otağa keçir.
Vəzir (başını içəri
salır) - Mirzə, salam!
M.Pomoşnik - Buyur, Vəzir qədeş,
buyur!
Vəzir - Yoxsa Balağa yenə məşğuldur?
Lap kor kimi, ayağımı yerə sürtə-sürtə
gəlmişəm!
Minnətov (gəlir) - Əşi,
gəl çıx da.
Vəzir - Nə var yenə, xeyir ola?
Minnətov - Nə olacaq, heç nə, sağlığın.
Elə-belə könlümə düşmüsən.
Vəzir - Bir yandan bu qaranlıq, bir yandan
da Allanın nazqəmzəsi. Zalımın qızı
deyir "beşulduz" olmasa, ayağımı qoymaram (Cibindən
konyak çıxarır).
Minnətov - Yoxsa Alla xanımı da çağırmısan?
Vəzir - Bəs necə? Allahı da, Şeytanı
da. Ancaq deyir saat ondan qabaq gələ bilmərəm.
Minnətov - Doktor, onlara lap nahaq demisən.
Vəzir - Təzə xəbər, necə
yəni nahaq demisən, yoxsa Mirzə Pomoşniklə
dübədü vurmaq istəyirsən? Yoxsa iclasdır?
Minnətov - Yox, iclas deyil. Qulaq as, Zeynəboğlunun
qardaşı vardı ha…
Vəzir - Hə, hə…
Minnətov - O məsələ yenə təzələnib.
Vəzir - Balam, daha mən neyləyim? Analizi
neçə dəfə düzəldərlər? Keçən
dəfə onu azad elədim, indi özgə komissiya göndəriblər.
Ordakı doktorların içində bir kişi yoxdur ki,
söz deyəsən söz eşidə.
Minnətov - Doktor, deyəsən məsələ
lap böyüyüb… Zeynəboğlunu başımızdan
rədd eləmək lazımdır.
Vəzir - Bəs bu gəlhagəl? Bu xam-xurd,
hamısı onun sayeyi mərhəmətindən deyilmi?