VƏFA
Səkkizinci şəkil
Firuzə - Bu şeri ona yazdığını
bildimi?
İntizar - Yox. Kədər xoşbəxtlərin
dilinə tərcümə edilməyən bir dastandır,
Firuzə. Mən bunu bildiyim üçün də şerimi
oxudum.
Bahadır, leytenant Əli ilə gəlir.
Firuzə - Mən sənin kimi şairə
olsaydım, İntizar, bizim kapitana lap böyük, ey…
"Min bir gecə" nağılı boyda bir dastan yazardım.
İntizar - Kapitan haqqında dastan yazmaq
çətindir, Firuzə, belə adam dastana sığmaz.
Firuzə - O gecə onu görəndə
mən gözlərimə inanmırdım. Üzü-gözü
qan idi.
Bahadır (Əliyə) - Hücumun
əsas mənası da burdadır. Qoy düşmən
arxadan arxayın olub bütün gücünü bura
versin.
Əli - İndi çatmış olarlar.
Bahadır - Atışma səsi gəlmir.
Demək, onlar xətti gizli keçə bildilər.
Əli (Bahadıra) - Birdən uşaqlar
davam gətirməyib qalxsalar, bütün planlar pozula
bilər, kapitan.
Bahadır - Mən onlara inanıram. (Qızları
görür). Qızlar, kimi gözləyirsiniz?
Firuzə - Kombat əmr elədi ki, ha burda
gözləyək, qabağa gedəcəyik.
İntizar - Yaranız necədir, kapitan?
Bahadır - Sən bağlayan yara heç
ağrıyarmı? (Gülür).
Firuzə - Kapitan, sizə məktub vardı,
aldınızmı?
Bahadır - Aldım.
İntizar - Vəfadandırmı?
Bahadır - Vəfadan… Mən bu adı unutmağa
çalışıram.
İntizar - Siz bu adı unutsaydınız,
bu, dünyada işlənən cinayətlərin ən
böyüyü olardı, kapitan.
Bahadır - Mən də bir zaman elə
düşünürdüm. (Əli uzaqlaşır).
Firuzə - İntizar, gedək, vaxtdır.
İntizar (cibindən bir kağız
çıxarıb Firuzəyə verir) - Bu, cəbhədir,
Firuzə, əgər mən ölsəm, bu məktubu
kapitana verərsən.
Firuzə - Sən nə danışırsan,
İntizar?
İntizar - Əgər sağ qalsam, yenə
də özümə qaytararsan. (Tərəddüd
edən Firuzəyə baxır). Bu mənim yoldaşlıq
təvəqqemdir.
Firuzə məktubu alır. Gedirlər.
Bahadır - Xətt hazırdırmı?
Telefonçu - Hazırdır, yoldaş kapitan.
(Gedən qızların dalınca baxır, növbətçiyə
müraciət edir). Növbətçi, leytenant Balayı
telefona çağır.
Telefonçu - Leytenant Balayı telefona çağırım?
Baş üstə!
Bahadır (Əliyə) - Mənim
müəllimimin qızıdır. Bu sanitar qız Vəfa
ilə bir məktəbdə oxuyurdu.
Əli - Çox qoçaq qızdır. Srağa
gün təkbaşına 28 yaralını xilas edib.
Ancaq dərdli adama oxşayır. O dediyin həkim oğlan
bunumu sevir?
Bahadır - Bəli, İlyas, bu qızı
sevir. Ancaq İntizar ona həmişə "qardaş" deyir.
Əli - Keçmə bu qızların da
"qardaş-qardaşından". Söhbətin şirin yerində
birdən görürsən - qardaş!
Bahadır - Sən bu qızı tanımırsan!
Bu, həssas bir şairdir. Bəzi dil pəhləvanları
voyenkomata gedib özlərinə bron düzəldəndə,
bu, könüllü cəbhəyə gəldi.
Telefonçu - Yoldaş kapitan, leytenant Balayı
çağırdım.
Bahadır (yaxındakı qazmaya girir)
- Allo, Balay, odunları hazırladınızmı? Ocaqları
yaxşı qalayırsınız. Mən sənə
od göndərəcəyəm. Hərə öz yerini
bilsin, anladınmı? Vaxta az qalır. Azarlıların
kefini tez-tez soruşun.
Əli (saatına baxır) - Vaxt
nə ağır keçir.
Bahadır - Leytenant, darıxırsan? Müharibə
səni əsəbiləşdirib…
Əli - Yox, kapitan, belə müharibələr
məni əsəbiləşdirə bilməz. Hərdən
oturub fikirləşəndə, görürəm ki,
bütün keçirdiyim müharibələrdən ən
dəhşətlisi arvadımla apardığım müharibədir.
Bahadır - Həm də ki, hər dəfə
yəqin məğlub olmusan!
Əli - Sülh şərtləri də
çox ağır olub.
Uzaqdan yaşıl bir fişəng atılır. Eyni zamanda güllə səsləri havanı doldurur.
Bahadır - Başlandı! (Saatına
baxır). Leytenant, sağ cinahla əlaqə saxlayın!
Əli - Baş üstə. (Qazmaya girir.)
İkinci, üçüncü fişəng atılır. Sağ tərəfdən atılan fişəng ona cavab verir.
Bahadır (Əliyə) - 3-cü
bölük tutduğu yerdən tərpənməsin,
ehtiyat avtomatçılar dəstəsi əmrimi gözləsin.
Əli - Baş üstə!
Cəfərqulu (yaxındakı səngərdən
sürünüb çıxır) - Toplar, tanklar,
bax, div kimi gəlir.
Əlimərdan - Hara?
Cəfərqulu - Hər tərəfimizi
bürüyüblər.
Əlimərdan - Səngərə gir, zalım
oğlu, bizi də bada verərsən!
(Onun qolundan yapışıb səngərə sürüyür.
Gurultular şiddətlənir).
Əli - Balay deyir, hissələr tikanlı
məftili aşdılar. Düşmən arxasındakı
hissəmiz hələlik susur. Düşmən bütün
qüvvəsini bura atıb.
Bahadır - Balaya əmrimi yetir. Almanlar tərəfindən
yandırılan məscidin solunda yer tutsun.
Əli - Düşmən tankları bizim
istiqamətdə irəliləyir. Allo, kapitan, danışan
rabitəçi qızıl əsgər Daşdəmirdir.
Düşmən tankı onun olduğu səngərin
üstündədir.
Bahadır (telefona gəlir) - Daşdəmir,
allo, lap səngərin dibinə yat, qorxma, Qafqaz torpağı
namərd çıxmaz. O, səni saxlayacaqdır. Torpağa
qısıl, qardaşım, mətanətlə dayan.
Allo, allo… (Leytenanta müraciət edir). Tank yerində
burularaq onu altında əzmək istəyir. Allo, 14, çox
gözəl, beşi məscidin sol tərəfində.
(Dəstəyi leytenanta verir). Balaya xəbər
vermək lazımdır.
Firuzə ilə başqa bir sanitar yaralı İntizarı
gətirirlər.