VƏFA
Səkkizinci şəkil
Sakit gecə. Sabaha az qalmışdır. Pıçıltılar,
sürünüb uzanan kölgələr yaxın bir
fırtınanı xəbər verir. Qatar-qatar uçub
keçən durnaların qaqqıltısı eşidilir.
Qafqaz dağları görünür. Hərəkət
və hazırlıq bir an belə dayanmır, hərdən
uzaqda işıqlı fişənglər atılır.
Firuzə - İntizar, ha bu durnaların səsini
eşidirsənmi?
İntizar - Bizim doğma ellərin üstündən
uçub keçəcəklər.
Firuzə - Onların qaqqıltısı
kəndimizi yadıma saldı.
İntizar - Onlar yaralı torpaqların qəmgin
hekayətini söyləməyə gedirlər. Bir gün
gələr, ilk baharın ilıq havası ilə bu
durnalar da qayıdıb gələr. Ana vətən səməndər
quşu kimi yanğınların, alovların içindən
yenidən doğar.
Firuzə - Ay İntizar, hərdən mənə
elə gəlir ki, qorxulu bir yuxu görürəm. Vallah,
bu gördüklərimin heç birinə inanasım gəlmir.
Deyirəm məni qara basır. Ancaq ha bu ürəyimi
görürsən, həmişə ağrıyır,
deyir, yuxuda deyilsən. Ay İntizar, görəsən,
bu durnalar Şəkinin də üstündən keçəcəkmi?
Bircə onlara deyə biləydim ki, bizim evin səmtindən
uçanda, heç olmazsa, biri qanadından bircə tel salaydı,
özü də düz bizim eyvana. Yazıq cijim deyərdi
ki, durna lələyi xoşbəxtlikdir.
İntizar (öz-özünə):
Durnanın qatarı gör nə qəşəngdir!
Səhər buludları nə lalərəngdir!
Mehriban gözlərin yol çəkir yenə,
Bir səs deyir: unut, gəlməyəcəkdir!
Gecələr ay gəlib gəzir otaqda,
Gözlərin yoldadır, fikrin uzaqda.
Dostum, nə görmüşdür eşqin, sorsana,
Qəlbin otağında tək ağlamaqda
Firuzə - İntizar, bəs indi o hardadır?
İntizar - Mən onu qəlbimdən çıxarmadığım
üçün, yaxında, ya uzaqda olduğunun fərqi
yoxdur.
Firuzə - Heç olmasa, sənin eşqindən
onun xəbəri varmı?
İntizar - Mən ona heç bir zaman öz
məhəbbətimi açmamışam. Əgər
bu ölüm vadisindən sağ qurtararamsa, yenə də
illər keçəcək, saçlarım, ulduzum kimi
gümüş rənginə boyanacaq, ancaq o, mənim
eşqimin bağlı qapısını aça bilməyəcəkdir.
Mənim eşqim öz qəlbimin otağında tək
ağlayacaqdır.
Firuzə - Vallah, mən ha belə faciəli
məhəbbətin sirrini başa düşə bilmirəm.
İntizar - Onun özünə layiq ömür
yoldaşı var. (Bir qədər sükutdan sonra)
Belə ulduzlu bir gecə idi. Onlar ikisi pəncərənin
qabağında dayanmışdılar. Məndən rica
etdilər ki, bir şer oxuyum. Bu, ayrılıq gecəsi
idi. Onlar yeni evlənmişdilər, iki aylıq səyahətə
gedirdilər. "Gümüş ulduzum" adlı şerimi
onlara oxudum!
Firuzə - "Gümüş ulduzum?" Sən
heç bu şeri mənə oxumamısan
Bir oxusana, oxu,
İntizar!
İntizar şeri oxuyur. -
Gümüş ulduz, rəngin mənə tanışdır.
Qərib axşam, gəl könlümü danışdır.
Dərdlilərin göz yaşını qınama,
Məni hicran qayğısıyla sınama.
Gümüş ulduz, məni salıb duzağa,
Nədən belə çəkilmisən uzağa?
Dərdim kimi sənin nurun azalmaz,
Vüsal gəlib hicran bağı yaz olmaz!
Yenə bağda bülbül ağlar, gül ağlar,
Ürək ağlar, dodaq ağlar, dil ağlar.
Gümüş ulduz, sənə açsam dərdimi,
Bahar ağlar, xəzan ağlar, il ağlar!
Gümüş ulduz, mən yalqızam sənin tək;
Gəl könlümün həsrətini bölüşək.
Öz əlimlə qurban verdim eşqimi,
Mənə qaldı qırıqtelli bir ürək.