VƏFA
Yeddinci şəkil
Vəfa - Mən sənə bir bacı kimi
məsləhət görürəm ki, get. Mənim sənə
yazığım gəlir.
Vəsfiyyə - Yaxşı, yaxşı,
məsləhətin özün üçün qalsın.
Sənin özünə yazığın gəlsin.
Bir "hə" desəm, on dənə kişi birdən ayağıma
düşər. Mənə nə olub ki, yazıq oluram?
Vəfa - Sən, doğrudan da, köməyə
möhtacsan.
Vəsfiyyə - Dil-ağız üçün
var olasan. (Fırıldayıb gedir. Qapıda Ülkər
xala ilə üzləşir).
Ülkər - Belə niyə yellənib
gedirsən, ay abatıxeyir, nə var ki?
Vəsfiyyə - Vəfa xanımın leksiyasına
qulaq asdım, kefim duruldu. (Çıxır).
Ülkər - Nə olub, a qızım?
Vəfa - Heç. Ülkər xala, nə
var, yenə zəhmət çəkdin?
Ülkər - Zəhməti-zadı yoxdur.
Bir mənə de görüm, işləyən bir sənsən,
yoxsa bir qanun-qayda var? Bu boyda hökumətin işini bir
sənə tapşırmayıblar ki! İki gündür
bu idarədən çıxmırsan. Belə də qulluq
olar!
Vəfa - Neyləyim, Ülkər xala, iş çoxdur. Qurtarmaq lazımdır. Gec olur… Evə gəlməkdənsə, qalıram burda.
Ülkər (bağlamanı açır)
- Yəqin hələ səhərdən ağzına
bir loxma da almamısan. Vallah, Bahadır gəlsin, üç
gün-üç gecə elə səndən şikayət
eləyəcəyəm.
Vəfa - Təki müharibə qurtarsın,
Bahadır gəlsin, lap bir həftə, bir ay şikayət
elə, razıyam.
Ülkər - Eləyərəm, niyə
eləmirəm.
Vəfa - Görürəm, tək darıxmısan.
Ülkər xala, qəm yemə. Yaman günün ömrü
az olar. Müharibə qurtarar, Xasay qayıdar. Bahadır
gələr, yayda yenə kəndə, sizə gedərik.
Yenə quzuları özüm əmişdirərəm.
Yenə mən yallama at minib çapanda, sən balağını
belinə sancıb dalımca yüyürərsən.
Ülkər - Bu gecə Xasayı yuxumda
qarış-quruş görmüşəm. Ay qızım,
görürəm anasıölmüş odun-alovun içindən
əlini uzadıb su istədi. Yüyürüb bulaqdan
səhəngi doldurdum, elə az qalmışdı ki,
səhəngi ona verim, ayağım bir daşa ilişdi,
yıxıldım. Səhəng sındı, su dağıldı,
yuxudan ayıldım. Şeytana lənət oxuyub yatmaq
istədim, səhərəcən gözümə yuxu
getmədi.
Vəfa - Həmişə özün deyirsən
ki, su aydınlıqdır. Allah qoysa Xasay gələr,
ona bir yaxşı toy elərik.
Ülkər - Allah ağzından eşitsin,
ay bala! (Birdən stolun üstündəki şəkli
görür). Bu nədir, ay qızım?
Vəfa - Bu bir cani atanın günahsız
balalarıdır. Ülkər xala, bax, bunların atası
yalandan kağız düzəldib əsgərlikdən
boyun qaçırıbdır. Bu onun anası, bu da uşaqlarıdır.
Bu lap balacasına bax, gör necə yazıq-yazıq
boynunu büküb…
Ülkər - Əlbəttə, yazıqdır,
a qızım, yazıqdır.
Vəfa - Bu, bir dəstədir, get-gedə
kələfin ucu açılır. Deyəsən, Minnətov
da dəstənin başçılarındandır. Görünür,
bizim bu Mirzənin də əli var.
Ülkər - O Minnətovdan nə desən
çıxar, qızım, elə əvvəlindən
mənim ondan gözüm su içmirdi.
Vəfa - Ülkər xala, sən mənim
yerimə olsaydın neylərdin?
Ülkər (ciddi) - Məndən
məsləhət xəbər alırsan?
Vəfa - Yadındadırmı, sən hər
zaman mənə deyərdin ki, mümkün qədər
insanlara yaxşılıq elə. Sən həmişə
deyərdin ki, mərhəmətli ol.
Ülkər - Doğrudur.
Vəfa - Mən bütün gecəni yatmamışam.
Bir tərəfdə cani, bir yanda günahsız uşaqlar.
İndi mən necə qərar verim?
Ülkər - Qızım, mən həmişə
sənə demişəm ki, ürəyində mərhəmət
olsun, hələ rəhmətlik anan sağ olanda, sən
13-14 yaşında qız idin, məktəbdə oxuyurdun,
yadımdadır, o da sənə deyərdi ki, bacardıqca
adama yaxşılıq elə.
Vəfa - Yadımdadır.
Ülkər - Mən yenə də sənə
həmişəki öyüdümü verə bilərəm.
Vəfa - Neyləyim?
Ülkər - Yaz, qoy güllələsinlər.
Bu uşaqların xatirinə sən gərək elə
eləyəsən, yazıqdırlar, xain atanın balası
olmaqdansa, yetim qalsalar, daha yaxşıdır.
Pərdə