[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Yeddinci şəkil



Zeynəboğlu - Yox, elə demə. Allah səni bizim üstümüzdən əskik eləməsin. Mən burda qapının dalındaydım. Mən eşidirdim. Sən ona yaxşı cavab verdin. Mənə julik deyir, bax, burda görürsənmi? (Stolun üstündəki kağızı göstərir) On səkkiz adamın qolu var. Hamıdan sud adına, prokuror adına rüşvət alıb, yalandan kağız düzəldib.
Vəfa - Bunlar çox yaxşı. İndi sən məndən nə istəyirsən?
Zeynəboğlu - Heç nə, sağlıq. Heç bir şey. Mənim səndən bir tük qədər də təmənnam yoxdur. Qoy elə o fırıldaqçılar cəzasını çəksin. Mənim qardaşım da güllələnsin. Lap günü bu gün.
Vəfa - Ayrı deyəcəyin varmı?
Zeynəboğlu - Heç zad, sağlığın, vallah, sizin kimi cavan kadrları görəndə, deyirəm, yox, ədalət var, ədalətsiz iş olmaz. (Getmək istəyir).
Vəfa - Xoş gəldin.
Zeynəboğlu (yoldan qayıdır) - Deyirəm, bu qardaş da elə iş tutub ki, heç vallah, adam söz demək də istəmir.
Vəfa - Sözünü qurtar.
Zeynəboğlu - Sözüm, heç nə, sənin sağlığın. Sən sağ ol, qoy dünya batsın, vallah hə…
M.Pomoşnik kağızlarla gəlib bir tərəfdə dayanır.
Vəfa - Rica edirəm, mane olmayın.
Zeynəboğlu - Gedirəm, gedirəm. (Qapıdan qayıdır). Yoldaş prokuror, bəlkə də qardaşın işinə birtəhər çəkəsiniz. İki uşağı, bir qoca anası, arvadı… Bir çətən külfətdir.
Vəfa - Bəs çətən külfəti əvvəldən fikirləşməmişdinizmi?
Zeynəboğlu (ürəklənir) - Vallah, əlimə keçsin, onu lap mal döyən kimi döyüb düz cəbhəyə göndərəcəyəm.
Vəfa - Sən zəhmət çəkmə, mən çalışaram ki, o, cəbhəyə getməsin.
Zeynəboğlu (tərəddüdlə) - Allah köməyin olsun, vallah biz də xəcalətdə qalan adam deyilik. Sağlığınıza əliboş deyilik ki…
Vəfa - Necə? Gedə bilərsiniz. Sənin qardaşın kimilərinə biz müqəddəs torpağımızın müdafiəsini tapşırmarıq. Sən də layiq olduğun mükafatı alarsan.
Zeynəboğlu - A kişi, ədalət nə qayırır?! Bunlar zəhmətkeş əhalini qapıdan qovur. Belə də prokurorluq olar! Belə də müsibət olar! Gedirəm bu saat düz Verxovnı suda!
M.Pomoşnik - Zeynəboğlu, döymədiyin qapı qalmadı ha… Niyə baş aparırsan?
Zeynəboğlu - Sən də quyruq bulayırsan? Elə işlərin başı sən deyilsənmi?
M.Pomoşnik - Bircə canın, çıx, uzun eləmə.
Zeynəboğlu - Haqq eləyirsən mənə!.. Çox haqq eləyirsən. Mən qucaq-qucaq pulu sənin cibinə dolduranda, belə olar. Zərər yoxdur. Qoy o Minnətov da, sən Mirzə Pomoşnik də mənə bildiklərinizi eləyin. Mən bu heyfi yerdə qoysam, adımı çevirib Mirzə Pomoşnik qoyaram.
M.Pomoşnik - Sən piyansan, get-get… (Onu itələyib çıxardır).
Vəsfiyyə - Bıy, ay Vəfa, sən də özünə sənət tapdın! Bu çərənçi kimdir belə?
Vəfa - Rüşvət verməyə, donos yazmağa öyrənmiş bir anasının oğlu.
Vəsfiyyə - Heç bilirsən başıma nə gəlib?
Vəfa - Nə var ki? Yoxsa Minnətovla aranız dəyib?
Vəsfiyyə - Yerə soxum Minnətovu.
Vəfa - Niyə?
Vəsfiyyə - Heç, bir məsələ vardı… razılıq vermədim, indi düşnüşüb mənnən.
Vəfa - Nə olub, axı?
Vəsfiyyə - Sən allah, sən bir paxıllığa bax. Bizim domkomu görmürsən? O gün mənə deyir ki, sən niyə bekar gəzirsən? Bir işə gir. Mənə nə olub, işə girəm! Aqusyanın atestatı sağ olsun, ayda min manat alıram. Ehtiyacım var nədi, işə girəm?
Vəfa - Vəsfiyyə, işə girmək ancaq ehtiyacdan deyil ki! Aylarla adam necə bekar qala bilər?
Vəsfiyyə - Bekar niyə oluram, a bacım? Üç günnən bir manikür. Üç-dörd saat vaxtım gedir. Zavivka oçeredini görsən, qorxarsan. Axı evdə qulluqçu ola-ola mən nə iş görüm… Yox, sən bizim upravdomu tanımırsan. İfritənin biridir. Üzünə baxan yoxdur, mənim paxıllığımı çəkir. Ürəyi partlayır.
Vəfa - İndi nə olub ki?
Vəsfiyyə - İndi də məni spesrabotadı, nədi, o, yer qazımağa göndərmək istəyir. Sənin canın üçün, hirsimdən lap bağrım çatlayır. Mən, Vəsfiyyə xanım, gedib yer qazım? Ax, Aqusya, Aqusya!
Vəfa - Vəsfiyyə, bacım, bəs bu gündə də biz vətənə kömək eləməsək, nə vaxt eləyəcəyik?
Vəsfiyyə - Vətənə kömək, niyə eləmirəm? O gün gəldi, fond oborona 50 manat verdim, yaxşı bir odekalon vardı, qonşu satırdı, almadım, pulu verdim fonda. Daha bundan artıq nə istəyirsən?
Vəfa - Pul öz yerində, bizim qardaşlarımız, atalarımız cəbhədə qanlarını əsirgəmirlər. İndi biz öz şöhrətimizi qorumasaq, bəs sabahkı gündə düşmən aşıb gəlsə, yaxşı olarmı?
Vəsfiyyə - Ay Vəfa, lap sən də bizim upravdom kimi mənə leksiya oxuyursan.
Vəfa - Bəs sən nə gözləyirdin?
Vəsfiyyə - Mən deyirdim tanışsan, dostsan, sənin sözün keçər. Bircə götürüb, raykomdu, nədi, zəng eləsən, azad edərlər. Yəni mən getməsəm, vətən müdafiə olunmaz?
Vəfa - Niyə, vətəni müdafiə eləyənlər çoxdur. Sənsiz də keçər. Ancaq sağlam adamsan, niyə boş-bekar qalasan? Oradakı iş sənin özünə də çox xeyir verər. Sən mənim sözümə inan. Gedib bir-iki ay orda qalsan, çox yaxşı olar.
Vəsfiyyə - Çox sağ ol. İki ay!.. Heç olmasa, upravdom deyir ki, on beş günlüyə… sən vurdun kəlləçarxa.