[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Yeddinci şəkil



Vəfanın kabineti. Dəmir kassa. Çarpayı. Vəfa görünür. Başladığı sözə davam edir.

Vəfa - İntizar mənə yazır ki, məktubu kim isə dəyişdirmişdir. Ancaq xətt sənindir. Mən özüm də bir şey anlaya bilmirəm. (Mirzəyə) Deyirəm, bəlkə sən bir şey bilirsən?
M.Pomoşnik - Yoldaş prokuror. Mənim qırx səkkiz yaşım var. Sinnimin bu çağında belə şey yaraşarmı?
Vəfa - Mən səni demirəm ki, İntizarın dediyi məktubu deyirəm. O, mənim Minnətova yazdığım cavab məktubudur.
M.Pomoşnik - Minnətova siz nə məktub yazmısınız ki?
Vəfa - Heç, bir hadisə vardı.
M.Pomoşnik - Vəfa xanım, məni bağışlayın. Mən heç bir şey demirəm. Ancaq siz prokuror kimi yaxşı fikirləşin. İntizar xanım Bahadırı tapmaq, onun yanına getmək üçün çox can atırdı. Sözüm yox, çox namuslu, sədaqətli qız idi. Ancaq nə deyim, vallah…
Vəfa - Nə deyəcəksən, de.
M.Pomoşnik - Heç nə… Deyirəm yəni insandır da. Qız könlüdür, məktubu dəyişik salar, itirər, nə bilim vallah, öz ürəyim təmizdir, mövhumatçıların sözü olmasın, imanımı yandırıb özgəyə necə böhtan deyim?
Vəfa (düşüncəli) - İntizar mənə bacıdan yaxındır. Bu çirkin fikirlər ancaq qəlbiqara adamların başına gələ bilər.
M.Pomoşnik - Yox, mən demirəm ki, yəqin belədir; ancaq hər halda yaxşı-yaxşı fikirləşin.
Vəfa - Yox, bu barədə mən fikirləşmək də istəmirəm.
M.Pomoşnik - Siz Şeyda xanımın da işi haqqında mən deyənə inanmadınız.
Vəfa - Abdulov işi düz kəsib. O, çox namuslu hakimdir. Onlar böhtan deyirlər.
M.Pomoşnik - Böhtan da olsa, möhkəm düzəldib zalım uşağı. Hər halda, mənim qırx səkkiz yaşım var, bu sinnimdə pis məsləhət vermərəm.
Vəfa - Düzəltsinlər. Biz də həqiqəti meydana çıxardarıq.
M.Pomoşnik - Yoldaş prokuror, siz cavansınız. Bu qurdları tanımırsınız. Bu İbadov yıxmadığı ev yoxdur, onun sizə də ziyanı dəyəcək.
Vəfa - Zərər yoxdur, bilirəm ki, arının yuvasına toxunanda, qalxıb adamı sancar. Ancaq bu mənim vətəndaşlıq borcumdur.
M.Pomoşnik - Doğrudur, yoldaş prokuror, ancaq ehtiyatlı olun. Yıxılmaq istəməyən gərək ayağının altına baxa. Həm də bu, qadın məsələsidir. Onlar çox incə yerdən yapışıb.
Vəfa - Öz heysiyyətini qorumayan bir qadını mən müdafiə edə bilmərəm. Qoy öz namusuna qiymət qoymayan və gündə bir uşaq doğub onun-bunun boynuna atan qadınlar bilsinlər ki, sovet qanunları onları qorumayacaq.
M.Pomoşnik - Dünən o Zeynəboğludu nədi, yenə gəlmişdi.
Vəfa - Quyruqları qapı arasında qalıb.
M.Pomoşnik - Başlayıb Minnətovdan. Belə gəldi, elə getdi.
Vəfa - Olsun. Qoy bir-birinin dərisini didsinlər. İki caninin dalaşması ədalət işinə kömək edər.
Minnətov (daxil olur) - İcazə olarmı?
Vəfa (Mirzə Pomoşnikə) - Yazıb hazırlayın, sonra mənə göstərərsiniz.
Minnətov - Salam. Mən sizin yanınıza gəlməzdim. Ancaq iş məni məcbur elədi.
Vəfa - Mən sizi dinləyirəm.
Minnətov - Siz Zeynəboğlunu yaxşı tanımırsınız. O, bizim əleyhimizə açıq təbliğat aparır.
Vəfa - Sizin, yəni kimin?
Minnətov - Biz? Biz? Yəni necə? Biz sovet xalqı, namuslu vətəndaşlar.
Vəfa - Aha, namuslu adamlar…
Minnətov - Bəli, o, julikdir…
Vəfa - Niyə?
Minnətov - Niyə? Çünki hərbi xidmətdən boyun qaçıran qardaşını qurtarmaq üçün sizin də, mənim də adımızı ləkələmək istəyir.
Vəfa - Ləkələmək istəyir?
Minnətov - Bəli. Bəli… İnandırıram sizi. Bahadırın canına and olsun.
Vəfa - Bahadırnan işiniz yoxdur. Nə istəyirsiniz?
Minnətov - Mən bir dost kimi sizin yanınıza gəldim. Bir namuslu adam kimi…
Vəfa - Sizin namus ölçünüz, görünür, rezindən qayrılmışdır, uzun, gödək, bütün boylara düz gəlir. Mənim sizə deyəcək sözüm yoxdur.
Minnətov - Mənim vəzifəm sizi xəbərdar etməkdir. Mən on dörd ildir vəkiləm. Sizin prokurorluğa başladığınız üç gün bir həftədir.
Vəfa (zəngi basır. M.Pomoşnik gəlir) - Dünənki işləri mənə ver.
Minnətov - Mən dostluqda möhkəm olduğum kimi, düşmənçilikdə də möhkəm adamam, Vəfa xanım.
Vəfa - Dostluğunuzu görmüşəm, düşmənçiliyinizi də görməyə hazıram.
Minnətov - Mən gedirəm. Ancaq onu bilin ki, mən heç kimin qarşısında əyilməmişəm.
Vəfa - Adətdir, meyvəsiz budaqlar başını dik saxlar. (İşə baxır. M.Pomoşnikə) Əlavə material aldınmı? O nədir?
M.Pomoşnik - Zeynəboğlu gətirib (kağızları ona verir). Vallah, nə deyim, adamın yazığı da gəlir.
Vəfa (şəklə baxır) - Bu, insan faciəsidir. O, cinayət işləyəndə, yəqin ki, bunlar yadından çıxmışdır. Lakin fəlakət qapını döyəndə, insan mehribanlaşır. O zaman yuxudan ayılan kimi olur. Ətrafına baxır. Ana, uşaq, külfət… (telefon zəng çalır.) Allo, məşğulam, yaxşı, Vəsfiyyə, gəl.
Zeynəboğlu (başını içəri salır) - Bircə dəqiqə.
Vəfa - Nə istəyirsiniz?
Zeynəboğlu - Yox, yox, bir fikir ver, gör nə deyirəm. Vallah, dünəndən bütün gecə elə hamımız, o yazığın yetimləri də sənə dua eləyib.
Vəfa - Mənim nəyimə dua eləyirsiniz ki?