VƏFA
Altıncı şəkil
Cəbhə xətti. Qaranlıq.
Əlimərdan - Cəfərqulu, ay Cəfərqulu!
Cəfərqulu - Nə var… ə… Yenə
dil-boğaza qoymursan?
Əlimərdan - Heç bilirsən yadıma
nə düşdü?
Cəfərqulu - Əlimərdan, ağzını
avara qoyma. Qulağın səsdə olsun, qurd qaranlıq
sevər, deyərlər.
Əlimərdan (bir qədər sükutdan
sonra) - Cəfərqulu, ay Cəfərqulu, Cəfərqulu…
Cəfərqulu - Deyəsən, yenə
tutman tutub ha…
Əlimərdan - Deyirəm, görəsən,
indi bizim arvad neyləyir?
Cəfərqulu - Neyləyəcək, əlini
göyə qaldırıb dua eləyir.
Əlimərdan - Dua? Bu vaxt nə dua?
Cəfərqulu - Allaha dua eləyir ki, altı
aydı sənin sir-sifətini görmür.
Əlimərdan - Ə… Heç insafın
yoxdurmu? Biz arvadnan belə dolanmışıq bəyəm?
Cəfərqulu - Bilmirəm. Arvaddan nə
desən gözləmək olar.
Əlimərdan - Yox, əzizim, sən Pərnisəni
tanımırsan. Quş var ətin yeyərlər, quş
var ət yedirərlər.
Cəfərqulu - Sus, gələn var.
Əlimərdan - Gələn nə qayırır,
ə? Sən adamı ürək qopmacasına salarsan.
Cəfərqulu - Nə deyim, mən ki arvadlardan
bir yaxşılıq görməmişəm. Məktəbdə
oxuyanda bir qız sevmişdim; iki il hərrəndim, fırrandım,
sözümü ona deyə bilmədim. Bir gün eşitdim
ki, çıxıb gedib ərə.
Əlimərdan - Deməli, sənin sözündən,
qız gərək fala baxıb biləydi ki, sən onu
sevirsən?
Cəfərqulu - Nə bilim, əşi…
Eh, qaranlıq zəhrimar da elədir ki, gözə barmaq
soxsan, görünməz. Tankdan-zaddan buraxarlar, mərdimazar
uşağı, üstümüzə çıxar.
Əlimərdan - Gözün görmədi,
səsinə nə? Yoxsa qaranlıqda qulağın da
eşitmir?
Cəfərqulu (yerində diksinir)
- Kimsən, dur!
Firuzə (yaxınlaşır) -
Çaxmaq.
Cəfərqulu - Çkalov. Bu bizim Firuzə
xanımdır.
Firuzə - Axşamınız xeyir.
Əlimərdan - Hər vaxtın xeyir. Hara
belə?
Firuzə - Yaralı var?
Əlimərdan - Apardılar.
Firuzə - Kim apardı?
Əlimərdan - O saçlı qız nədi?
Firuzə - Hə, İntizarmı?
Əlimərdan - Bilmirəm adı nədir,
anam-bacım olsun, göyçək bir qızdır.
Firuzə - Leytenant necədir?
Əlimərdan - Qolunu sarıdırlar,
getmədi, o yanda ey… Ağacın dibindəki qazmadadır.
Firuzə - Hə, bu tərəfdə? Bir
gedim görüm.
Cəfərqulu - Gedirsiniz?
Firuzə - Gedirəm, necə?
Cəfərqulu - Heç.
Firuzə gedir.
Əlimərdan - Sənə nə olub, nitqin qurudu?
Cəfərqulu - Neyləyim, onu görəndə, nitqim batır. Hey istəyirəm bir söz deyəm, deyə bilmirəm.
Əlimərdan - Yazıq sənə gələn arvadın gününə. Yoxsa o dediyin qız budur?
Cəfərqulu - Yox, bunu görən gündən o, yadımdan çıxıb.
Əlimərdan - Gözlə, iki ili tamam olsun, sonra sözünü deyərsən.
Cəfərqulu - Yox, deyəsən, bunu uzağa qoya bilməyəcəyəm. Ancaq girəvə tapmıram.
Əlimərdan - Daha buna nə girəvə? Deyərəm, yoldaş tibb bacısı, mən qəti surətdə səni sevirəm, vəssalam!
Cəfərqulu - Deyər, nə olsun?
Əlimərdan - Nə olsun? Heç nə! Deyinən mən təklif edirəm ki, müharibə qurtarandan sonra mənə gələsən.
Cəfərqulu - Hey, hey, mən dedim, o da razı oldu.
Əlimərdan - Olmaz, olmasın.
Cəfərqulu - Demək hasantdır, gecələr gözümə yuxu getmir.
Əlimərdan - Bəlkə yuxunu qaçıran başqa şeydir? (Qulaq asır). Heç nə yoxdur. Cəfərqulu, ay Cəfərqulu.
Cəfərqulu - Nə var, ə, adımı əzbərləyirsən?
Əlimərdan - Lap arzum gözümdə qalıb. Bircə bu faşistlərin kökünü kəssəydik! Dava qurtaraydı, qayıdıb təpəl cöngəni özüm qoşaydım, oturaydım cütün boynuna; bircə ağız çölləmə deyəydim. Sabah üzü, evə gələndə, Pərnisə bir sərnic ayranı qoyaydı qabağıma, içib deyəydim: - Oxqay!…
Cəfərqulu - Sabahkı davadan salamat çıxsaq, onda mən sənə öz fikrimi deyərəm.
Əlimərdan - Niyə çıxmırıq? Elə çıxacağıq, kefin istəyən kimi. Sənin əziz canın üçün, özü də təkbaşına yeddisini öldürməsəm, ürəyim soyumaz.
Cəfərqulu - Yeddisini niyə?
Əlimərdan - Yeddi yaşında bir qızım var. Mən gələndə üzümə baxdı, gözləri doldu, dedi: - Ata, haçan gələcəksən? Eh, yadıma düşəndə ürəyimin başı göynəyir.
Cəfərqulu - Mənim də anam Bakıda qaldı.
Əlimərdan - Zərər yoxdur. Yenə qayıdarıq, Bakının işıqlı küçələrində qol-qola verib bərabər gəzərik.
Cəfərqulu - Arxayın ol, qol-qola gəzənlər tapılar, yenə də bizə macal düşməyəcək, o qədər dil pəhləvanı var ki…
Əlimərdan - Bağışlayasan, bu qanlar nahaq yerə tökülmür… Bu dava öz içimizi də saf-çürük elədi. Mərdnən namərd bilindi. Onda daha yağlı dilə baxan olmayacaq. Adamdan hesab soruşacaqlar, hesab: de görüm, xalqın ağır günündə vətən üçün neyləmisən?
Cəfərqulu - Neyləmisən?
Əlimərdan - Bəli… Vay o adamın gününə ki, birtəhər vaxtımı yola verim deyib, bu gün kölgədə gizlənir.
Cəfərqulu - Hənirti var, çəkil!
Çəkilirlər. Casusla Bahadır sürünə-sürünə gəlirlər.
Casus - Bu tel bizi hissələrdən birinə aparıb çıxardar. Bu, səhra telefonudur. Minalanmış yerlərdən də keçməyə kömək eləyər…
Bahadır - Hə…
Casus - İndi özün sürünə bilərsənmi?
Bahadır - Yox!
Casus - Mən yoruldum, buraları tanıyırsanmı?
Bahadır - Yox.
Casus - Səsinə nə olub.
Bahadır susur.
Casus - Sürünək?
Bahadır - Hə.
İrəli sürünürlər.
Əlimərdan - Tərpənməyin!
Casus - Qardaşlar, kömək eləyin.
Cəfərqulu - Nə kömək, yerinizdən tərpənməyin!
Casus - Onsuz da bunun tərpənməyə halı yoxdur.
Əlimərdan - Parol?
Casus - Çaxmaq.
Cəfərqulu - Çkalov. Kimsiniz?
Casus - Mən sanitaram. Bütün gecəni bu serjantı belimdə daşımışam. Həkim məntəqəsini göstərin.
Cəfərqulu - Həkim məntəqəsi yaxındadır.
Casus - Biz qaranlıqda yolu itirmişik.
Əlimərdan - Ötürəkmi?
Casus - Sağ olun, elə nişan versəniz, gedə bilərik.
Bahadır (qalxır) - Tutun, qardaşlar, bu, casusdur, mən kapitan Bahadıram!
Cəfərqulu - Necə, casus?
Əlimərdan (atılıb casusu yaxalayır) - Sən də onu tut, ta bunun necəsi yoxdur ki!
Firuzə (tələsik gəlir) - Nə var, nə olub?
Əlimərdan - Kömək elə, casusdur.
Cəfərqulu - Deyir ki, Bahadıram.
Firuzə - Necə? (Yaxın gəlib tanıyır). Kapitan Bahadır!
Əlimərdan - Sən bunu tanıyırsanmı?
Firuzə - Bu, üçüncü batalyonun kapitanıdır. Biz onu ölmüş bilirdik.
Əlimərdan - Gözlərinə inanma. Onlar hər cildə girərlər. Tapançanı bərk tut.
Cəfərqulu - Kişinin qızı deyir kapitandır, tanıyıram, sən də başlamısan ki, inanma.
Əlimərdan - Cəfərqulu, qolundan bərk yapış, kişinin qızının məsələsini sonra həll eləyərsən.
Firuzə - Leytenanta xəbər vermək lazımdır.
Əlimərdan - Cəfərqulu, sən də o kapitandı, nədi, onu əldən buraxma, demək olmaz, insandı, çiy süd əmib.
Casus (əldən çıxmaq istəyir) - Qolumu burax!
Əlimərdan - Heç zəhmət çəkmə, fələk özü də səni mənim əlimdən qurtarmaz.
Casus - Yaramaz!
Əlimərdan - Yarıyar, niyə yaramır?!
Pərdə