[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Beşinci şəkil



Bahadır - Eşidirsinizmi? O, bizim toplardır.
Mayor - O, top səsləri deyil, ölən bir qocanın son öskürəkləridir.
Bahadır - Gələcək bizim mübahisəmizi həll edər, cənab.
Mayor - İnsan gələcəyi bilsəydi, həyat çox mənasız olardı.
Bahadır - Səhv edirsiniz. Mənasız olan bir həyatda insan gələcəyini bilmir.
Mayor - Siz gələcəyinizi bilirsinizmi?
Bahadır - Bilirəm.
Mayor - Sizi nə gözləyir?
Bahadır - Güllə.
Mayor - Yalandır, gördünüzmü, bilmədiniz. Mən sizi asacağam.
Bahadır - Əsas hadisə ölümdür, onun nə yolla icra olunması sizin cəlladlıq məharətinizdən asılıdır.
Mayor - Mən sizi öldürməyəcəyəm.
Bahadır - Onu siz bacarmazsınız.
Mayor - Nə üçün?
Bahadır - Çünki siz öldürməsəniz, yaşaya bilməzsiniz. Siz məni öldürməsəniz, işinizin adı nə olar?
Mayor - Siz mənim dustağımsınız.
Bahadır - Kimin dustaq olduğu şübhəlidir. Səhərə az qalır, siz hələ yata bilməmisiniz.
Mayor - Qolunuzdakı zənciri mənim əmrimlə açdılar.
Bahadır - Zəncir kimin qoluna bağlandığına qarşı çox laqeyddir. O sabah sizin qolunuzda ola bilər.
Mayor - Hər günün bir hökmü var, demək istəyirsiniz?
Bahadır - Yox, bütün günlərin hökmü birdir, deyirəm.
Mayor (gülərək) - Möhtərəm filosof, bəlkə izah edəsiniz?
Bahadır - Bütün günlərin hökmü rəzalətə, qan və ölüm yayanlara əbədi məzar hazırlamaqdır.
Mayor - Siz yenicə roman oxumağa həvəslənən gənc bir qıza oxşayırsınız, kapitan… Siz xəyal dünyasında yaşayırsınız. Sizin rəhbərləriniz də hər zaman - son qalibiyyət bizimdir, - deyirlər. Ancaq alman orduları sizin boğazınızdan yapışıb, Sovetlər İttifaqı son günlərini yaşayır.
Bahadır - Siz arzularınızı həqiqət deyə təhvil verirsiniz, cənab. Hələ sovet yurdunun ucsuz-bucaqsız tarlaları azad nəfəs alır. Hələ böyük Rusiyanın əzəmət və qüdrəti sarsılmamışdır. Hələ Qafqaz dağlarında çox tərlan yuvası var. Mən doktor olsaydım, sizin gözlərinizə adi şüşədən eynək yazardım. Görünür, bu eynəklər sizə şeyləri çox böyük göstərir.
Mayor - Siz ağıllı adamsınız, kapitan. Mənim sizə heyfim gəlir. Bu dava böyük millətlər arasında gedən amansız mübarizədir. Siz azərbaycanlılar kimi kiçik bir millət bu davada nə qazana bilər? Siz qolunu daha bərk bağlamaq üçün zəncir hazırlayan bir qula bənzəyirsiniz.
Bahadır - Millətin böyüklüyü sayında deyil, cənab mayor. Ali irq dediyiniz siz almanların babaları vəhşi dəstələrlə basqın edib Roma mədəniyyətini dağıdanda, kiçik millət dediyiniz azərbaycanlılar sənət sarayları yaradırdı. Azərbaycan torpaqlarından gələn şer, musiqi səsləri bütün dünyaya yayılırdı. Biz qolumuza bağlanmış zəncirləri qırıb qılınc qayırdıq. Bu gün o qılıncları kinimizin alovunda yenidən qızardırıq. Bizim rus xalqı kimi qüdrətli qardaşımız, dostumuz, dayağımız vardır.
Zabit (daxil olur) - Cənab mayor, icazə verin!
Mayor (qapıya baxır) - Gətirin! (Xasayın hər qolundan bir soldat tutub içəri gətirirlər). Siz gedin! (Soldatlar Xasayı buraxırlar. O, kəsilmiş ağac kimi yerə yıxılır). Məzhəkəçi dost, deyəsən, ayaqların sözünə baxmır.
Xasay (gözlərini açır, güclə dirsəklənir, Bahadıra baxıb gülümsəyir. Lakin canının ağrısından dişlərini bir-birinə sıxır) - Mənə dəyən sənə dəysəydi, indi səsin o dünyadan gələrdi, cənab yefreytor.
Mayor - Əgər sizə kapitandan artıq hörmət göstəriblərsə, bu, ədəbsizlikdir.
Xasay - Cənab yefreytor, sizin adamlar döymək sənətini çox pis öyrəniblər, dəyənəyi adamın başına vururlar.
Mayor - Necə? Başınıza vurublar! Ay tərbiyəsizlər, gör necə ehtiyatsızlıq eləyiblər.
Xasay - Bəli, siz onları başa salın ki, əgər dəyənəyi bir neçə dəfə mənim başımda sınasalar, mən ölə bilərəm, sonra bekar qalarlar, cənab yefreytor.
Mayor - Mən mayoram, yefreytor sizinlə məşğul olan zabitin köməkçisidir.
Xasay - Mənə elə gəlir ki, bütün alman komandanlığı mənimlə məşğuldur.
Mayor - Siz belə bir şərəf üçün çox kiçiksiniz. Hələ mənə deyin görüm, dünənki təklifimə nə cavab verirsiniz?
Xasay - Bu gün cənab zabitin gətirdiyi sübutlar çox inandırıcıdır. Razılaşmaq lazım gələcək.
Mayor - Deməli, siz razısınız?
Xasay - Bəli, razıyam.
Mayor - Biz kapitanı zamin saxlayacağıq.
Xasay - Ancaq daha kapitanı incitməyəsiniz.
Mayor - Yox, yox, bu barədə arxayın olun.
Xasay - Deməli, şərtlər budur, mən sizin xeyrinizə işləmək üçün casusluğu boynuma götürürəm. Əlbəttə ki, bu, könüllü olsaydı, mən belə bir işə razı olmazdım.
Bahadır - Xasay, ağlın başındadırmı?
Mayor - Rica edirəm mane olmayasınız, kapitan, yoxsa on­suz da cənab Şults sizi gözləməkdən yorulub, lap itə dönübdür.
Xasay - Qoşunun miqdarı, aerodromlar və sairə… Aydındır.
Mayor - Əgər bizi aldatmaq fikrində olsan, əvvələn, özünü ölmüş bil! Sonra, kapitanın həyatını təhlükədə qoyacaqsan. Mən onu güllələyərəm. Səninlə bir nəfər bizim adam gedəcəkdir.
Xasay - Deyin mənə bir az su versinlər.
Mayor - Ey, qapıdakı, bura su verin!
Bahadır - Xasay, mən yuxu görürəm, nədir, bəlkə sən dəli olmusan?
Mayor - Siz qəribə adamsınız, kapitan. İki gündür o, özünü dəli kimi aparır, siz bir şey demirsiniz. İndicə ağlı başına gəlmişdir, siz onu dəli adlandırırsınız… (Su gətirirlər). Şults, kağızı mənə ver!

Zabit içəri girir, kağızı mayora verir.

Xasay - Bu mənim alman casusu olduğum barədə iltizamnaməmdirmi?
Mayor - Sən nə üçün belə qeyri-mədəni sözlər işlədirsən? Burda casusluq yoxdur. Sən artıq qan tökülməsin, şəhərlər, kəndlər xaraba qalmasın deyə, insanpərvər bir adam kimi alman ordusuna yardım göstərəcəksən… (Kağızı alır, oxumadan qol çəkir).
Bahadır - Xain, yaramaz!
Mayor - O, sizin həyatınızı xilas edir, kapitan.
Xasay - Bahadır, məni qınama, ölmək istəmirəm.
Bahadır - Sənin bu qədər alçaq olduğunu mən nə üçün bu vaxta qədər bilməmişəm?!
Mayor - Mən əmr edərəm, bu saat sənə paltar verərlər. Qaranlıq ikən yola çıxmalısınız. Sizi atəş xəttinə qədər ötürəcəklər. Sonrasını özün bilərsən (Gedir).
Bahadır - Heyf Ülkər xalanın südündən sənə!
Xasay (ona yaxınlaşır) - Bahadır, qardaşım, hazırlaş get, belə lazımdır.
Bahadır - Necə, mən, hara?
Xasay - Mənim əvəzimə sən gedəcəksən. Atəş xəttini keç­din, qurtardı. Sən kapitansan, daha lazımsan, səninlə gedən heyvanı da orda təhvil verərsən. Onsuz da mən bu yaralarla yaşamayacağam. Bunu onlar bilmirlər. Ancaq mən yaxşı bilirəm.
Bahadır - Xasay, sən nə danışırsan? Səni burda min əzabla öldürərlər. Yox, mən bunu edə bilmərəm.
Xasay - Ləngimək olmaz, Bahadır, səni gözləyirlər. Serjant Xasayı əvəz edən tapılar, sən daha lazımsan.
Bahadır - Yox, mən heç yerə getməyəcəyəm. Mən səni burda qoya bilmərəm, bir yerdə ölərik.
Zabit (paltarlarla daxil olur, əlindəki fənərlə otağı işıqlandırır) - Al, bu da paltar, tez ol!

Zabit çıxır.

Xasay - Vaxt keçir. İndicə mənim casus yoldaşım gələcək. Ləngimək olmaz. Hər ikimiz məhv olarıq. Belə bir fürsət əldən çıxar. Düşmən qazanar, biz uduzarıq.
Bahadır - Yox, yox, necə ola bilər?

Çöldən səs gəlir. Bahadır geyinməyə başlayır.

Zabit (çöldən) - Tez olun, içəri girin, onu da tələsdirin.

Qapı açılır. Müşayiətçi casus içəri girir.

Xasay (Bahadırı bərk-bərk qucaqlayır) - Salamat qal, mənim kapitanım (Yavaşca). Qoca anamı sənə tapşırıram.
Casus - Yubanma, tez ol, qaranlıqda çatmalıyıq, tez ol! (Çıxır).
Bahadır - Xasay, əlvida, əlvida! (Gedir).
Qarovulçu (bir qədərdən sonra gəlir) - Ey, tək bayquş, yatdınmı? Onu apardılar su içirtsinlər, sən necə? (Xasay ona cavab vermir, qarovulçu başını içəri salıb baxır). Yatmışdır, zərər yoxdur, oyadarlar (Çəkilir).
Xasay - İndi yatmaq olar. Əlvida, dostlar, əlvida, Bahadır, əlvida, ana!…

Pərdə