VƏFA
Beşinci şəkil
Kiçik bir otaq. Otağın işığı
azdır. Pəncərə aşağıya qədər
taxtalarla mıxlanmışdır. Xasay və Bahadır
otaqdadırlar.
Bahadır (Xasayın alnını, qollarını
ovxalayır) - Xasay, qardaşım…
Xasay (gözünü açıb qalxmaq
istəyir, yenə də ufuldayıb yıxılır)
- Of…
Bahadır - Gecə yarıdan aşdı…
Dəqiqələr nə ağır keçir…
Xasay (bir an gözünü açır)
- Kapitan, bir az su!
Bahadır - İçmək olmaz!
Xasay - Bircə qurtum.
Bahadır - Bu su duzludur. Onu qəsdən
bura qoyublar.
Xasay - Yanıram. Ey, quldurbaşı.
Bahadır - Onu neyləyirsən, Xasay? Heç
bir şey verməzlər.
Xasay - Qoy bir o cəhənnəm malikini
çağırım. Bizi yatmağa qoymurlar. O, da yatmasın
(Çəkməsinin tayını çöl qapıya
vurur).
Qarovulçu (gəlir) - Nə çığır-bağır
salmısan, əbləh adam!
Xasay - Əbləh sənsən ki, ev-eşiyini
buraxıb yol basa-basa gəlib bizə qarovul çəkirsən.
Qarovulçu - Nə istəyirsən, gödək
elə.
Xasay - Mənə bir səhəng sərin
bulaq suyu. Bir az da yemək gətir. Bax gör toyuqdan-zaddan
nə var, qızartdır.
Qarovulçu - Axmaq adam, toyuq olsa, sənə
niyə verirəm!
Xasay - Toyuq yoxdur. Bəs kolxozçulardan
yığdığınız necə oldu.
Qarovulçu - Biz heç kəsdən toyuq-filan
yığmırıq.
Xasay - Axşam mayor yeyən toyuq bəs
hardandı?
Qarovulçu - Bilmirəm. (Tez-tez qapıya
baxır).
Xasay - Axmaq, sən qış küçüyü
kimi zingildəyə-zingildəyə burada qarovul çəkirsən,
mayor da qızarmış toyuq əti yeyir.
Qarovulçu - Bilirəm, bilirəm. Mənə
bolşevik təbliğatı lazım deyil. Biz bütün
Rusiyanı fəth edəndən sonra, mənə on desyatin
yer verəcəklər. Təsərrüfat quracağam.
Xasay - Fris, bir mənə de görüm…
Qarovulçu - Mənim adım Fris deyil, Hansdır.
Xasay - Elə hər ikisi bir… zaddır… Qansız
oldun, fərsiz oldun, nə təfavütü var! Mənim
rəhmətlik nənəm, allah ölənlərinə
rəhmət eləməsin, deyərdi ki, ilanın ağına
da lənət, qarasına da!
Qarovulçu - Mən vəzifə başındayam,
səninlə danışmağa vaxtım yoxdur.
Xasay - Bura bax, fərsiz, heç boyunu ölçmüsənmi?
Qarovulçu - Necə boyumu?
Xasay - Belə, o yırtıq çəkməli
ayağından boş başına qədər neçə
metr olduğunu bilirsənmi?
Qarovulçu - Mənim uzunluğum bir metr
yetmiş iki santimetrdir.
Xasay - Atan cəhənnəmlik. Qoy mən
sənə yol öyrədim. Sənin üçün
torpaq versinlər. Daha bundan ötrü dava-dalaş nə
lazımdır?
Qarovulçu - Sən kimsən, bolşevik-pomeşşiksən?
Xasay - Hə, sənin əziz canın üçün,
lap üstünə düşmüsən. Mən qırmızı
pomeşşikəm. Bütün yapon sərhədindən
tutmuş, Qara dənizin kənarınacan hamısı
mənimdir. Hə, nə deyirsən? Torpaq istəyirsənmi?
Qarovulçu - Sən öz canını
qurtar, qalsın mənə torpaq verməyin.
Xasay - Mənim canımnan sənin nə
işin var? Mənim canımı qurtarmağa çalışanlar
var. Bax, dünən məni rezin ağacla döydülər.
Bu gün dırnaqlarımın altına iynə yeritdilər.
Sabah da bir şey taparlar, mənim də canım qurtarar.
Ancaq sənin torpaq məsələn yarımçıq
qalar.
Qarovulçu - Mənim əvəzimə
fürer düşünür. Mən düşünmək
istəmirəm. Bilirəm, sən deyirsən ki, mən
əsir düşüm, ordan mənə torpaq versinlər.
Xasay - Yox, əsir düşsən, torpaq
ala bilməzsən. Bax, mən deyim, sən qulaq as. Vuruş
vaxtı başını səngərdən bir balaca
çıxart, lap azca, bax belə… Mənim bu çəkməmin
dabanı qədər. Bizim snayperlər bircə gülləynən
sənin məsələni həll etsinlər. Düz
bir metr yetmiş iki santimetr torpaq sənin payın… Artıq
nəyinə lazımdır?
Qarovulçu - Axmaq! (Çölə çıxır).
Xasay - Bulaq suyu yadından çıxmasın.
Qarovulçu (çöldən) - Bulaq
suyu… Sənə zəhrimar verərəm.
Xasay (dili ilə dodaqlarını yalayır)
- Kapitan, susuzluqdan ölürəm.
Bahadır - Davam gətirmək lazımdır,
Xasay.
Xasay - Su, su… (Özündən gedir).
Bahadır - Xasay! Xasay! Huşunu itirdi. Bu
əziyyətə dəmir də davam gətirməz.
Qapı açılır, mayor içəri girir.
Mayor - Dostlar, gecəniz xeyir olsun, yoxsa yatmısınız?
Bu tezdən nə yatmaq vaxtıdır? (Xasaya yanaşır).
Buna nə olub?
Bahadır - Heç, bir az yuxusuzdur…
Mayor - Ay… ay… Belə narahat yerdə necə
yatmaq olar? Allo? Şults! (Zabit içəri girir).
Aparın bu cənabı rahat bir yerdə yatırdın.
Ayılanda, yenə gətirərsiniz.
Zabit - Baş üstə, cənab mayor,
özüm yatızdırımmı?
Mayor - Əlbəttə, sən yaxşısan,
sonra uşaqlar bilməz, əziyyət verərlər.
Bizə lazım olan söhbətləri elədimi?
Zabit - Xeyr, cənab mayor, bu çox inad adamdır.
Elə hey zarafat eləyir.
Xasay - Kapitan, bir az su!
Mayor - Çox gözəl, aparın dediyim
kimi… (İki nəfər hələ tamam özünə
gəlməmiş Xasayı aparır. Mayor Bahadıra
baxır). Deyəsən, mənim hərəkətlərimi
bəyənmirsiniz?
Bahadır - Gete deyir ki, kitablar arasında
olduğu kimi, insanlar arasında da elə vücudlar var
ki, onlar tənqidə belə layiq deyillər. Onlar məzəmmət
dərəcəsindən də aşağıda dururlar.
Mayor - Kapitan, siz bizim öz silahımızla
bizə hücum edirsiniz. Gete almandır.
Bahadır - Gete insandır!
Mayor - Almanlar insan deyil demək istəyirsiniz?
Bahadır - Yox, bütün insanlara alman
demək doğru olmadığı kimi, bütün
almanlara da insan demək olmaz.
Mayor - Sizin hazırcavablığınız
mənim xoşuma gəlir. Lakin siz qəfəsə salınmış
aslana bənzəyirsiniz ki, bütün nəriltinizlə
heç kəsi qorxuda bilməzsiniz.
Bahadır - Qəfəsdə olan aslan çöldə
gəzən tülküdən daha şərəfli
deyilmi?
Mayor - Siz məni təhqir etmək istəyirsiniz.
Mən şəxsi duyğularımın əmrilə
iş görmürəm. Mən böyük bir imperiyanın
soldatıyam. Bu imperiyanın iradəsinə qarşı
duran nə olursa-olsun, sındırılacaq, parçalanacaqdır.
Bahadır - Hər sındırılan gül
budağı, hər parçalanan körpə bədəni
üçün bizim qəzəb qılıncımız
cavab tələb edəcəkdir, cənab mayor!
Mayor - Kin və qəzəb acizlərin
silahıdır, kapitan.
Bahadır - Yandırdığınız
kəndlər, qurduğunuz dar ağacları sözünüzə
sübutdur.
Mayor - Biz hər kəslə layiq olduğu
kimi rəftar edirik.
Bahadır - Ta qədimdən bizlərdə
borclu qalmaq adət deyil, cənab mayor.
Mayor - Borcu ödəmək üçün
sağ qalmaq birinci şərtdir.
Uzaqdan top səsləri eşidilir.