[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Dördüncü şəkil



Xasay - Yoldaş kapitan, mən gedimmi?
Bahadır - Yox, hələlik dayan.
Xasay - Yoldaş kapitan, Vəfa bacı deyirdi ki…

Ulayıb keçən bir mina onları aşağı yatmağa məcbur edir, telefon səslənir.

Bahadır - Allo, Üçtəpə tərəfdən ayıq olun, bəlkə onlar bi­zim atış yerlərimizi öyrənmək istəyirlər. Mənimlə əlaqə saxlayın. Xasay, sən telefonun yanında dur.

Qazmadan çıxarkən kiçik leytenantla üzləşir.

K.Leytenant - İcazə verin, kapitan.
Bahadır - Danış.
K.Leytenant - Eyvazov zəng eləmişdi. Deyirdi ki, vəziyyət ağırlaşmışdır. Yeddi qayıq batırdıq. Ancaq düşmən çayın bəri sahilinə avtomatçılar çıxardı. Üçtəpə tərəfdən tanklar məftilli hasarı yarmışdır.
Bahadır - Onlara kömək göndərəcəyəm. Xasay, Sümbəni çağır.
Xasay - Allo, Sümbəni ver.
Bahadır - Ona xəbər ver ki, tank vuranlar, tapşırıq verdiyim kimi, bir-birindən aralı yer tutsunlar. Geri bir addım da!…
Leytenant - Baş üstə!
Xasay - Sizinlə kapitan danışacaq.
Bahadır - Kərimovun komandası altındakı hissəni Eyvazovun köməyinə göndər, əmri icra edib xəbər ver.

Telefon yenidən səslənir.

- Mənəm, tanklar keçdi? Zərər yoxdur, piyadaları tanklardan ayırmaq lazımdır. Allo, allo… Fu… xətt qırıldı.
Əli (gəlir) - Arxa tərəfə paraşütçülər tökülmüşdür.
Bahadır - Leytenant, biz buranı saxlayırıq. Avtomatı götür, sol cinahı qoru… Xasay da arxanı… Sən yeddinci taqıma get! (Əl verib ayrılırlar) Yeddinci taqım irəli keçmiş tanklarla düşmən piyadasının arasını kəssə, biz xilas olduq. Hücumu dəf edərik. Ey, növbətçi, kimdir?
Qarovulçu - Mənəm, Cəbi Mürsəl oğlu.
Bahadır - Sən yolu atəş altında saxla!
Qarovulçu - Baş üstə.
Bahadır - Xasay, sən pulemyotu gətir, qabaq tərəfi gözlə. (Döyüşçüyə müraciət edir). Düşmən hara getsə, bu yoldan keçməlidir. Arxadakı paraşütçülər də hücum edən hissələr ilə birləşmək üçün bu yoldan gələcəklər. Ətraf minalanmışdır. Ordan keçə bilməzlər.
Qarovulçu - Ay namərd oğlu, vurdular, o, bizim adamdır.
Xasay - Hanı, hanı?
Qarovulçu - Budur, sürünə-sürünə gəlir. Vay, belin qırılsın, fələk, deyəsən Nağdalıdır. Bizim kəndli.
Nağdalı (sürünə-sürünə gəlir. Bərk yaralanmışdır. Son gücünü toplayaraq qalxır, əlindəki məktubu kapitana verir, yerə yıxılır) - Ana… ana…
K.Leytenant (gəlir) - Əmriniz yerinə yetirildi, kapitan. (Tez Nağdalının başını qaldırır).
Bahadır (məktubu oxuyur) - Son nəfərimizə qədər vuruşacağıq… Düşmən hər tərəfdən irəliləyir. Əgər görüşməsək, bizdən Azərbaycana salam. Əlvida, kapitan.

Xasay güllə atmağa başlayır. Bahadır pulemyotun dalına keçir. Əsir alman ondan bir az aralı düşmüş tüfəng süngüsünə diqqətlə baxır.

Bahadır - Biz bir saat davam gətirək, qardaşlar; kömək gəlib çatacaqdır (Atır).
Xasay - Biz buranı saxlasaq, onlar irəliləyə bilməyəcək.
Bahadır - Saxlayacağıq.
Xasay - Anamın südü mənə haram olsun, qanıma on qan eləməsəm. Al!
Bahadır (ata-ata) - Vəfanın gözləri yenə əvvəlki kimi qaradırmı, Xasay?
Xasay (pulemyot dalında, ata-ata) - 5,6, qapqara, şəvə kimi, kapitan.
Bahadır - Dik sənin üzünə baxa bildimi?
Xasay - 7,8, mərd-mərdanə, kapitan.
Bahadır (atır) - Məni soruşdumu?
Xasay - 9,10. Dedi. "O gələn yollara qurban olaram!"
Bahadır - Şikəst olsam, necə? (Çevrilir, süngü ilə daldan Xasayı vurmaq istəyən əsiri tapança ilə öldürür). Bu da on bir, Xasay!

Hamı çevrilib baxır. Əsir əlində süngü, yıxılır.

Xasay - Ay toxumunuz kəsilsin, indicə is-is deyib yalvarırdı: "Rus, ubit yox, balaırım var".
Qarovulçu (sinəsini tutur) - Qardaşlar, deməyin vəfasız çıxdı, namərd fələyin üzü qara olsun. (Yıxılır).
Bahadır - Xasay, qoyma. Sol tərəfə qaçan - sənin! (Atır). Bu da biri.
K.Leytenant (Xasaya) - Serjant, güllə ver!

Xasay əyilib ona gülləni uzadır. Kiçik Leytenant darağı almaq istərkən, diksinən kimi olur, əli birdən boşalır.

Xasay - Aslan, Aslan, vay sənin evin yıxılsın! Bunu da vurdular…
Bahadır (bir anlıq atəşini saxlayır) - Toxtaq ol, qardaş.
K.Leytenant - Qoymayın, irəliləyirlər. Məni burax. (Güclə dirsəklənir).
Xasay (onun sinəsini bağlamaq istəyir) - Bir dayan görüm.
K.Leytenant - Faydası yoxdur, işində ol.

Səslər gəlir.

Bahadır (pulemyotla şiddətli atəş açır. Sonra kiçik leytenantın yanına atılır). - Aslan, güllə hara dəydi?
K.Leytenant - Kapitan, heyf ki, vaxtsız ölürəm. Yoldaş kapitan, bunu Azərbaycan Mərkəzi Komitəsinə göndər. Mərkəzi Komitədə deyərsən ki, Aslan öz qanını alıb öldü. Körpə balam…
Səslər - Təslim olun, azərbaycanlılar, təslim olun!
Xasay - Ee… ə… Axmaq uşağı, başınıza at təpib, nədir? Azərbaycanlılar təslim olarmı? Ala!
Bahadır (Aslanın başını yerə qoyur) - Bu da Aslanın körpə balasının göz yaşları üçün, al!… (Yaralanıb qolunu tutur. Bir əli ilə atmaqda davam edir). Vur, Xasay, vur!
Xasay - Qarışqa kimi gəlir köpək uşağı. Ancaq o Əlinin qəzəboğlu Əbülfəzl-Abbasın qələm qollarına and olsun, birinizi də baş qaldırmağa qoymayacağam! Kapitan, ağrın alım, yoxsa yaralanmısan?
Bahadır (dişlərini qıcıdaraq) - Yox…
Xasay - Mənim qolumu bir balaca cızıb, deyəsən. (Yanında əl bombası partlayır. Torpaq tökülür). Bircə bizi torpaq altında qoymayalar, köpək uşağı.
Səslər - Qafqazlılar, təslim olun, təslim olun, müsəlmanlar, təslim olun, öldürmərik!…
Xasay - Ay namərd oğlu, nə baş aparırsan? Al, bu da sənə təslim, anasını ağlatdığım! Güllə qurtarıb, deyəsən, axır dəmdi. Kapitan, ağrın alım, qoy bir şikəstə deyim.
Bahadır - De gəlsin, Xasay qumbaralarımız var!
Xasay (oxuyur)

Alçalar, ay alçalar,
Al çalar, yaşıl çalar,
Maral gözlüm, ağlama,
Düşmən görər, əl çalar.


Bir anlıq sükut. Xasay pulemyotun lentini bir tərəfə atır. Süngülü tüfəngini götürüb Bahadırla qucaqlaşır.

Səslər! - Təslim olun!
Xasay - Yaşasın Azərbaycan!
Bahadır - Yaşasın xalqımız!

Əl bombası partlayır. Bahadırla Xasay Qazmadan çölə çıxarkən, onların yıxıldığı görünür. Almanlar səhnəyə gəlirlər. Onlardan biri yerə yıxılmış Bahadır və Xasayı görür.

Alman - Ölməyiblər.
Başqa alman - Aparın!

Pərdə