VƏFA
Dördüncü şəkil
Qarovulçu - Kimdir?
Xasay - Yol ver, kapitanı görəcəyəm.
Çiynimi qırdı, köpək oğlu.
Qarovulçu - Dayan görüm, hara zürhaylayırsan,
söyüş niyə söyürsən, dalındakı
nədir?
Xasay - Dalımdakı? Şor motalı?
Nə olacaq, görmürsən nədir?
Qarovulçu - Görmürəm, bir çuvalı
sürüyüb gətirmisən, nə bilim nə zəhrimardır.
Xasay - Zəhrimar-zad deyil e… zəhrimar olsa,
nə vardı? Nemesdi, nemes… Diri gözlü nemes.
Bahadır (yuxudan ayılmış kimi)
- Kimdir? Burax gəlsin.
Xasay içəri girir, başına torba keçirilmiş
alman əsgərini yerə qoyur.
Xasay - Əsirdi. Taqım komandanlığının
əmrinə görə, sizin yanınıza gətirdim.
Bıy, İntizar bacı da burdadır ki!
Bahadır - Xasay!…
Qucaqlaşırlar. Əli içəri girir.
Xasay - Yoldaş kapitan, üç gündür
gəlmişəm, sizi görə bilmirəm. Komandir
tapşırıq verdi, getdim, bu zalım oğlunun bütün
günü qarovulunu çəkmişəm. Vəfa bacının
da məktubu məndə qalıb, gərək bağışlayasan.
Bahadır - Məktub? Yox, qoy dursun, birini
aldım, bəsdir.
Xasay - Budur, özü də deyirdi ki…
Bahadır - Serjant Xasay, kəşfiyyat haqqında
danış.
İntizar - Bahadır, axı Vəf…
Bahadır - Leytenant, sanitar qızı öz
taqımına yola sal!
Əli - Baş üstə.
Xasay - Biz üç nəfər getmişdik
(Leytenant qayıdır). Kiçik serjant Cəfərov
qolundan balaca yaralanıb. Bir pulemyot gətirmişik. Qabaqdakı
kəndin sol tərəfində düşmənin yerə
basdırılmış beş tankı var. 25 tank bu
axşam yenidən gəldi… Qalanını da bu cənab
danışar. Lap çiynimi qırıb zalım oğlu.
Əli - Çiyninə niyə götürmüşdün?
Torbanı başından çıxarır. Alman
böyümüş gözləri ilə dörd yana
baxır.
Xasay - Yoldaş leytenant, mənim əlim
bir az ağırdır. Anam həmişə deyərdi
ki, dul arvad alacaqsan. Bu zalım uşağının
hansının boynundan yapışıram, elə orda
canı çıxır.
Əli - Bəs necə olub ki, bu salamat qalıb?
Xasay - Elə onu deyirəm də… Bu, pulemyotun
dalında uzanmışdı. Sürünüb yapışdım
boynunun ardından. Vallah, bilmirəm qəfildən oldu,
ya elə, doğrudan da mənim əlim ağırdır.
Dünən ölmüsən, bu gün ölmüsən,
gurupp, dəydi yerə, daha əlacım nədir, gördüm
yarımcandı, götürdüm çiynimə. Süd
sərnici kimi sağ-salamat gətirib çıxartdım.
Alman - Rus, mayn kind is klayi. (Əli ilə
balaca uşağı olduğunu göstərir).
Bit net…
Əli - Balaların var?
Xasay - Hə, indi ayrı dil oxuyursan. "Balalarım
var? Bəs bizim balalarımız yoxdur? Bizim körpələri
diri-diri ocağa atanda necə idi? Özün tüfəngi
götürəydin, Hitleri bum-bum, keçəydin bizim
tərəfə, yenə onda dərdyarı idi. Yoxsa
əlacın hər yandan kəsiləndə, "rus, mən
is-is" deyirsən. İs-is, faşist yaman pis. Ay onların
toxumu kəsilsin!
Bahadır - Yaxşı, bizim dili bilirsənmi?
Alman - Nayn (başını silkələyir).
Təyyarələrin gurultusu eşidilir.
Bahadır (almanca) - Adın nədir?
Alman - İohans.
Bahadır (almanca) - Hansı diviziyadansan.
Alman - 222-ci diviziyadan.
Bahadır - 222? Yalandır. Burda elə hissə
yoxdur. Neçə tankınız var?
Alman - Dörd.
Bahadır - Dörd? (Əli ilə göstərir).
Alman - Dörd yox, on dörd.
Xasay - O nə deyir?
Əli - Deyir ki, on dörd tankımız
var.
Xasay - Yenə yalandır.
Təyyərələrin gurultusu gəlir.
Bahadır - Bununla sonra danışarıq.
Leytenant, hər kəs öz yerindədirmi? Əli
- Bəli, yoldaş kapitan.
Güllə və top gurultusu başlanır.
Bahadır (telefon dəstəyini götürür)
- Allo, mənəm, "40" danışır. Biz hazırıq,
sol cinah təzə mövqeyində hələ möhkəm
deyil. Onlar üçün bir az çətin olacaq. Görək
nə göstərir. Leytenant, gecikməyin.
Əli - Baş üstə! (gedir).
Top səsləri şiddətlənir. Hava işıqlanmışdır.
Mərmilər ulayıb keçir. Əli çıxır.