[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Dördüncü şəkil



Cəbhə. Qazmanın içi görünür. Torpaq divarda taxça qazılmışdır. Taxçada əldə qayrılmış qara çıraq yanır. Sabaha az qalır. Bahadır qazmanın bir tərəfində dirsəklənmişdir.

Əli - Mən onu gördüm. Sonra günlərlə unuda bilmədim! Pərişan saçları, yaşarmış gözləri… Yox, kapitan, burda amansız bir səhv, bəlkə də bir hiylə var. Vəfa müqəssir deyil.
Bahadır - Bəlkə də haqlısan. Mən özüm ona bəraət qazandırmaq üçün həmişə xatirələrimi araşdırır, kiçik də olsa, bir bəhanə tapmaq istəyirəm.
Əli - O, həyəcanla, dodaqları titrəyə-titrəyə deyirdi ki, "mən məktubu indicə almışam".
Bahadır - Bizim həyatımız dağ gölləri kimi təmiz idi. Heç bir fırtına, heç bir tufan onu ləkələyə bilməzdi. Ancaq bu son təsadüf…
Əli - İnan ki, kapitan, mənim duyğularım heç zaman məni aldatmır. Burda bir namərd əli var. Vəfa öz eşqinə sadiqdir.
Bahadır - Mən də elə istərdim. Olsun, dostum, görək gələcək nə göstərir.
Əli - Yerini ona yaz.
Bahadır (saata baxır) - Beşdir, səhərə az qalır. Ulduzlar üflənən şamlar kimi bir-bir sönür; insan ömrü də belədir, leytenant.
Əli - Ulduzlar sönür, sabah yenə yanacaq, insanlar bir dəfə doğulur, bir dəfə ölür, kapitan… Qan və göz yaşları ilə sulanmış torpaqlarımızın səhərini görməmək, bu, ağırdır, bu mümkün deyil. Yox, həyat heç bir zaman indiki qədər mənalı olmamışdır.
Bahadır (ulayıb keçən mərmiyə qulaq asır) - Başımızın üstündən keçdi. O, burda da düşə bilərdi. Sabah bir güllə çovuyub kapitan Bahadıra dəyə bilər. Dünyadan nə əksilər? Dənizdən bir damcı.
Qarovulçu - Kimdir? Dayan!
İntizar - Kapitanı görmək istəyirəm.
Əli - Kimdir?
İntizar - Sanitar İntizar Muğan qızı.
Əli - Burax gəlsin.
İntizar (daxil olur) - Yoldaş kapitan, sanitar İntizar Muğan qızı sizin sərəncamınıza gəlmişdir.
Bahadır - Paho, İntizar. (Ayağa qalxıb onunla mehriban görüşür).
İntizar - Polkovnikdən rica etdim, məni sizin hissəyə sanitar taqımına göndərsin.
Bahadır - Otur, otur. De görüm, müəllim necədir? Ülkər xala necədir? Bakıda nə var, nə yox?
İntizar - Daha soruşmalı bir şey yoxdurmu?
Əli - Kapitan, icazə verin mən qarovulları yoxlayım.
Bahadır - Yoxla. (İntizara) Soruşmalı bir şey?
İntizar - Vəfanı soruşmursunuz.
Bahadır - Vəfa… De görüm necə gəlib bizi tapdın?
İntizar - Söhbət uzundur… Axırda doktor məni bura gətirdi.
Bahadır - Yaxşı gəlmisən, bizə çox kömək edərsən.
İntizar - Kapitan, icazə verin, sizinlə rəsmiyyətsiz danışım.
Bahadır - Danış, İntizar…
İntizar - Vəfada günah yoxdur.
Bahadır - Günah yoxdur?!
İntizar - Yox. Al, oxu. Burda hamısı yazılmışdır.
Bahadır - Mən başa düşmürəm. Əsgər məktubu onun özünə verməmişdi? Bizim evdə iki Vəfa yoxdur ki…

Məktubu açıb oxuyur.

Bahadır - Vəfada günah yoxdur, deyirsən?
İntizar (onun həyəcanlandığını görüb) - İnan ki, Vəfanın bütün burda yazdıqları doğrudur. Bu onun ürək sözləridir.
Bahadır - Ürək sözləri… Təəssüf… Ancaq bu (Məktubu ona qaytarır).
İntizar - Necə?
Bahadır - Necəsini sən yaxşı bilirsən, al (məktubu ona qaytarır).
İntizar (oxuyur) - "…Mən əlillər ittifaqı deyiləm, həkimlikdən də başım çıxmaz. Sizin şikəst olduğunuza təəssüf edirəm. Sizə qarşı əlaqəmdə yanılmışam. Əminəm ki, bir daha mənim adımı tutmazsınız. Vəfa". Yox, yox, bu ola bilməz… Yox, o, məktubu mənim yanımda yazmışdı, bu deyil (Cibini axtarır). Bu onun məktubu deyil, yox!
Bahadır - Xətt kimindir?
İntizar - Doğrudur, xətt onundur. Bəs nə üçün ilk sətirlər pozulmuşdur? Yox, ola bilməz!
Bahadır - Görünür, indi o mənim adımı belə çəkmək istəmir. Əvvəl yazıb, sonra peşman olub pozmuşdur. Bu məktubun məzmunu mənim ona yazdığım kağızın cavabıdır, İntizar…
İntizar - Yox, yox. Bunu Vəfa yaza bilməz. Mən inanıram ki, Bahadır, bu səhvdir. Bunu o yazmamışdır.
Bahadır - Mən də elə olmasını istərdim. Təəssüf ki, o yazmışdır. Nə isə. Mən yenə Vəfanı qınamıram. Mən ancaq özümü məzəmmət edə bilərəm.

Çöldən qarovulun səsi gəlir.