[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Üçüncü şəkil



Muğan - Dünyada namərd dostlar olmasaydı, düşmənin öhdəsindən gəlmək asan olardı. Hələ bir de görüm, neçə gündür sən özün niyə görünmürsən?
Minnətov - İş çoxdur, müəllim, buyur, bir piyalə.
Muğan - Sağ ol, içən deyiləm.
Vəsfiyyə - Eşitdim İntizarı da əsgər aparırlar? Doğrudurmu?
Muğan - Özü gedir, könüllü.
Minnətov - Bir dayan, hara gedir, nə olub?
Muğan - Cəbhəyə, sanitarlığa yazılıb.
Minnətov - Sanitar! Şairə, sanitar?
Muğan - Nə olar ki? Ömrünü dörd divar arasında keçirib, belə günlərdə idarədə bitib qalan şairlərdən xalq nə gözləyə bilər?!
Vəsfiyyə - Şairin xalqnan nə işi, ay balam? Otursun şerini yazsın. Xanəndələr də yana-yana onun şerini oxusun, vəssalam.
Minnətov - Yaxşı, müəllim, lap cəbhəyə gedir də?
Muğan - Bəli, lap cəbhəyə. Deyir Bahadırın yerini öyrənsəm, onun hissəsinə gedəcəyəm.
Vəsfiyyə - Hə, bu başqa məsələ.
Muğan - Necə başqa məsələ?
Minnətov - Yəni deyir ki, tanış-biliş, dost-aşna bir yerdə olsa, yaxşıdır. Bir-birindən göz olarlar. Deməli, gedir, çox gözəl.
Muğan - Bu nə kitabdır? Deyəsən, elmi işlə məşğul olursan?
Minnətov - Hə, zad… Əşi, nədir onun adı… (Kitabın üstünü oxumağa çalışır).
Muğan (kitabı alaraq) - Nə barədədir? (Vərəqləyib baxır).
Minnətov - Barəsində ki, belə nədir o?
Muğan (oxuyur) - Sadovodstvo… Balam, sənin bağçılıqla nə işin?
Minnətov - Vallah, elə bağban olmaq yaxşıdır. Heç olmasa, doyunca göy-göyərti yeyərik. Lap əldən düşdük.
Muğan - Bəli, bizim bu mütəşəkkil dövlət ticarətinə soxulmuş bəzi qurd-quşu təmizləsək, onda göy-göyərti də bol olar. (Vəzir o biri otaqdan gəlir).
Vəsfiyyə - Vallah, adam şokolad-zad da tapmır. Lap biabırçılıqdır. Mən "Severnaya Mişka"nı necə sevərdim! Həmişə Aqusya mənə ondan alardı. Bufetdə üç-dörd kilo konfetim olmasaydı, dincəlməzdim.
Muğan - Vəsfiyyə xanım, şokoladsız-konfetsiz keçinmək olar. Ancaq görün bizim başımıza nə gəlib. Bizim institut bir bostan düzəltmişdi. İndi məhsul gəlib yerinə çatanda, ortaya bir şey çıxmır. Hamısını yeyirlər, mütəşəkkil surətdə yeyirlər. Nə baxan var, nə qeydinə qalan.
Vəzir - Eh, rəhmətlik oğlu, kim baxacaq… Elə o məsələni düzəldən elə düzəldib ki, bir-iki adama çörək pulu çıxsın.
Muğan - Bəli, indi bizim qrammafon müdirimizə deyəsən, o saat başlayacaq qəzetlərin baş məqaləsini sənə əzbərdən oxumağa.
Vəsfiyyə - Heç olmasa, mürəbbə bişirib satalar. Adama gündə, günaşırı bir banka verələr. Aqusya Bakuriyanidən balaca almalar gətirərdi. Necə mürəbbəsi olardı! Baxanda adamın ağzının suyu axardı.
Vəzir - Bəli, bəli, yemişəm, yemişəm…
Minnətov - Hələ bu harasıdır, daha da pis olacaq. Muğan müəllim, mən elə dost-aşnaya deyirəm, ehtiyat görmək, qara günə saxlamaq lazımdır.
Muğan - Yox, bu, namusdan deyil. Mən belə şey eləyə bilmərəm. Ehtiyat? Yox… Buna mənim vicdanım yol verməz. Xalq necə, mən də elə. Ancaq bu qrammafonlar ağzını açıb insan kimi danışsa, öz özünü, öz fikrini deyib, öz başı ilə işləsə, işlər düzələr. Çünki axı varımızdır. Yox, olmasa, deyərsən ki, - bəli, yoxdur. Var, amma ora-bura soxulmuş beş-on julik-mulik qoymur ortaya çıxsın.
Vəzir - Var, vermirlər, bu daha pis!
Minnətov - Eh, rəhmətlik oğlu, sən nə qoyub, nə axtarırsan! Məsələ kökündədir, ağac kökündən çürüyüb, kökündən…
Muğan (ciddi) - Yox, aşna, bu çox qəliz oldu, sən dərindən baltalayırsan.
Minnətov (təşvişlə) - Ay Muğan müəllim, sən də inandın ki, mən doğrudan belə düşünürəm, vay səni! Ha…ha…ha… Əşi, buyur, bir badə nuş elə!
Muğan - Sağ ol. Dedim içən deyiləm.
Minnətov - Müəllim, elə Vəsfiyyə də özgəsi deyil, keçib. Müəllim, bilirsən ki, mən bir adama yaxşılıq eləyəndə, elə bil dünyanı mənə bağışlayırlar.
M.Pomoşnik - Niyə, müəllim özü səni tanımırmı? Sizin əziz canınızçün, gündə azı bir əlli adam elə Balağadan razılıq eləyir. Kişi cümlə qayğıdır, cümlə qayğı…
Minnətov - Müəllim, bilirsən ki, Vəfa hələ cavandır. Bu dünyanın üzünü-astarını yaxşı tanımır. Dünyada yaxşılıq qalacaq, vallah…
Zeynəboğlu (birdən içəri soxulur) - Balağa, Vəzir, aman günüdür!
M.Pomoşnik - Nə var, Zeynəboğlu, nə başılovlu gəlmisən?
Zeynəboğlu - Apardılar, güllələyəcəklər, aman günüdür.
Minnətov - Sən nə danışırsan? Kimi apardılar, kim güllələyəcək?
Zeynəboğlu (Muğana baxıb tərəddüd edir) - Necə kimi?
M.Pomoşnik - (him eləyir ki, danışma) - Bir az sakit ol görək.
Zeynəboğlu - Əşi, nə sakit ol? Belə müsibət olar? Bir ətək pul tökmüşəm.
Vəzir - Zeynəboğlu, bir əyləş görək, iş adam başına gələr, ölməmişik ki…
Zeynəboğlu - Vəzir, mən ölüm, başımı yastığa qoyma. Bıçaq sümüyə dayanıb.
Minnətov - Yaman qalmaqal saldın ha… Görən də deyir, bütün günah bizdədir.
Zeynəboğlu - Balağa, daha keçə bilməyəcəyəm. Bu, qardaşdır, zarafat deyil.
Vəzir - Əşi, Hər sözün bir yeri var, axı… Sən ağlı başında adamsan.
Zeynəboğlu - Yaxşı, Vəzir, gedirəm. Ancaq sonra məni qınamayın ha…Sabah onu düz davaya aparırlar.
Minnətov (M.Pomoşnikə göz vurur) - Düzələr!
M.Pomoşnik - Bəri gəl, bəri gəl. Sən lap avamlıq eləyirsən.
Minnətov - Muğan müəllim… Mən cəbhədə olanda, bir də görürdün belə… Eh… Əşi, gördün, sən allah, dünyada əcəb axmaq adamlar var!
Muğan (diqqətlə əvvəl Balağaya, sonra da Vəzirə, M.Pomoşnikə baxır) - Belə axmaqlar var, ancaq binamuslar, qurumsaqlar da var. (Gedir).

Pərdə