[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Üçüncü şəkil



Vəzir - Ay Balağa, bilirik də. Rəhmətlik oğlu, sənə-mənə nə dava, qoy o adam qeydə qalsın ki, arvadı öləndə, yerində qız - baldızı olmasın. Bronum cibimdə, ağlım başımda… Dost-aşna sağ olsun…
M.Pomoşnik - Zəhrimar nə tünddür! Lap bizim arvadın dilindən də acıdır.
Minnətov - Bu öz taqsırındı, ay Mirzə, heç giley-güzarlıq eləmə. Ağlı olan da arvad alar? Bu dünya kef dünyasıdır.
Vəzir - Mirzənin işi başqadır. O kişi dünyanın hər üzünü görüb, bizim kimi qəm kasasından şərbət içməyib ki…
M.Pomoşnik -
Yanağı gül olmasa,
Saçı sünbül olmasa;
Arif dünyanı qanmaz,
Mey içib lül olmasa.

(Birdən qalxır) - Sonra başımız qarışar, sabah işə gecikərik. Vəfa xanım tufan qopardar.
Minnətov - Ay Mirzə, doktor sağ olsun. Bir bülleten, onun canı. Bu qədər ki, biz vətən yolunda əziyyət çəkirik, vallah, haqqımız var içməyə, hə? (Qapı taqqıldayır, Vəzir təşvişlə qalxır. Minnətov gedib açar deşiyindən baxır). Bu nə yersiz gəliş oldu! Hələ min dəfə demişəm ki, zəng eləməmiş gəlmə (Vəzirə). Sən hələlik o biri otağa keç, bəlkə başdan elədim.

Vəzir o biri otağa keçir. M.Pomoşnik qapını açır. Vəsfiyyə gəlir.

M.Pomoşnik - Sən öləsən, qır-saqqız olacaq.
Vəsfiyyə - Bağışlayın, deyəsən, məşğulsunuz?
Minnətov - Məşğul deyəndə, yəni məşğul deyiləm, ancaq nə əcəb belə?
Vəsfiyyə - Əcəbi odur ki, ürəyim darıxır, bu axşam filarmoniyada yaxşı konsert var. Gəldim ki, məni aparasan konsertə…
Minnətov - Vəsfiyyə, özün bilirsən ki, sənin sözün mənim üçün hər şeydən əzizdir. Ancaq bu gün bir az işim var. Məni bağışla. (Mirzə Pomoşnikə baxır).
Vəsfiyyə - Mirzə Pomoşnik də sənə kömək eləyir ki, çox əziyyətə düşməyəsən.
Minnətov - Vəsfiyyə, canım üçün, ayrı bir işim var, bilirsən ki, mən… (Ürəyini tutur).
Vəsfiyyə - Yaxşı, daha əzilmə görək.
Minnətov - Sən inanmırsan ki, mənim ürəyim xəstədir?
Vəsfiyyə - Niyə inanmıram, görmürəm? Məclis tamam, Vəfa xanımın da eşqi bir yandan. Buna yazıq ürək neyləsin…
Minnətov - Yox, Vəsfiyyə, burda eşq deyil, prinsip məsələsi var…
Vəsfiyyə - Bax, Balağa, bu sözlər özünçün qalsın.
Minnətov - Eh, Vəfa… Vəfa… Elə bilir ki, mənim qabağımda dayana biləcək. Baxarıq, mənə də Balağa Minnətov deyərlər, kollegiya zaşşitnikovun üzvü, yurist (Vəsfiyyənin əlini əlinə alır). Mən cəbhədə olanda, odun-alovun içində birdən alagözlü bir sanitarka, eh… Burda prinsip məsələsi var, yoxsa sənin bir tükünü vermərəm yüz Vəfalara…
Vəsfiyyə - Yaxşı yadıma düşdü. Bizim qonşumuz Qaraxanov nədi… Lida üçün İrandan bir kəmər gətirib! Baxanda adamın ağzı açıla qalır. Belə bax, buraları ağ, ortası bax belə… Üstündə bu boyda bir daş. Lap kukla kimi… Baxanda adamın ağlı gedir.
Minnətov (stolun yeşiyini açır, bir şüşə ətir çıxarıb Vəsfiyyəyə verir) - Buyur!
Vəsfiyyə (sevincək) - Ox, Loriqan, qiyamətdi. Yazıq Aqusya alan loriqan elə bu yaxınlarda qurtardı.
Minnətov - Yaxşı, Vəsfiyyə, gəlsənə indi Mirzə səni ötürsün?
Vəsfiyyə - Sən özün dura-dura məni Mirzə niyə ötürür?
M.Pomoşnik (öz-özünə) - Sən öləsən, qır-saqqız olub yapışıb, qopan deyil.
Vəsfiyyə (stolun üstünə baxır) - Bəs bu üçüncü bokal kimindir? Hə? Üçüncü? (Qışqırır).
Minnətov - Lənətə gələsən kor şeytan… Doktor, ay doktor! Gəl bəri, sən atanın goru. (Vəzir gəlir). İndi gördünmü?
Vəsfiyyə (oturur) - Bu qaranlıqda hara gedəcəyəm? Qoy ay doğsun, sonra gedərəm, üç idiniz, dörd olaq.

Qapı döyülür. M.Pomoşnik tez şeyləri yığışdırır. Minnətov qapını açır.

Minnətov - Buyur, müəllim, buyur.
Muğan - Salam. (Hamı ilə salamlaşır). Deyəsən, vaxtsız gəlmişəm.
Vəsfiyyə - Niyə, yox, lap vaxtında gəlmisiniz. Buyurun, buyurun…
Muğan - Dərsdən indicə çıxmışam. Elə evə dəyib gəldim. Xeyir ola, Balağa, yəqin Bahadırdan bir xəbər tutmusan?
Vəsfiyyə (tələsik) - Elə mən də o məsələ üçün gəlmişəm. Vəfa yazıq yaman darıxır.
Muğan - Doğrusunu de, nə var?
Minnətov - Elə bir şey yoxdur, müəllim.
Muğan - Nahaq gizləyirsən. Mən dünyanın hər üzünü görmüşəm…
M.Pomoşnik - Yox, ə kişi, sən də lap təşvişə düşdün ki, elə-belə, sənə bir məsləhətimiz vardı.
Muğan - Mən çox nigaran oldum. Bilirsiniz, Vəfa da bir neçə gün bundan qabaq bir məktub alıb. Heç qaşqabağı açılmır.
Vəsfiyyə - Nə məktub?
Muğan - Bilmirəm. Heç kəsə göstərməyib. İntizara da bir şey deməyib. Guya binamus bir dostdan imiş…
Minnətov - Binamus dost? Kim ola bilər? Dost binamus? Heç bir-birinə uyan şeydirmi?