VƏFA
Səkkizinci şəkil
Firuzə - İcazə verin.
Bahadır (diqqətlə baxır)
- İntizar!
Firuzə İntizarın yarasını bağlamaq
istəyir.
İntizar - Firuzə, toxunma. Of…
Bahadır - İntizar…
İntizar - Kapitan, sizsiniz, mənim əziz
kapitanım, of…
Bahadır - İntizar, mərd ol, səndə
nə var ki!
Firuzə - Telefonçunu yanan tankın altından
çıxardıb geri süründük, bir az aralanmışdıq
ki, İntizarı vurdular.
İntizar - Kapitan, hanı mənim gümüş
ulduzum? Yoxsa söndü. Yox, yox, mən ölmək istəmirəm.
Kapitan, mənim gümüş ulduzum, anamın saçları
kimi gümüş rəngində mənim ulduzum hanı?
Bahadır - İntizar, danışmaq olmaz,
bu saat səni qospitala apararlar.
İntizar - Kapitan, sənin saçların
da gümüş kimi ağaracaqdır. Hanı mənim
ulduzum, gümüş ulduzum, kapitan? O, mənim bəxt
ulduzum idi. Söndü… (Kapitan üzünü kənara
çevirir). Sənin göz yaşların da gümüş
kimidir, kapitan…
Bahadır - Tez aparın, professor özü
baxsın.
İntizar - Hanı mənim ulduzum? Ana, gümüş
saçlarını yığışdır, qana batar.
Mənim ulduzum da qırmızı rəngə boyanmışdır.
Yoxsa o da yaralanmışdır? Vəfanın gözləri
də sənin həsrətindən qırmızıdır,
Bahadır. Yox, ölmək olmaz. Düşmən sağdır.
Mənim ulduzum hanı?
Onu aparırlar.
Bahadır - "Ölmək olmaz, düşmən
sağdır"… Doğrudur, İntizar, belə bir zamanda
ölmək namərdlikdir. Düşmən sağ ikən,
ölmək olarmı? (Durbinlə baxır. Hava işıqlanmışdır).
Aha, siz belə cəhənnəm gözləmirdiniz.
İndi də o birisi sola döndərdi. Vur, Balay, gözünə
dönüm, vur! Qoy yansın! Bu tank məşəllərinin
işığında Almaniyanın eybəcər sifəti
daha aydın görünər. Vurun, yanan ana qəlblərinin
atəşini, axan göz yaşlarının hərarətini
ancaq bu alovlar söndürəcəkdir. İntizarın
qana boyanmış saçlarını ancaq düşmən
qanı ilə yumaq olar. Vurun, düşmən sağdır,
ölmək olmaz. Vurun, qardaşlar!
Əli - Kapitan, düşmən arxasındakı
dəstəmizdən səs çıxmır.
Bahadır - Darıxma, leytenant. Biz Xasay kimi
oğulu bu yolda qurban vermişik. Müharibə dəqiq
bir maşın kimidir, orda tələsmək və gecikmək
hər ikisi fəlakətə səbəb ola bilər.
Telefonçu - Yoldaş kapitan, "Kiyev" cavab
vermir.
Bahadır - Leytenant, on dəqiqəyə
xətt hazır olmalıdır!
Əli - Baş üstə!
Telefonçu - Yoldaş kapitan, sizi çağırırlar.
Bahadır (telefonu alır) - Allo,
mənəm, hələlik lazım deyil, vəziyyət
ciddidir. Sanitar qız, İntizar, "Qızıl ulduz" ordeni
ilə?.. Baş üstə! (Dəstəyi qoyub, yenidən
götürür.) Allo, allo, Tulanı ver, kimdir, professor?
Allo, professor, yaralı sanitar qıza, bəli, İntizara
xəbər verin ki, "Qızıl ulduz" ordeni ilə təltif
olunmuşdur. Necə? (Dəstək tutan əli ixtiyarsız
aşağı düşür, sonra ağır-ağır
dəstəyi qaldırır). Professor, qəhrəman
qızı əsgəri qayda ilə basdırın.
Telefonçu - Heyf!
Bahadır - İntizar qızıl ulduzunu
tapanda, gümüş ulduzunu itirdi.
Əli - Yoldaş kapitan, "Kiyev"lə rabitə
mümkün deyil. Düşmən tankları irəli
keçmişdir. Yeddi tank irəliləyir.
Bahadır - Yeddi? Azdır. On dördü
hələ daldadır. Ancaq mətanət, əsəb
möhkəmliyi məsələni həll edir. Bizimkilər
tələssələr, hər şey məhv olar.
Əli - Bir nəfər də səngərdən
qalxmamışdır. Ölən ölmüş, qalanlar
səngərlərdədir. Ancaq…
Bahadır - Nə ancaq?..
Əli - Tank desantı blindaja soxulmuş,
rabitə kəsilmişdir.
Bahadır - Uşaqlara xəbər ver, bir
güllə də atmasınlar, düşmən avtomatlarını
irəli buraxsınlar.
Əli - Baş üstə.
Bahadır durbinlə qabağa baxır.
Cəfərqulu (yenə sürünüb
səngərdən çıxır) - Məhv olduq,
amandır!
Əlimərdan - Namərd oğlu, hara çəkilirsən!
Cəfərqulu - Əzdi… qaç, parçaladı..
Parçaladı, amandır, aman. (Qalxmaq istəyir).
Bahadır - Hara! Səngərə gir!
Cəfərqulu - Gəldilər, tanklar,
parçaladı. (Qaçmaq istəyir).
Bahadır (güllə ilə onu vurur)
- Geri yol yoxdur!
Əli (birdən Bahadırın qolundan
yapışır. Onun gözləri uzaqlara dikilmişdir)
- Odur… odur…
Bahadır - Kim? Nə?
Əli - Vağzalda gördüyüm haman
xaindir.
Bahadır - Hansı xain, bumu?
Əli - Yox, yox, o da bunun kimi öz canını
qurtarmaq istədi. Ən ciddi vaxtda qaçdı. Öz
yoldaşını vurdu, yaraladı. Mən onun dalınca
atdım, dəydi. Sol çiynindən, hə, hə… Elə
bildim öldü. Mən bir gün sonra ayıldım,
hə, dediyim vağzaldakı adam odur. Mən elə bildim
ki, o da belə şərəfsiz öldü. Sağ
imiş…
Bahadır - Adı nə idi?
Əli - Bilmirəm. O, bizim hissəyə
yeni gəlmişdi.
Müşahidəçi - Kapitan, kapitan,
düşmənin axırıncı tankı ikinci nişan
xəttini keçdi.
Bahadır - Leytenant, siqnal fişənglərini
hazırlayın.
Əli - Siqnal fişənglərini!
Bahadır (mühafizəçiyə)
- Son nişan xəttini görürsənmi?
Əlimərdan - Axırıncı tank
son nişan xəttini keçir. Dayandı, sola buruldu.