[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Səkkizinci şəkil



Bahadır (durbinlə baxır) - Səngər boyu getmək istəyir, ay namərd oğlu! Siqnal fişənglərini buraxın! (Bir-birinin ardınca müxtəlif rəngli üç fişəng göyə yüksəlir). Leytenant, rabitəni qoruyun. Burdan ayrılmayın. (Qumbaraları cibinə qoyub gedir. Hər tərəfdən dəhşətli gurultu qopur).
Əlimərdan - Faşist tanklarının dal tərəfində qumbaralar partlayır.
Əli (baxır) - Vurun, bizimkilərdir. Düşmən arxasındakı hissəmizdir, belə ha!
Əlimərdan - Məscidin yanında toz göyə duman olur. Alışdı biri də, biri də.
Əli - Sağ cinahda, meşə tərəfdə bir şey görünürmü?
Əlimərdan - Topların ağzını ora çevirirlər. Ot tayalarını yandırırlar. Almanların bir hissəsi dala qaçır. Qabaqlarını kəsdilər.

Ura səsləri hər tərəfi bürüyür. Tez-tez partlayış olur.

Əli (durbinlə baxır) - Dördüncü manqa süngü hücumuna keçdi, gözünüzə dönüm, belə ha!.. Avtomatçılar qaçırlar. Belə ha! Vurun, gözünüzə dönüm! O nədir, kapitan… Kapitan. (Tez yerindən sıçrayır. Ura səsləri, gurultular davam edir).
Telefonçu - Allo, allo, Kiyev, kimdir? Allo. (Birdən onun səsi dəyişir, sevinclə) Vay sənin evinəcən, Rzabala, orda neyləyirsən? Necə! Pah atonnan, başı ilə vurub dəstəyi sındırıb? Köpək oğlunun başının bərkliyinə bax ha… Öləndə də mərdimazarlıqla ölürlər. Rzabala, allo…
Əli bir nəfər əsgərlə yaralı kapitanı gətirir.
Bahadır - Leytenant, məni buraxın. Özüm… Özüm… (Onların əlindən çıxıb yıxılır. Gurultu səsləri eşidilir).
Əli - Bahadır, yoldaş kapitan, belə çevril, yaranı bağlamaq lazımdır.
Firuzə (tələsik gəlir) - Köynəyini cırın!
Bahadır - Dayan, leytenant, tanklar, tanklar…
Əli - Kapitan, tanklardan ancaq ikisi qaçıb özünü meşə yoluna sala bildi. Düşmən avtomatçılarının qalanları əllərini qaldırdılar.
Bahadır - Dayan, Firuzə.
Firuzə - Yoldaş kapitan, sizə əmr edirəm, əllərinizi sakit saxlayın. (Sürətlə onun yarasını bağlayır. Şinelinin cibindən bir kağız çıxarır).
Bahadır - Nədir?
Firuzə - Qana bulanmışdır. Bir tərəfini də güllə aparıb.
Bahadır - Onu sən mənə verdin.
Firuzə - İntizarın kağızı.
Bahadır - İntizarın? Oxu, nədir, Firuzə?
Firuzə (şeri oxuyur.)

Gümüş ulduz, mən yalqızam sənin tək,
Gəl könlümün həsrətini bölüşək!
Öz əlimlə qurban verdim eşqimi
Mənə qaldı qırıq telli bir ürək.


(Birdən hıçqırır)
Firuzə - O adam sənsənmiş, kapitan… O səni sevirmiş!
Bahadır - Məni? İntizar? Of… Mənim qəlbim nə qədər möhkəm olsa da, üç yaraya davam gətirəcəkmi? Düşmən gülləsi, dost vəfasızlığı, cavabsız bir eşqin intizarı.

Atəş səsləri kəsilir, ancaq tək-tək güllələr atılır.

Müşahidəçi - Kapitan, Üçtəpənin üstündə qızıl bayraq yellənir!
Əli (telefonla danışır) - Kapitan, danışan Balaydır. Deyir, uşaqları saxlaya bilmirəm, qaçan faşistləri dabanıbasma qovurlar.
Bahadır (sayaqlayan kimi) - Qovsunlar, leytenant, qovsunlar. Düşmənin bir nəfəri də qalınca, onlardan əl çəkməsinlər. Leytenant, generala xəbər ver ki, azərbaycanlılar Üçtəpəni tutdular, generala xəbər ver ki, azərbaycanlılar düşmən istehkamlarını yardılar. Düşmən tanklarını darmadağın elədi, generala xəbər ver ki, azərbaycanlılar Vətən yolunda, Azərbaycan yolunda canlarını əsirgəmirlər. Vəfalı çıxdılar. Dostlar, mən də ömürdən vəfa istəyirəm, vəfa… Düşmən sağdır, ölmək olmaz. (Dirsəklənib qalxmaq istəyir, özündən gedir).

Pərdə