[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Doqquzuncu şəkil



Xəstəxana. Təkyataqlı bir otaq. Pəncərələr bağlıdır. Bahadır çarpayıda uzanmışdır. Otaqda çoxlu gül vardır. Bir tərəfdə gözləmə otağı, qoca baxıcı qadın Qumru ayaqlarının ucunda xəstə otağından çıxarkən, həyəcanla içəri girən Vəfa ilə üzləşir. Vəfa içəri girmək istəyir. Qumru onun yolunu kəsir.
Qumru - Hara?
Vəfa - Burdadır, mənə dedilər, bu otaqdadır.
Qumru - Yavaş. Kimi istəyirsən?
Vəfa - Bahadır hanı?
Qumru - Sən kimsən?
Vəfa - Mən? Mən? Vəfa!
Qumru - Vəfa? Həmişə sayıqlayanda, Vəfa, Vəfa deyir.
Vəfa - Xala, bircə dəqiqə, heç olmasa, yaxından baxım.
Qumru - İzin yoxdur, qızım, onun yanına bircə mən girirəm. Bir də İlyas həkim…
Vəfa - Xala, onda bir az yaxın gəl, səndən Bahadırın iyi gəlir.
Qumru - Dünən axşam qızdırması bir az düşmüşdü. Soruşdu: "Xala, mən hardayam?" Ancaq həkim tapşırıb ki, bu şəhərdə olduğunu deməyək.
Vəfa - Mən onu çox axtardım. Cəbhəyə yazdım, qospitaldan soraqlaşdım. Kim deyərdi ki, mən onu uzaqlarda axtaran zaman, o bu qədər yaxında, öz şəhərimizdə imiş!
Qumru - Onu təyyarə ilə gətirdilər. İlyas həkimin əlləri var olsun. Çox adam deyirdi ki, ümid yoxdur. Mən hamısını eşidirdim, ürəyim şan-şan olurdu. Baxırdım, çinar kimi oğlandır. Ufultusu gələndə, ürəyimin başı sökülürdü. İlyas həkim onu əcəlin əlindən aldı.
Vəfa (qadının boynunu qucaqlayaraq) - Xala, doğrusunu de, indi həkimlər nə danışırlar? Sağalmasına ümid var?
Qumru - Başına gələn qara fikirləri yel aparsın, qızım. On bir aydan bəri üzünü görmədiyim bircə oğlumun canına and olsun, daha Bahadırın heç bir qorxusu yoxdur. Bu qulaqlarımnan eşitdim. Həkimlər bir-birinnən danışanda deyirdilər ki, bu oğlanın ürəyi fil ürəyi imiş ki, belə ağır yaradan qurtardı.
İlyas (daxil olur) - Vəfa, sən burdasan?
Vəfa (İlyasa yanaşır) - Doğrusunu de, gizlətmə.
İlyas - Ona dincəlmək lazımdır. Bir azacıq həyəcan bütün bizim səyimizi heçə çıxara bilər.
Vəfa - İlyas, əzizim, Bahadır, sənin dostun Bahadır, mənim Bahadırım bir də qapımızdan içəri girəcəkmi? Qoy gözləri görməsin, mən onun üçün göz olaram, mən onun arzusunu nəfəsindən duyuram. Mən ona bu yoxluğu hiss etməyə imkan vermərəm. Ancaq onu vaxtsız əcəlin əlindən qurtar. Qoy o, yolunda qanını əsirgəmədiyi bu vətənin azadlıq gününə çıxsın.
İlyas - Biz onu müalicə edirik. Onun həyatı xilas edilmişdir. İndi hər şey cavan vücudun qüvvətindən və dinclikdən asılıdır. Mən o gün sənə demədim. Mən sənin hayatın üçün qorxurdum.
Vəfa - İlyas, sənin qəlbin daşdandırmı?
İlyas - O daş dediyin qəlbin yaralarını sənə necə göstərim, Vəfa? Mənim qəlbim daşdan olsaydı, yenə də İntizarın həsrəti onu əridərdi.

İçəridən səs gəlir. Qumru ayağının ucunda içəri girir.

Qumru - Deyəsən, oyandı. (Xəstənin yatağına yaxınlaşır, onun üstünü düzəldir).
Vəfa (İlyasa) - Mən dinməyəcəm, mən nəfəsimi belə çəkməyəcəm. Ancaq onun üzünü görüm, səsini eşidim.
İlyas - Vəfa, unutma ki, indi onun üçün həyəcan yeni güllə yarasından da qorxuludur.
Vəfa - Bilirəm.

İlyas onu içəri buraxıb, özü də dalınca girir.

Bahadır (öz-özünə): - Qaranlıq, qaranlıq… Vəfa, mənim vəfasız namehribanım, məni şikəst görmək istəmədin…
Qumru - Kapitan, oğlum, sənə danışmaq ziyandır.
Bahadır (yerindən tərpənir) - Of, İntizar mənə dedi ki, sən müqəssir deyilsən, yox, sən məni unutmazsan, Vəfa. (Qumru sulu pambığı onun ağzına sıxır) Xala, səhərdir? Bəs nə üçün mənim gözlərim belə qaranlıqdır? Nə üçün buranı belə qaranlıq saxlayırsınız?
Qumru - Oğlum, bir neçə gündən sonra, inşallah, qalxarsan, sinənin yarası da sağalar, başının yarası da. İndi həkim icazə vermir, otağı işıqlandırmaq olmaz.
Bahadır - Nə yaman istidir!
Vəfa yaxınlaşır, onun üzünü sığallayır.
Bahadır - Yazmaq, oxumaq bilirsənmi, xala?
Qumru - Niyə, oğlum, bir az bilirəm.
Bahadır (əlini sürtərək başının altından bir balaca kağız çıxarır) - Mən deyən sözləri yadında saxla. Çıraq işığında o sözləri bir kağıza yaz. Bakıda bu ünvana göndər.
Qumru - Oğul, indi yat, səhər yazaram.
Bahadır - Yox, bəlkə mənim səhərim açılmadı.
Vəfa ünvanı alıb kənara çəkilir.
Vəfa - Xala…
Bahadır - O kimdir, xala? Deyəsən, burda başqa adam var!
Qumru - Qonşu palatanın qızıdır, ay oğul.
Bahadır - Xala, yazarsan ki, mənim vəfasız Vəfam. Sən məni şikəst görmək istəmədin… Yazarsan ki, bahar olanda pəncərəmizi aç, mənim kamanımı götür. Səhər günəş yenicə doğanda, bizim "Səhər" nəğməmizi çal, yazarsan ki, mən öz intiqamımı almışam. Mən yurdumuza vəfalı oldum. Ya­zar­san ki, İntizar da deyərdi ki, mən ölmək istəmirəm. Hələ düşmən sağdır. O, gümüş ulduzunu soruşurdu. Yazarsan ki, mənim ulduzum sən idin, Vəfa… Xala, ürək dostu, ömür yoldaşı ağır gündə adamı atarmı?
Vəfa (hıçqırıb özünü Bahadırın üstünə atır) - Bahadır, sənin Vəfan burdadır.
Bahadır - Vəfa!
Vəfa - Bahadır, mənim uzun ayrılıq günlərində sənsiz yaşadığım bir dəqiqəm olmamışdır. Bahadır (ona sığınmış Vəfanın üzünü, saçlarını, əllərini oxşayır, tellərini qoxulayır) - Vəfa! Mənim Vəfam! (Hissiz düşür).

İlyas tələsik Bahadıra yanaşır. Qumru Vəfanı bu tərəfə çəkir. İlyas Bahadırın nəbzini tutur. Bir anlıq sükutdan sonra.

İlyas - Nəbzi vurur. Bu, onun üçün ya son dəqiqə, ya da qurtuluş olacaqdır.
Səhnə yavaş-yavaş qaranlıqlaşır.

Pərdə