VƏFA
Onuncu şəkil
Vəfanın evi. Gecədir. Ülkər evi düzəldir.
Vəsfiyyə (daxil olur) - Ülkər
xala, xoş gördük!
Ülkər - Xoş gördük, xoş
günün olsun. Nə əcəb səndən, elə
bir gediş getdin?
Vəsfiyyə - Səngər qazmağa
getmişdim.
Ülkər - Səngər qazmağa? Abatıxeyir,
sənin səngər qazmaqda nə işin vardı?
Vəsfiyyə - Ülkər xala, əhvalat
uzundur. Başım daşdan-daşa dəydi, ayıldım.
Vəfa gəlməyib?
Ülkər - Yox. Bir otur ağıllı-başlı
danış, görək nə var, nə yox?
Vəsfiyyə - Sağ ol. Muğan müəllimgilə
gedirəm. Sonra bəlkə gəldim. (Gedir).
Ülkər - Lap sirr qalası işdir.
Vəsfiyyə elə bil o Vəsfiyyə deyil.
Qapı açılır. İlyas içəri girir.
İlyas - Ülkər xala, xoş gördük.
Vəfa gəlmədimi?
Ülkər - Yox, ay oğul, mən də
gözləyirəm.
İlyas - Çöl yaman qaranlıqdır.
Ülkər - Nə olubdur? İraq olsun.
Sonra başlarına bir iş gələr.
İlyas - Eh, ay Ülkər xala, üç
dəfə kəfəni yırtıb çıxan adama
nə ola bilər?
Ülkər (qoynundan bir kağız
çıxarıb baxır, dodağının altında
mızıldayır. Yenə də kağızı qoynuna
qoyur) -
Sağ gözüm sənə qurban,
Sol gözümlə dolannam.
Gözlərini silir.
İlyas - Ülkər xala, o nədir?
Ülkər - Heç.
Çöldən səs gəlir. Bahadır Vəfa ilə içəri girir.
Vəfa (əsgəri qayda ilə durub
salam verir) - Yoldaş kapitan, xoş gəlmisən.
Bahadır - Ülkər xala! (Onu qucaqlayır. Sonra
stolun yanına gəlir. Stolun üstündən bir kitab
götürür)/
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq;
Sizdə adət bumudur, böylə olurmu yarlıq?
Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?
(Vəfaya) Vəfa, sən böyük Füzulini
eşqinə şahid çəkirsən?
Vəfa - Bu, sən ayrılan zaman nişan
qoyub getdiyin səhifədir, Bahadır!
Bahadır - Yadımdadır, kaman da belə,
burda asılmışdı. Mənim əhdim vardı,
Vəfa, mən səhər nəğməmizi bərabər
oxumağa əhd etmişdim. (Kamanı götürür.)
Telinin biri qırılmışdır.
Vəfa - Biz o nəğməni dördümüz
oxuyardıq. (İlyas və Bahadıra baxır)
Bir də o!
Bahadır - Muğan müəllim bilirmi?
İlyas - Çox səbrlidir. Yalvarmışdı,
sən gələn kimi onu çağıraq. Hamısını
sənin öz dilindən eşitmək istəyir.
Ülkər - Bircə otur görüm,
yoldan gəlmisən. (Çay tökür). Əyləşin.
Bayaq bir oğlan gəlmişdi. Səni soruşurdu. Dedi
Bahadırın yoldaşıyam, adım da Əlidi.
Bahadır - Əli? Bəs necə oldu? Hara
getdi?
Ülkər - Dedi dəyəcək yerim
var, gənə gələcəyəm.
İlyas - Mən də Muğan müəllimi
çağırım. (Çıxır).
Ülkər - Sənə çoban bozartması
bişirmişəm, ay oğul. Sən həmişə
kəndə gələndə, məndən onu istəyirdin.
Əhd eləmişdim, sağ-salamat gələsən,
bişirim. (O biri otağa keçir).
Bahadır - Deyəsən, Xasay haqqında
bir şey bilmir.
Vəfa - Yox, ona heç bir şey deməmişik.
Ay yarım olar ki, heç soruşmur. Söhbət düşəndə
"allah kərimdir" deyir.
Bahadır - Belə mərd analar elə
də mərd oğul doğar. Mənim bütün yaralarım
sağalır. Ancaq Xasayla İntizarın yarası heç
bir zaman sağalmayacaq.
Ülkər (gəlir) - Lap sən
istəyəndir.
Bahadır - Qismət olsun, Xasay gələndə,
lap qulplu qazanda bişirərsən.
Ülkər götürmək istədiyi fincanı
salıb sındırır. Su dağılır.
Bahadır - Aydınlıqdır, Ülkər
xala!
Vəfa - Allah qoysa, Xasay bu günlərdə
gələr.
Ülkər (kəlağayısının
ucu ilə gözlərini silib ağır-ağır
Vəfanın qabağına gedir) - Qızım,
bu vaxta qədər Bahadır yox idi, mən sənin dərdinin
üstünə dərd qoymaq istəmirdim.
Vəfa - Nə var ki, Ülkər xala?
Ülkər - Hamısını bilirəm,
al oxu! Burda hamısı yazılıb.
Vəfa - Ülkər xala (hönkürüb
onu qucaqlayır).
Bahadır - Onun adı hücuma keçən
döyüşçülərin bayrağı oldu.
İlyas, Vəsfiyyə, Muğan içəri girirlər.
Muğan (Bahadırın alnından öpür)
- Xoş gəlmisən, oğlum!
Bahadır - Xoş gördük! Vəsfiyyə
xanım, sizi də xoş gördük.
Vəfa - Oturun, niyə ayaq üstə dayanmısınız?
Ülkər - Vəsfiyyə, sən niyə
oturmursan?
Vəfa - Əcəb yanmısan.
Muğan (Vəsfiyyəyə) - Otur,
qızım. Ziyanın yarısından qayıtmaq da
mənfəətdir.
Vəsfiyyə (Vəfaya yaxınlaşır)
- Vəfa, məni bağışla, Bahadır qardaş,
sən də bağışla!
Vəfa - Keçənə güzəşt
deyərlər. Otur.
Vəsfiyyə - Yox, sən bilmirsən ki,
mən nə deyəcəyəm.
Vəfa - Bilirəm, işə getmək
istəmirdin, məndən də incidin. - O gün adını
qəzetdə oxuyanda ürəkdən sevindim.
Vəsfiyyə - Yox, o deyil.
Bahadır - Bəs nədir?
Qapı döyülür.