VƏFA
Onuncu şəkil
Ülkər - Gəl, kimsən?
Əli (içəri girir) - Bahadır!..
(Bahadırla qucaqlaşırlar). Kəndə gedirəm,
düşdüm ki, səni görüm.
Bahadır - Çox yaxşı eləmisən.
(Onun tərəddüdlərini görür.)
Tanış ol, Vəfa, mənim yoldaşım!
Əli - Vəfa bacı, ürəkdən
şadam ki, sizi bir yerdə gördüm.
Bahadır - Keç, əl-üzünü
yu, yoldan gəlmisən.
Vəfa - Ülkər xala, sən zəhmət
çəkmə.
Ülkər - Gəl, ay oğul. (Çıxırlar).
Bahadır - Bu mənim cəbhə yoldaşımdır.
Vəfa - Sənə dediyim, vağzaldakı
oğlan, bu özüdür.
Bahadır - O, doğrudan da, dostdur. Çox
zaman bizim dostlarımız kölgə kimi, ancaq günəşli
gündə bizim yanımızda olur, qaranlığa
girdikmi, yox olurlar. Əli ən qaranlıq günümdə
mənə dost, yoldaş olmuşdur.
Qapı döyülür.
Minnətov (Daxil olur. Hamı heyrət
içində qalır. O, əvvəlcə ürəyini
tutur, sonra ağır-ağır Bahadıra yanaşır)
- Gəlişim nə qədər qəribə görünsə
də, mən şadam. Mən sənin yolunda hər təhqiri
götürdüm, Bahadır. (Əlini uzadır).
Bahadır - Siz nə haqla mənə əl
uzadırsınız?
Minnətov - Bahadır, mən Vəfanın
böyük eşqinə səcdə eləmək üçün
gəlmişəm. Ona inan, onu bütün varlığınla
sev!
Vəfa - Vətəndaş Minnətov,
sizə nə lazımdır?
Minnətov - Heç bir şey. (Ülkər
xala daxil olub diqqətlə ona baxır). Sözümü
demək üçün ancaq ikicə dəqiqə. (Yenə
ürəyini tutur).
Bahadır - Sizin nə sözünüz
ola bilər?
Minnətov - Mən Vəfanı bütün
imtahanlardan çıxardım. Onun təmiz olduğunu
gördüm.
Muğan - Sizin belə zəhmət çəkdiyiniz
nə üçündür?
Minnətov (Bahadırı göstərir)
- Hamısı onun üçün. İndi məni düşmən
bilən, lakin mənim dost deyib, dost qaldığım
bir adam üçün. Mən təmiz adımı, namusumu
təhlükə altına atıb, Vəfanı sınadım,
ağır imtahanlardan keçirdim. O, bu imtahandan mərd
çıxdı.
Muğan - Xain xoflu olar. Şükür
allaha, Vəfaya nə olmuşdu ki, sən onu sınayasan?
Minnətov - Siz mənə inanmaya bilərsiniz,
haqqınız var. Hətta Vəfa mənim dost yolundakı
bu fədakarlığımı bir düşmənçilik
bilib, indi bir cani kimi məni, bəlkə həbsə
də aldırmaq istəyir. Qoy olsun, ziyanı yoxdur. Mən
dost yolunda hər şeyə dözərəm.
Vəsfiyyə - Yalandır, inanmayın,
yalandır. (Bahadıra yanaşır). Əsgər
sənin vağzaldan göndərdiyin məktubu gətirdi.
O gün Vəfa evdə yox idi. Mən onu gözləyirdim.
Bir əsgər gəlib soruşdu: Vəfa kimdir? Dedim:
- Mən. Məktubu mənə verdi. Bir azdan sonra bu Minnətov
gəldi. Məktubu görüb götürdü, açıb
oxudu. Mənə dedi ki, mən məktubu idarədə
Vəfaya verərəm. (Minnətov sakit qulaq asır).
Mən sonra bildim ki, o, məktubu öz pomoşnikiynən
qəsdən gec göndərib. Ancaq gec idi, məni qorxutdu
ki, hamı təqsiri sənin boynuna ataram. Mən də
dinmədim, acizlik elədim.
Muğan - O, belə işlərdə mahirdir.
Vəsfiyyə - Vəfanın İntizarnan
göndərdiyi məktubu da, bunun tapşırığı
ilə Mirzə Pomoşnik dəyişdirdi. Əvvəl
mənə təklif elədi, mən boynuma götürmədim.
Minnətov - Bir az artırması var. Ancaq
Vəsfiyyə xanımın dedikləri, əsasən,
doğrudur. Bütün bunları mən özüm
deyəcəkdim. O, bir az tələsdi.
Muğan - Minnətov, sənə kənardan
baxan deyər ki, dünyanın ən namuslu adamısan.
Minnətov - Müəllim, haqqınız
var. Mən dost yolunda öz namusumu ləkələməkdən
belə qorxmadım.
Əli dəsmalla üzünü silə-silə o biri
evdən gəlir. O, Minnətovu, Minnətov da onu görmür.
Əli - Su yaman soyuqdur.
Minnətov - Bir zaman gələr. Minnətovun
sədaqətinə hamınız inanarsınız.
Əli (Dəsmalı əlinə alır.
Birdən Minnətovu görür. Öz-özünə).
Deyəsən odur…
Minnətov - Mən cəbhədə olan
zaman…
Muğan - Sən, görünür, cəbhədə
olanda da adamları sınamaqla məşğul olmusan.
Minnətov - Mən hər yerdə xalqımın
adını, şərəfini…
Muğan - Bəs dediyin böhtanlar? Bəs
sən demirdinmi: "Azərbaycanlılar vuruşmaq istəmirlər,
qorxaqdırlar?"
Bahadır - Böhtan belə adamların
silahıdır, müəllim! Buzlu dənizdən tutmuş
Qara dəniz sahillərinə qədər bütün
cəbhələrdə bizim ellərin doğma balaları
vətən torpağını qoruyanda minnətovlar
xalqımızın adına belə böhtan yaymaqla
öz namussuzluqlarının üstünü örtməyə
çalışırdılar. Cəbhələrdə
bombaların gurultuları içində: "Vur, qardaş,
vur! Yaşasın Azərbaycan!" - deyə irəli atılan
el oğullarının səsini onların kar qulağı
eşidə bilməzdi. Azərbaycan balalarının
qəhrəmanlığını onların kor gözləri
görə bilməzdi!
Minnətov - Mən bu təhqirləri də
udaram. Mən cəbhədə olanda… Eh…
Əli (üzünü silib qurtarmışdır.
O, Minnətova yanaşır. Diqqətlə ona baxır)
- Sən cəbhədə olanda. (Bahadıra) Odur,
Bahadır, odur!..
Minnətov - Nə deyəcəyəm? Göstərdiyiniz
hörmət üçün sağ olun. (Ürəyini
tutur). Mən bu xəstə qəlbimlə. (Qapıya
yönəlir).
Əli - Tərs kimi də elə qaranlıqdır
ki, yazıq yolu azar. Sonra mənzili tapmaz. Şikəst
adamsan, mən özüm səni ötürəcəyəm.
(Bahadıra) İcazənizlə gedək. (Çıxırlar).
Ülkər - Keçmə namərd körpüsündən,
Qoy aparsın sel səni!
Muğan - Bahadır, İntizar haqqında
mən sənin öz dilindən eşitmək istəyirəm.
Bahadır - "Düşmən sağdır,
ölmək olmaz!.." onun son sözləri oldu. İntizar
gümüş ulduzunu itirəndə, qızıl ulduzunu
tapdı.
Səhnə qaranlıqlaşır. Bir az sonra Ülkər
pəncərələri açır. Səhərdir.
Pəncərələrdən səhərin işığı
otağa dolur.
Əli tələsik içəri girir.
Əli - Son xəbəri eşitdinizmi?
Vəfa - Son xəbər?
Əli - Qoşunlarımız bütün
cəbhə boyu hücuma keçib. Eşitmirsinizmi? Radiodan
verilən zəfər marşı hər tərəfə
yayılmışdır.
Muğan - Artıq intiqam saatı vurur.
Bahadır - Dostlar, belə vaxtda evdə
oturmaq olarmı? Mən fəryad edən vətən
torpağının çağırışına gedirəm.
Vəfa - Bahadır, bərabər gedərik.
Mən də səninlə gedəcəyəm. Artıq
biz heç bir zaman ayrılmayacağıq. Biz doğma
Azərbaycanın şirin nəğmələrini vətənimizin
azad torpaqlarında bərabər oxuyacağıq.
Muğan - Bahadır, yuxusuz gecələrdə
beşiyini yelləyərək, həm ana, həm ata
olduğum İntizarımın nəğməsi qırılan
yerlərdə onun intiqamını almağı sənə
tapşırıram.
Ülkər - Gedin, balalarım, gedin. Mənim
Xasayımın da hayifını alın. Düşməni
qovun! Mən sizə bir ana kimi xeyir-dua verirəm. Gedin,
faşizmin kökünü yer üzündən silin!
Hər gün yola çıxıb sizi gözləyəcəyəm.
Düşməni basıb geri qayıdanda mənim Xasayımın
qəbrindən mənə bir ovuc torpaq gətirin, onu
bağrıma basım, sonra ölüm. Gedin, uğurlar
olsun!
1943
 |
 |
|