GÖRÜŞ
Altıncı şəkil
Xoş, sakit musiqi fonunda.
İnsan - Sən böyük, azad bir ölkənin
üstündə dinclik bayrağı kimi dalğalanan
sonsuz bir mavilikdin, Səma. 41-ci ilin ən gödək
gecəsində - 22 iyun gecəsində də sən
həmişəki kimi aydın, açıq, ulduzlu
və sakit idin. Bu böyük ölkənin vətəndaşları
ilin ən gödək gecəsində arxayın-arxayın
yatırdılar. Səhər həmişə səndə
başlanır. Torpağa, dənizlərə səhəri
sən çiləyirsən, Səma. Sənin dan rəngin
hər yeri səhərə boyayır. İlin bu
gödək gecəsinin axır saatları idi. Sənin
səhərinə az qalırdı. (Atəş,
bomba səsləri, həyəcanlı musiqi.)
Səadət, işıq düşmənləri
pusquda durub sənin səhərini oyanmamış
boğmaq, qaraltmaq istədilər. Göydə də
zəlzələ olarmı? Göy də parçalanar,
yarğan-yarğan dağılarmı? Onlar istəyirdilər
ki, Sən - Səma torpağın dostu yox, qənimi
olasan, səndən yerə ölüm yağsın.
Qanlı xaç təyyarələrini bıçaq
kimi köksünə batırıb, torpağı,
dinc evləri, kəndləri, şəhərləri
nişan aldılar. Onlar yuxarıdan aşağı
baxanda yeri xarabazar görmək istəyirdilər.
Onlar Səmanı sonsuz genişlik kimi deyil, tüfəng
lüləsi kimi dar görmək istəyirdilər.
Onlar səni yerə uçurtmaq, torpağa yapışdırmaq
istəyirdilər.
Diktorun səsi - Bu gün səhər
alman-faşist orduları xaincəsinə ölkəmizə
basqın etmişlər. Azğın faşist işğalçılarını
darmadağın etmək üçün bütün
sovet xalqı ayağa qalxmışdır.
İnsan - Moskva və Leninqrad, Stalinqrad
və Bakı… Bütün ölkə səfərbər
oldu, silah götürdü: evlərimizin pəncərələrini
dörd il sənə qapadıq, Səma, işıqlarımızı
gizlədib qoruduq. Səni murdarlayan faşist yarasalarına
doyunca güllə yedirtdik. Onları yerdən nişan
aldıq. Şahinlərimiz göylərə qalxdı.
Deyirlər, yalnız o torpağa vətən demək
olar ki, onun uğrunda qan tökmüsən. Bizim səni
Vətən adlandırmağa haqqımız var,
Səma! Sənin maviliyində neçə vətən
oğlunun qanı axıdılıb. Bu qəhrəmanların
içində biri də vardı, Səma. O, ilk dəfə
gözlərini yumarkən Baltikanın sularına
baxdı. yadındadırmı, Səma? Hüseynbala
Əliyev yadındamı?
Səma - Yadımdadır. O, mənə
çoxdan aşiq idi. Lap kiçik yaşlarından
uzun-uzadı mənə baxar, həsrətlə
seyrimə dalardı. Hiss edirdim ki, arzusu mənim
ənginliklərimə yüksəlməkdir. On
altı yaşına çatanda arzusuna nail oldu.
İlk dəfə planerlə havaya qalxdı.
İnsan - Bakıdan Tulaya uçdu. Onun
idarə etdiyi planer sənin dincliyində qanad çalarkən
nə biləydi ki, bir müddətdən sonra torpağın
dincliyini qoruyacaq?! Atəş səsləri, həyəcanlı
musiqi.
İnsan -
Geymiş Leninqrad əsgər paltarı
Nevanın qaşları çatılıb yenə.
Pusur tərlanları faşist yassarı.
Qara duman gəlir bir dağ üstünə.
Hər azad ürəkdə, azad könüldə
Bir böyük parol var! Lenindir adı.
Düşmən görməyəcək Leninqradı!
Səma - Onun qəhrəmanlığının
şahidi yalnız mənəm, İnsan. Sonralar onun igidliyini
insanlar da bildi. Lakin o döyüş vaxtı onun cəsarətini
bircə mən görürdüm. Çünki orada bir
mən idim, bir də o…
İnsan - Bir də üç düşmən
təyyarəsi…
Tək bir təyyarənin uğultusu.
Səma - Onlar hələ görünmürdü.
Hüseyn hərbi tapşırığı yerinə
yetirib, geri qayıtmaq əmri almışdı.
Hüseyn - Göy nə sakitdir! Heç,
deyəsən müharibədən əsər-əlamət
yoxdur. Görəsən, Bakının səması
da belə aydındırmı? (Bir neçə
təyyarənin uğultusu) Bunlar hardan çıxdı?
Özü də ikisi. Eybi yoxdur. Bu saat onların
dərsini verərik. İki faşist təyyarəsi
də cəhənnəmə vasil olar. Aha. Biri də
burdan çıxdı! Çox gözəl! Onlar üç,
mən tək! Heç eybi yoxdur; indi görək siz
üçünüz mənim əlimdən qurtara
biləcəksinizmi? (Pulemyot səsi) Aha,
biri getdi. Bax, belə olarsan. Deyəsən, mənim
təyyarəmə də güllə dəydi. Bu
sənin işindir. Al payını! (Ağrıyla)
Ah, sinəmdən vurdu, namərd! Alnımdan
da yaralanmışam ki! Aha, qaçırsan, yox, qaçıb
qurtara bilməyəcəksən! Elə bilirsən
yaralanmışam, səni salamat buraxacağam,
heç elə söhbət yoxdur! A… çiynimi nə
yaman yandırır… (Get-gedə daha çətinliklə
danışır). Üz-üzə gəlmək
istəyirsən? Nə olar, görək kimin əsəbləri
daha möhkəmdir. Gəl. (Təyyarə səsləri
güclənir) Gəl, aha, qaçdın! Onda al!
(Pulemyot səsi) Sol əlimdən vurdu. Sağ
əlim ki, hələ salamatdır. Tut gəldi! (Pulemyot
səsi) Aha, sən də getdin dostlarının
yanına! Bəlkə yenə bəxtini sınamaq
istəyən var, gəlsin, bu meydan, bu…
Səma - İndi o, lap tək qalmışdı.
Bir o, bir mən. Mənim köksüm yara-yara idi, o
da otuz yerdən yaralanmışdı. Lakin mən
Səmayam. Mənim nə ətim var, nə qanım.
O, insan idi. Qan onu aparırdı. Bədəni yaralardan
sızım-sızım sızıldayırdı.
Gözləri qaralır, başı gicəllənirdi.
Hüseyn (sayıqlayırmış
kimi) - Səma nə boşdur? Hanı mənim
dostlarım? Əlvida, dostlar! Ayrılıq dəmi
gəldi. Ölüm belə imiş. Yum gözlərini,
Hüseyn. Vəssalam. Burax sükanı. Qoy əlin
dincəlsin. Bax belə. Nə rahatlıqdır!
Dincəl. Yuxu… Yox, mən nə danışıram?
Mən insanam, öləcəyəm. Bəs bu təyyarə?
Axı o, yenə havaya qalxa bilər, yenə döyüşə
bilər. Bu sükanı başqa əllər tuta
bilər. Sən mənim vəfalı dostum olmusan.
Mən də sənə namərd çıxa bilmərəm.
Səni məntəqəmizə çatdıracağam.
Ölüm məni yaxalasa da, səni mənzilə
çatdıracağam… çatdıracağam… çatdıracağam…
Ana səsi - Hüseynbala, oğlum, gözləri
yaşlı qoyma məni, yaraların nə ağırdır,
anan sənə qurban, can bala, gözlərim kor olsun,
səni belə qanına qəltan görməyim!
Komandir səsi - Hüseyn, hardasan? Dostların
səni gözləyir, Hüseyn. (Ananın və
komandirin səsi qeyri-adi rezonansla səslənir,
çünki bu səsləri Hüseyn xəyalən
eşidir).
Hüseyn - Burdayam, yoldaş komandir.
Budur, məntəqə, gəlib çatdıq. (Son
gücünü toplayaraq). Çatdıq… Çatdıq…
(Propellərin səsi. Propellər fırlanıb
dayanır. Adamların səs-küyü).
Komandir - Həkim, tez olun! O, deyəsən,
yaralıdır. Huşunu itirib. Qəribədir,
bəs təyyarəni belə ustalıqla necə
endirdi? Tez olun, həkim!
Həkim (ağır-ağır)
- Yoldaş komandir, o, artıq ölmüşdür.
Onun bədənində otuzdan artıq yara var. Neçəsi
də ölümcül. Bu halda təyyarəni gətirib
çıxarması möcüzədir!
Komandir - Yox, bu möcüzə deyil..
Mən Hüseyni yaxşı tanıyırdım.
O, yalnız belə edə bilərdi.
Musiqi.