Kəndin inqilabdan əvvəlki halını,
ordakı məişət tərzini, insanların
xarakter və fəaliyyətini təssəvvür
etmək istəyənlərə Nəcəf bəy
Vəzirovun "Müsibəti-Fəxrəddin" pyesini
bir də oxumağı tövsiyə edə bilərəm.
Eyni hadisələr, eyni əxlaq və anlaq normaları
bu kənddə hakimdi. Bu qədər desəm kifayətdir
ki, mənim bibim oğlanlarından biri Bakıda
təhsil alırmış.
Bir yay zamanı tətil vaxtı kəndlərinə
gəzməyə gəlir, ikinci gün atasının
kənddəki müddəiləri heç bir günahı
olmayan bu oğlanı vurub öldürürlər.
Bu iki tayfa, iki əmi nəvələri arasındakı
müddəilik hətta 1921-22-ci illərə qədər
davam edirdi. Buna baxmayaraq, kənddən ziyalılar
da çıxmış və bir çox savadlı
adamlar Göyçay, Ağdaş, Gəncə və
Bakıda təhsil alıb müəllimlik və
sairə müxtəlif mədəni işlərlə
məşğul olmuşlar.
Bizim ulu babamız Məmmədxan bu kənddə
yaşamış və o zamankı xırda feodallardan
biri olmuşdur. Onun təbitən çox sərt,
zalım adam olduğu və yalnız başqalarına
qarşı deyil, öz ailəsinə, arvad-uşaqlarına
qarşı da çox amansız olduğu haqqında
kənd qocaları arasında müxtəlif rəvayətlər
vardır. Bəlkə də bunlar, əsasən,
həqiqət olan faktların ağızdan-ağıza
bəzənib inkişaf etmiş şəklidir.
(Mən ilk yazıçılıq təcrübəsinə
başladığım illərdə yazdığım
"Dilarə" hekayəsində bu zalım babamın
obrazını vermişəm). Anam Qarabağın
Qaradolaq obasındandır. Onun ana tərəfi Qarabağlı,
ata tərəfi Cənubi Azərbaycanlıdır.
Ana babam təxminən 80-ci illərdən Göyçaya
gəlib orda yaşamışdır.
İlk uşaqlıq dövrümü
qayda-qanun sevən və uşaqlarını yeni
üsulda tərbiyə etmək istəyən atamın
nəzarəti altında keçirmişəm. Lakin
mən altı yaşına girəndə atam öldüyündən
anamın və sonralar əmimin və nəhayət,
gənc dayımın nəzarəti altında qalmışam.
6 yaşında məktəbə getmişəm.
6-7 yaşlarında evdə böyük bacımın
və ərəb əlifbası ilə oxumaq bilən,
lakin yazmaq bilməyən anamın oxuduğu bir çox
şer və hekayələri əzbər bilirdim.
Evimizdə ta atam sağlığından
azərbaycanca "Molla Nəsrəddin" jurnalı və
rusca "Niva", "Probujdenie" jurnalları, o zaman çıxan
bir sıra qəzet və jurnallar alınırdı.
(Bizim evə "Molla Nəsrəddin" jurnalının
gəlməsi də atamı babilikdə təqsirləndirmək
üçün ruhani və qaragüruha bir əsas
vermişdi).
İndi fikirləşdikdə, xatirələrimi
aradıqda könlümə düşən ilk
şer şəfəqlərinin anamdan gəldiyini
aydın görürəm.
Anamın şer təbi varmış.
Bunu o zamandan qalma üç şerinin əlyazması
təsdiq edir. Anama ancaq oxumaq öyrədib yazmaq
öyrətmədiklərindən, o şerlərini
əzbərdən deyər, atam yazarmış. Bu
şerlərin sayı ona qədər varmış.
İndi qalan yalnız üç şerdir. Bu şerlər
maarifçilik, elm, mədəniyyətə çağırış
xarakteri daşıyır. O zaman Tiflisə oxumağa
gedən böyük bacım Kubra üçün
anamın yazdığı şer çox xarakterikdir:
"…Qızım, elm oxu, elmsizlik yamandır,
Ki olma elmsiz, ay balam, sən amandır. Əgər
salsalar boynuna cəhl ipini, Qırıb tulla, qalsa,
sənə çox ziyandır".
Onun hərdən qərib axşam qaranlıqlarında
(xüsusilə, mənim yadımda qalan atamın
ölümündən sonra) evimizin qabağından
axan çayın sularına həmahəng olaraq mızıldadığı
şer parçalarının böyük Füzulinin
kədər və möhnət dolu sətirləri
olduğunu, Natəvanın şerləri olduğunu
mən sonradan başa düşdüm.
O zaman mən bu şerləri dinlədikcə
gah anamın balağına qısılıb ağlayar,
gah da anama yalvarardım ki, onları təkrar etsin,
mən əzbərləyim.
Görünür ki, bu zamanlar qəlbimdə
şerə oyanan hiss get-gedə qüvvətlənmiş
və çox tez məndə şer yazmaq həvəsi
oyatmışdır.
Atam sağlığında güzəranımız
pis keçməmişdir, lakin atamın ölümündən
sonra bir gəlir mənbəyi olmadığından
"ehtiyat" get-gedə azalmış və nəhayət,
ehtiyac bütün amansızlığı ilə
qapılarımızı döyməyə başlamışdır.
Qapımızdakı yeganə inək
ailənin dayağı olan günlər də vardı.
Mən o inəyə nifrət edirdim. Mənə
elə gəlirdi ki, o inək olmasa, biz, hər halda
mən, çox xoşbəxt yaşayardıq. Səbəbi
nə idi? Səbəbi bu idi ki, hər gün olmasa
da, çox zaman səhər tezdən durub inəyi
naxıra qoşmaq vəzifəsi mənim boynuma
düşürdü.
Hər dəfə səhər gün
yenicə çırtlamış məni səsləyib
oyadanda dünya gözümə bir zindan görünərdi.
Günlər, aylar ötürdü. Mən tezdən
durmağa öyrənə bilmirdim. Ancaq ən maraqlısı
budur ki, səhər güc-bəla durub qızıl
inəyi qabağıma qatıb şəhərin
şimal tərəfindəki "düzə" çıxanda
təmiz hava, yaz vaxtı çiçəklərin
qoxusu, quşların civiltisi o qədər mənə
təsir edirdi ki, "sabah mütləq özüm duracam"
- deyə özümə söz verirdim. Lakin ertəsi
gün bütün əhvalat yenidən təkrar
olunurdu. Yenə məni çağırırdılar,
yenə dünya gözümə dar görünürdü.
Məktəbdə mən yaxşı
oxuyurdum, demək olar ki, bütün dərslərdən
əla qiymət alırdım. Sonralar ikinci dərəcəli
məktəbdə 6-cı sinifdən riyaziyyat məni
yaman sıxışdırdı. Bütün hesab,
fizika, həndəsə sahəsindəki elmlərlə
barışmaz düşmən oldum. Mənə
elə gəlirdi ki, bu elmlər, xüsusilə,
cəbr yalnız və yalnız adamın ömrünü
zəhərləmək, gen dünyanı mənim
başıma dar eləmək üçün düzəldilibdir.
Təbiidir ki, sonralar bu elmlərə diqqət vermədiyimə,
onları yaxşı öyrənməməyimə
çox peşman oldum. Bəlkə də o zaman bu
elmlərə məndə həvəs oyadan yaxşı
bir müəllim olsaydı, mən indi çox sevdiyim
astronomiya sahəsində bir mütəxəssis
olardım. 7-8-ci sinifdə bizə riyaziyyat dərsi
deyən cavan bir müəllim idi. Mənim riyaziyyata
həvəsim olmadığı kimi, onun da tələbəyə
təsir edə bilmək qabiliyyəti yox imiş.
Bu qeydlər sistemsiz və xronoloji cəhətdən
nöqsanlı olacaqdır. Yadıma düşən
şeyləri qeyd edirəm. Əlli yaşlı
bir adamın yaddaşı isə o qədər də
etibarlı bir əsas deyil.
İbtidai təhsilimi Göyçayda birinci
dərəcəli məktəbdə almışam.
Bu məktəbin binası ortadan birmərtəbəli,
hər iki tərəfdən isə ikimərtəbəlidir.
Bu məktəb o zamankı şəhər bulvarının
yanında idi.