RZAYEV RƏSUL İBRAHIM oğlu - şair,
dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı
(1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ
Dövlət mükafatı laureatı (1951), Azərbaycan
Ali Sovetinin deputatı, Azər- baycanın Əməkdar
incəsənət xadimi (1945).
1910-cu il mayın 19-da Azərbaycanın
Göyçay şəhərində maarifpərvər
ailədə doğulmuşdur. Mənşə etibarı
ilə tanınmış Məmmədxanovlar nəslindən
olan atası İbrahim kənddə mirzəlik və
xırdavatçılıqla dolanmışdır.
Anası Məryəm poetik istedada malik
olmuş, öz şerlərini əzbər yadda
saxlayırmış. Atasını erkən itirmiş,
anasının və yaxın qohumlarının himayəsində
boya-başa çatmışdır.
1924-cü ildə ÜİLKGİ sıralarına
daxil olur, Göyçayın ictimai həyatında
fəal iştirak edir: dram dərnəyi yaradır,
şəhərdə, kəndlərdə tamaşalar
verir. Göyçay şəhər kitabxanasında
müdir (1924), həmkarlar klubunda gənclər bölməsinin
(1925) işləyir, Tbilisidə Zaqafqaziya Kommunist
universitetinin kooperasiya şöbəsində təhsil
alır (1926-1927).
Bu dövrdə ilk şerini «QığıIcım»
almanaxında çap etdirir. «Dan ulduzu» jurnalında
«Oğul qatili», «Arvadbaz», «Dilarə» hekayələri,
«Yeni fikir» və «Zarya Vostoka» qəzetlərində
bir neçə şeri dərc olunur. 1930-cu ildə
Bakıya köçməsi onun yaradıcılığında
dönüş yaradır. «Gənc işçi»
qəzeti redaksiyasında tərcüməçi
kimi işə düzəlir, məqalə, oçerk
və şerlərini müntəzəm çap etdirməyə
başlayır. «Çapey» adlı ilk şer kitabında
olan «Bolşevik yazı» şeri ilə öz yaradıcılıq
yolunu elan edir. O, Azərbaycan Elmi Tədqiqat İnstitutunun
aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda
təhsilini davam etdirir (1934-1937).
Bakı kinostudiyasında ssenari şöbəsinin
rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının
müdiri (1938), Azərbaycan Sovet Yazıçıları
İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının
müdiri (1942-1944), kinematoqrafiya idarəsində
rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri
(1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının
baş redaksiyasının baş redaktoru, Ümumdünya
Sülhü Müdafiə Komitəsi Rəyasət
Heyətinin üzvü, Afrika və Asiya Ölkələri
Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin
üzvü və respublika üzrə sədri, SSRİ
Yazıçılar İttifaqı rəyasət
heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin
Azərbaycan şöbəsi idarəsinin sədri,
Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış)
deputatı, Azərbaycan KP təftiş komissiyasının
üzvü seçilmiş, Lenin və SSRİ Dövlət
mükafatları komitəsinin üzvü olmuşdur.
Xidmətləri yüksək qiymətləndirilmiş,
ona fəxri adlar verilmiş, üç dəfə
Lenin ordeni və medallarla təltif edilmişdir.
1981-ci il aprelin 1-də Bakıda vəfat
etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı
küçələrindən biri onun adını
daşıyır.
Rəsul Rzanın həyat yoldaşı
– şairə Nigar
Rəfibəyli, Azərbaycanın xalq şairi.
Onların oğlu – Anar,
1938-ci ildə anadan olmuş, məhşur yazıçı,
dramaturq, scenarist və kinorejissoru, Azərbaycan
Yazıçılar Birliyinin üzvü.