Mən 1910-cu ildə may ayının
19-da (təzə təqvim hesabilə) anadan olmuşam.
Təvəllüd ilim ana babam tərəfindən
köhnə bir Quranın son sarı vərəqinə
yazılmış, o Quranı babamın xeyrat günü
kim isə aparmışdır. Sonra qaytarmamışdır.
Belə söyləyirlər ki, Quran gözəl
əl xətti ilə yazılıbmış və
səhifələrin kənarında bir çox şerlər
varmış. Bu şerlər əksəriyyətlə
Həzrət Əlinin mədhinə yazılmış
şerlərmiş. Mənim ana babam çox mömin
bir kişi imiş və İmam Əliyə fanatik
bir məhəbbət bəsləyirmiş.
Təvəllüd ilim Göyçay dəftərxanalarından
birində də qeyd olunubmuş. Bunu atam qeyd elətdirmişdi,
o, ziyalı idi, rusca təhsil görübmüş.
O, mənim xatirəmdə üzərini bir tül
örtmüş surət kimi gah görünən,
gah da xəfif dumanlara qarışıb itən bir
xəyal kimi qalmışdır. Yəqin ki, onun
fotoşəkilləri olmasaydı, mən atamın
surətini xəyalımda yarada bilməzdim. Mənim
kimi onun da göy gözləri varmış, boyu
ortadan bir az hündür imiş. Savadlı olduğundan
və uzun illər kənddə mirzəlik elədiyindən
onun adına bir "mirzə" əlavə edərək
Mirzə İbrahim çağırarmışlar.
Beş qardaş içərisində öz işgüzarlığı,
biliyi, səyi və bacarığı ilə ayrılan
İbrahim atasının (Məmməd ağa) zamanına
görə varlı bir adam olduğuna baxmayaraq, çətin
bir həyat keçirmişdi. O zamankı azərbaycanlı
ailələri üçün xarakterik olan bir şəraitə
düşmüş, anasının ölümü
və atasının yeni arvad alması ilə rahatlıq
və səadətini itirmiş, iki qardaşı
ilə bərabər öz əlinin zəhməti
ilə özünə ruzi qazanmalı olmuşdur.
Təhsil və elmə olan böyük həvəslə
ağır bir şəraitdə oxumağını
davam etdirərək, o zaman geridə qalmış
bir qəsəbə şəraitində böyük
müvəffəqiyyət sayılan yeddi illik təhsilini
bitirmiş, kargüzarlıq və dilmanclıq vəzifəsində
çalışmağa başlamışdır.
Atam açıqfikirli bir adam olmuşdur.
O zamankı Göyçay qəzasında ilk dəfə
o, mənim böyük bacımı məktəbə
qoymuş və hətta onu təhsilini davam etdirmək
üçün 1913-cü ildə Tiflisə göndərmişdir.
İkinci bacımı da yeni tipli məktəbdə
oxutdurmağa başlamışdır. Bu hərəkətləri
və zamana görə proqressiv fikirləri üçün
Göyçayın cəhalətpərəstləri
və ruhaniləri bizim ailəmizi o zamanın ən
dəhşətli sözləri ilə "babı",
"bəhayi" adı ilə damğalamışlar.
Göyçay XX əsrin əvvəllərindən
ta birinci cahan müharibəsinə qədər son
dərəcədə geri qalmış bir yer idi.
Qəsəbədə az-çox əhəmiyyəti
olan heç bir sənaye müəssisəsi yoxdu.
Çustçu və başmaqçı kustarları,
misgərlər, dəri aşılayanlar, kərpic
kəsənlər, çox zaman mövsümə
işləyən xarratlar, dülgərlər və
bu kimi peşə sahibləri Göyçayda müasir
mənada sənaye ocaqları yarada bilməzdilər.
Şəhər ticarət və dərzi, başmaqçı,
misgər, zərgər və bu kimi kustarların
təşkil etdiyi xırda burjua təbəqəsinin
yaratdığı bir mühit içərisində
yaşayırdı. Onuncu ildən sonra şəhərdə
bir od dəyirmanı (motorla işləyən dəyirman),
bir pambıq zavodu tikilmişdi. Ağabəyovlara
məxsus olan bu pambıq zavodunda ən çoxu 30-40
fəhlə işləyirdi. Dəyirmanda isə
10-12 nəfərdən artıq çalışmırdı.
Bir-iki kustar dəri aşılayan emalatxanada 10-15
nəfər çalışırdı. Bundan başqa
şəhərdə bir, ya iki kərpic və kirəmit
zavodu vardı ki, burda çalışanların sayı
da 20-30 adamdan yuxarı deyildi. Həm də bu müəssisələrin
çoxu mövsümdən-mövsümə işləyir,
təsadüfi xarakter daşıyırdılar.
Şəhərdə bağçılıq,
meyvəçiliklə məşğul olanlar da az
deyildi. Lakin şəhərin əsas profilini müəyyənləşdirən
ticarət və kustarlıq idi. Mənim atam Mirzə
İbrahim Məmməd ağa oğlu Məmmədxanov
(bizim köhnə familiyamız ta qədimdən
Məmmədxanovdur. Atam 1915-ci ildə öldüyündən
mən gözümü açıb ata hesabı
böyük kimi dayımı gördüyümdən
onun Rzayev familiyasını götürmüş
və sonralar yazıçılığa başladıqda
Rəsul Rza imzası ilə yazmağa başlamışam)
mirzəliklə bərabər ticarətlə məşğul
olmuşdur.
Bizim əslimiz Həbibinin vətəni
məşhur Bərgüşad kəndinin 3-4 kilometrliyindəki
Çiyni kəndindəndir. Bu kənd Bərgüşad
çayının üstündə Boyat və indiki
Kirov kəndlərinin arasında yerləşmişdir.