Kənardan
baxış
|
Nikolay
Tixonov “Yaradıcılıq səadəti” |
Bizim dostumuz, görkəmli şair Rəsul
Rza tərcümeyihalında belə yazır: "Elə
mövzular var ki, bir ağrı kimi həmişə
səninlədir, özü təcəssümünü
tapmayınca səni dinc qoymur, sənə rahatlıq
vermir".
Rəsul Rza öz fikirlərini, dərin,
səmimi hisslərini kamil şəkildə ifadə
etmək üçün daim axtarışda olan bir
şairdir. Onun ilhamının əhatə etdiyi
geniş aləm iztirab və əziyyətlərlə,
insanın ən ali və nəcib sifətlərinə
məhəbbətlə, mərdliklə doludur.
Xalqların mübarizəsinə şairin
həsr etdiyi şerlər sözün ən gözəl
mənasında beynəlmiləl mahiyyətə
malikdir. Onun şerləri və "Vəfa" pyesi Böyük
Vətən müharibəsindən ümumxalq hünəri
kimi bəhs edir. Burada qəhrəmanlıq əzabla,
düşmənə qarşı nifrət Vətən
məhəbbəti ilə yanaşıdır, qoşadır.
Sovet dövlətinin böyük yaradıcısı,
dünya zəhmətkeşlərinin rəhbəri
Vladimir İliç Leninin anadan olmasının 100
illiyini bütun bəşəriyyətin bayram etdiyi
bu ildə zamanın sınaqlarından keçmiş
və bu gün də bütün canlılığı
və könül hərarəti ilə səslənən
əsərlər içərisində Rəsul Rzanın
Dövlət mükafatına layiq görülmüş
"Lenin" poemasının da adı çəkilir. Yalnız
kamil istedad sahibi olan bir şair bu yüksək yarışdan,
zamanla, bir sıra rəqiblərlə qarşı-qarşıya
dayanmaq lazım gələn bu cür poetik mübarizədən
qalib çıxa bilərdi.
Rəsul Rza klassiklərin ən gözəl
tərcüməçilərindən biridir. Puşkin,
Lermontov, Mayakovski və böyük Şevçenko
onun ilhamlı zəhməti sayəsində mahnıları
xatırladan Azərbaycan dilində səslənmişdir.
Anadan olmasının şanlı yubileyi
günündə ona yeni, gözəl əsərlər
yaratmaq, yeni poetik enerji, nəğmə ilə dolu
ömür, möhkəm cansağlığı
və öz bahar təravəti ilə bizi əhatə
edən bu gözəl dünyada böyük yaradıcılıq
kəşfləri, səadəti arzu edirəm.