Xatirələr

 


Kənardan baxış


İosif Noneşvili “O, hər şeydən əvvəl şairdir”

Elə yazıçılar var ki, onlarsız doğma ədəbiyyatı, onun bu gününü və gələcəyini təsəvvür etmək mümkün deyil. Rəsul Rza xoşbəxt adamdır, çünki onun adı, şübhəsiz, belə sənətkarların sırasına daxildir.

Mən uzun illlərdir ki, özümü yaşca məndən böyük olan Rəsulun sınanmış və sədaqətli dostu hesab edirəm, ancaq bugünkü yubilyar ilə biz harda görüşürüksə görüşək, o bu yaş fərqini hiss etdirmir. Məsələ təkcə onun anadangəlmə mədəniyyətində və vərdişində deyil, bundadır ki, onunla hər hansı bir görüş əsl şairlə göruş, hər hansı söhbət - poeziya haqqında, poeziya mövqeyindən olan söhbətdir. Belə hallarda isə əlbəttə, doğum haqqında şəhadətnamənin heç bir əhəmiyyəti yoxdur.

Müxtəlif ədəbi janrlarda uğurla çıxış etməsinə baxmayaraq Rəsul Rza hər şeydən əvvəl şairdir. Mənim qənaətimə görə o, məhz tükənməz yaradıcılıq axtarışlarına, eksperimentlərinə, cəsarətli kəşflərinə görə həmişəcavan şairdir.

Qədim, zəngin ənənələrinə və dahi adlara malik olan Azərbaycan poeziyasında müasirlərimizi onların əcdadları ilə birləşdirən ənənə bağlarını qırmadan, mətləbi cılızlaşdırmadan təzə söz demək çox çətindir. Lirika ənənəyə əsaslanmaya bilməz, ona görə ki, lirikada tərənnüm olunan mənəvi gözəllik əbədi və dəyişməzdir. Lakin o, həmçinin keçmişlə də yaşaya bilməz, çünki bu halda o, müasirlərinin qəlbində əks-səda tapmaz.

Rəsul Rza novatorluq probleminə öz münasibətini bildirərkən mövqeyini daxili bir inam və ehtirasla müdafiə edir:

"Klassik və xalq poeziyasının incilərindən istifadə edərkən olmuşları təkrarlamaq yox, irəli getmək lazımdır... Yeni formalara, sözlərin yeni ifadə tərzinə tələbat həyatın öz tələbidir".

Elə buna görə də 70 yaşlı, cavan qelbli lirik öz poeziyasını gələcəyə yönəlmiş forma və vasitələrlə zənginləşdirdi. Elə buna görə də o, təkcə Azərbaycan oxucuları tərəfindən sevilmir — onun hər bir təzə kitabı bütün Sovet İttifaqında və əlbəttə, bizdə, Gürcüstanda da böyük maraq doğurur. Etiraf etməliyem ki, biz onun yaradıcılığını xüsusi bir ehtirasla ancaq ona görə izləmirik ki, bizi qırılmaz dostluq xətləri birləşdirir. Bir də ona görə ki, onun ilk şerinin Tiflisdə çap olunduğunu, ilk dəfə məhz burada yazıçılar təşkilatında işə başladığını unutmuruq.

Men yubilyardan ancaq bir şair kimi bəhs etdim. Rəsul Rzanın ictimai iş, teşkilati fəaliyyət sahəsində, o cümlədən Azerbaycan Sovet Ensiklopediyasının nəşri kimi əhəmiyyətli bir işə rəhbərlik etməsi sahəsində xidmətləri çox böyükdür.

Əminəm ki, bizim yubilyar yeni gözəl kitabları ilə öz oxucularını hələ çox illər sevindirəcəkdir.

"Literaturnaya qazeta", ¹21, 21 may, 1980.

 

 
 

 
     
 

Layihənin iştirakçıları