Kənardan
baxış
|
Pavel
Antokolski “Sosialist mədəniyyəti işinə
namuslu xidmət” |
İnsan ömrünün 50 ili — bu az
vaxt deyil, hətta təsirlidir. Əgər əlavə
etsək ki, bu otuz illik poetik əmək yolu ilə
üst-üstə düşür, əgər xatırlasan
ki, şair ömrünün otuz ili fasiləsiz zəhmətdə
— dostumuzun öz həyəcan və riskləri hesabına
apardığı axtarışlarda keçib, əgər
stolun üstünə onun lirikadan, poemalardan, tərcümələrdən,
ədəbi siyasətin ən əhəmiyyətli
məsələlərinə həsr olunmuş mətbuat
çıxışlarından ibarət kitab və
məcmuələrini qoysaq, onda Rəsul Rzanın
bayramı bütün konkretliyi və əhəmiyyəti
ilə gözümüzün qarşısında
canlanır. Və biz bunu öz ümumi küçemizin
bayramı kimi qiymətləndirərik. Küçəmiz
isə böyükdür, bu şəhərin ucqar
bir konarı yox, izdihamlı və işıqlı
mərkəzdir. Mən təkcə Xaqani, yaxud Cabbarlı
küçəsindən yox, özündə Puşkin
və Mayakovski meydanlarını birləşdirən
Qorki küçəsi haqqında, Rustaveli prospekti
və Şevçenko bulvarı barəsində danışıram.
Bu o deməkdir ki, bu gün Rəsul Rzanı müxtəlif
sovet şairlərinin böyük bir dəstəsi
— həm yaşıdları, həm ondan yaşlılar
qəlb genişliyi və xoş sözlərlə
yada salır, gəncliyinə görə isə
gənclər onu özlərinə mənən
yaxın, sevimli yoldaş ve məsləkdaş adlandırırlar.
Hər şeydən əvvəl demək
istəyirəm Rəsul Rza nəinki zahirən cavandır,
həm də ümumiyyətlə öz yaşına
görə çox gəncdir. Mən onu iyirmi beş
ildən artıqdır tanıyıram və şahidlik
edə bilərəm ki, bu uzun vaxt ərzində
o nadir hallarda təsadüf olunduğu qədər
az dəyişmişdir.
Bu zahirən belədir, lakin zahirliyin arxasında
daxil dayanır.
Rəsul Rza bu gün son dərəcə
dinamik, həmişə gümrah görünən,
gərgin fəaliyyət göstərən, öz
əməyinə yenilməz sədaqət bəsləyən
bir insandır. Yaxşı yadımdadır, 1958-ci
ilin sonunda Azərbaycan Yazıçılar ittifaqının
Bakıda Füzuliyə həsr olunmuş plenumu
zamanı xaricdən yenicə qayıtmış
Rəsul Rza cəmisi bir neçə saat ərzində
yenidən Mokvaya uçmağa, Füzulinin Moskvadakı
təntənələrində iştirak etməyə
və lazım olan vaxt geri qayıtmağa necə
macal tapdı. Bu nədir — operativlik? Əlbəttə,
təkcə operativlik deyil. Rəsul Rzaya belə
vacib tapşırıq vermiş yoldaşlar əla
bilirdilər ki, Azərbaycan mədəniyyətinin
layiqli nümayəndəsi kimi məhz o, həmin
tapşırığı qeyd-şərtsiz və
parlaq şəkildə yerinə yetirə bilər.
Mən həmişə və bütün
şəraitlərdə Rəsul Rzanı belə
görmüşəm. Ondakı ən xarakterik cəhət
məhz mübarizlikdən, ona əbədi gümrahlıq
bəxş edən gənclikdən ibarətdir.
Belə adamlar iş üçün, fəaliyyət
üçün yaranırlar. Onlar heç vaxt kimsəni
naümid qoymurlar. Belələri cəmiyyətin
və medəniyyətin inanılmış dayaqlarıdır.
Bu isə o demekdir ki, Rəsul Rza mənsub olmaq şerəfini
qazandığı qurub-yaradan və mübarizə
aparan sovet şairləri nəslinin gözəl
oğludur. Böyük Vətən müharibəsinin
ağır günlərində də o özünü
məhz belə göstərmişdir.
Mən bir də Rəsul Rzanın poetik
nəsillər arasındakı "rabitə zabiti" kimi
təmənnasız xidmətini, gənc şairlərin
yaradıcılığına həmişə
dostluq ehtirası ilə maraq göstərdiyini xatırlatmaq
istəyirəm. Görün o, Bəxtiyar Vahabzadənin
kitabına necə əla bir giriş sözü
yazıb. Vahabzadənin çıxışlarının
auditoriyaya təsir göstərməsini təsvir
edərək deyir: "Şair tribunada dayanıb: göz
qapaqlarını yerə dikmiş, bir qədər
avazımış. Ö, səsini qaldırmır,
əl-qolunu mənasız ölçmədən
şeri elə deyir ki, sanki çoxdan yazılmış
şeri oxumur, məhz burada - tribunada şer qoşur...
Bu daha çox səsli düşuncəyə bənzəyir".
Şəxsən mən bu gün Rəsul Rzada cavan
yoldaşlarını ruhlandırmaq, onları ədəbiyyata
daxil etmək ehtiyacının daha tez-tez yaranmasını
arzulamaq istəyirəm. Bunu bütün Azərbaycan
şairlərinə arzulayıram, həm də təkcə
Azərbaycan şairlərinə yox...
Rəsul Rzanı çox tənqid ediblər.
Belə kəskin və sərt tənqidin zərbələrinə
çox az adam məruz qalıb. Açığını
deyək ki, bu tənqidlər heç də həmişə
prinsipial və ədalətli olmamışdır.
Bunların bir çoxu anlaşılmazlıqdan, bir-birini
qarşılıqlı surətdə başa düşməməkdən,
ötəri hisslərdən, necə deyərlər,
bir stəkan suda fırtına nəticəsində
meydana çıxmışdır. Belə şeylər
təəssüf ki, bizim olduqca emosional ədəbi
mühitimizdə tez-tez baş verir. Həqiqət
naminə demək lazımdır ki, Rəsul Rza hər
hansı bir tənqidə ciddi, daxili bir vüqarla
münasibət bəsləyir. 0 peşman olmuş
günahkar vəziyyətində dayanmır, ona irad
tutulan səhvlərin özünə aidliyini etiraf
etməyə tələsmir, əksinə aldığı
"dərsi" nəzərdən keçirir, təəssüf
doğuran xırdaçılıqlara məhəl
qoymur, ayıq və qüdrətli olaraq qalır.
O, özünün ağır və mürəkkəb
əməyinə, imzasına axıra qədər
sədaqətli olmaqla sosialist mədəniyyətinin
böyük işinə namusla xidmət etməkdə
davam edir.
Köhnə dostumun və həmfikrimin
bayramı münasibətilə yazdığım
bu qeydləri necə bitirim?
Əgər biz bu gün yanaşı
dayanmış olsaydıq mən sadəcə olaraq
susar və onu bağrıma basardım.
Var səsimlə ona gözəl ailəsinin
əhatəsində xoşbəxt günlər,
iş stolunun arxasında sevinc dolu yuxusuz gecələr
arzulayar, böyük xalqımızın xoşbəxtliyi
və rihafı naminə şöhrətli yaradıcılıq
qələbələri və can sağlığı
diləyərdim.
Heyhat — bizim aramızda iki min kilometrlik
məsafə var. Odur ki, mənə yalnız adamı
riqqətə gətirən bu görüşü
xəyalən təsəvvür etmək qalır.
Sağlıqla qal, sağ ol, əzizim Rəsul!
"Bakinski raboçi", 17 iyun, 1960-cı il.