Kənardan
baxış
|
İlya
Selvinski “Büllur ürək” |
Məlum məsələdir ki, şərabın
dadını müəyyənləşdirmək
ÜÇÜN bütün çəlləyi içməyə
heç bir ehtiyac yoxdur. Rəsul Rza poeziyasından
xəbərsiz, lakin onu tanımaq arzusunda olan oxucuya
başlanğıc üçün mən yalnız
kiçik bir şeri oxumağı məsləhət
görerdim. Hansı dildə yazmaq gərəkdir
— sadə yoxsa mürəkkəb kimi qədim bir
dilemma ədəbiyyatda nə qədər mübahisələr
doğurub. Əgər sadə dildə yazmaq məsləhətdirsə,
onda bu hansı sadəlikdir, oğurluqdan da pis olarmı,
yoxsa hansısa başqa birisi, xüsusi sadəlik?
Lakin baxın Rəsul Rza bu problemə necə gözlənilməz
bir aspektdən yanaşır:
Aydındır şerin dili,
İstəyirsən sevincdən,
İstəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
Nadan yüz yol oxusun,
Yenə bir şey anlamaz.
Necə ağıllı və incədir.
Azərbaycan şairinin sakit Şərq
müdrikliyini özündə toplamış siması
bu şerin prizmasından necə də aydın hiss
olunur. Belə şerin altından Nizami, yaxud Sədi
imza qoya bilərdi. Bundan əlavə, hər hansı
ölkənin hər bir müasir şairi lirikasında
belə bir mirvariyə malik olmaq şərəfindən
imtina etməzdi.
Amma Rəsulun yaradıclığının əsası
aforistiklik deyil. O, odludur, alovludur. Onun lirikasının
köklü əlaməti bütün canlı varlığa
ali məhəbbət hissindən ibarətdir. Əlbəttə,
bütün sovet şairləri humanistdirlər və
Rəsul Rza barəsində humanistdir demək onun
haqqında heç nə deməmək kimi bir şeydir.
Lakin bu qətiyyən belə deyil. Sözün həqiqi
mənasında humanizm onun kitablarının ruhuna
hopmuş, o həm böyük, həm də kiçik
şəkildə meydana çıxır və hər
iki halda Andersenin "şairin büllur qəlbindən"
bəhs edən nağılındakı həqiqəti
tam şəkildə doğruldur. İldırım
barəsində şairlərdəki hansı yazmayıb.
Lakin görün Rəsul onun haqqında necə
yazır;
Bəlkə bu ildırım
Yüz illik bir çinarı yarı böldü.
Bəlkə bu çinarda,
Hələ palçığı qurumamış
yuvada
bir ana qaranquş öldü.
Açığını deyək, oxucu: belə
bir qaranquş nə sənin, nə də mənim
ağlıma gəlməzdi.
"Qatil" şerində insan baltanın itiliyini yoxlayır
və ağacdan budağı kəsir:
Mən dedim:
— İtidir baltan...
Barı ölü barmaqları kimi uzanan
O quru budaqlardan utan!
"Dalğalarda qalan ördək" şerində də
mövzu əsasında belə bir mənasız
məhvin ittihamı dayanır.
Lakin, insanların əzabı şairin qəlbinə
hər şeydən yaxındır. O, canavar aparmış
quzunun qorxu hissin acı kədərlə yaşayır,
lakin sürüsündən quzu itmiş çobanın
kədəri daha acıdır. Rəsul özünəməxsus
bir müdriklik və sadəlövlüklə quzuya
müraciət edərək deyir:
Ancaq yaxşı ki, bilmədin
bu itkidən
nələr çəkdi çoban,
Düşüb sənin möhnətinə.
Bilsəydin,
ağrına ağrı deməzdin.
Bilsəydi, bəlkə canavar da
heç səni yeməzdi.
İki ayaqlı canavarlar insan əzabının
nə olduğunu bilsələr də uşaqcasına
sadə sətirləri oxuyub ancaq qımışa
bilərlər. Bu təmsilin sadə dilini başa
düşmək və qəbul etməkdən ötrü
nadan olmamaq azdır, qəlbə malik olmaq lazımdır.
Antiinsaniliyə qarşı nifrət Rəsulun "Qızılgül
olmayaydı" poemasında böyük qüvvə
ilə alışır:
Haqqın yolu nə qədər
İztirablı olsa da,
Keçdik bu yolu.
Burada Rəsul Aristotelin "katarsis"i səviyyəsinə
yüksəlir, göz yaşı ilə yuyulmuş
olsa da, məğlub olmuş kədəri tam aydınlıq
və ümid əvəz edir. Rəsul Rza poemanın
epiqrafında
"Qızılgül olmayaydı..."
— deyə hayqırır. Oxucu isə "Şer olmasaydı"...
— deyə əlavə edir və belə şerin
olmasına, mövcudluğuna sevinir.