Xatirələr

 


Kənardan baxış


Arseni Tarkovski “Əzizim Rəsul, vaxt nə deməkdir?”

Əzizim Rəsul, vaxt nə deməkdir? O, bəzən tısbağadan ləng, bəzən də qaranquşdan yeyin olur. Sənin Lenin haqqında böyük poema üzərində işlədiyin, mənimsə onu tələsərək (vaxt macal vermirdi) rus dilinə tərcümə etdiyim zamandan məgər çoxmu illər keçib. Kimsə demişdir. "Biz ötmürük, zaman ötür". Əhsən o adama ki, zamanla ayaqlaşır, bəzən də onu qabaqlayır, ömrünün sonuna qədər, sənin kimi ağlının, ruhunun, ürəyinin gənclik təravətini saxlaya bilir.


Sənin poemanın və mənim tərcüməmim tamamlanmasından bir çərəkdən artıq vaxt keçmişdir. Çox az-az görüşsək də, şerlərinlə hər dəfə rastlaşarkən məni sənin poeziyanın qocalmayan gücü valeh edir. Sənin sozünün mahiyyəti hisslərlə təsdiqlənmiş fikirlərində, fikirlərlə təsdiqlənmiş hissiyyatda, sənətkar şəxsiyyətinin, dünyanın və şerin misilsiz harmoniyasındadır.
Bax buna görə senin 70 illiyini oxucularınla birlikdə sonsuz hərarətlə təbrik edir, zəifləməyən əllərini möhkəm sıxır və ümid edirəmki,şair və insankimi 80 və 100... yaşında da beləcə qalacaqsan.


Rəsul Rza bir şair kimi öz yaradıcılıq yolunu zamanın tələbilə vətəndaşlıq mövzusundan başlayıb. İlk şerini 17 yaşında çap etdirmişdir. Onun ədəbi qəhrəmanlığı məhz bundadır ki, o, klassiklərdən irs qalan Azərbaycan şerində reform aparmış — ona böyük sərbəslik gətirmişdir. Poeziyanın hüdudları daxilində Rəsul Rza istedadı, zövqü və həqiqi sənətkar prinsipləri baxımından şair və fılosofdur. 0, yalnız dili üçün yeni olan bədii formalar tapdığına görə novator deyil, həmin formalar vasitəsilə həyatı ve onun hadisələrini, ətraf aləmi dərk və hiss etdiyinə görə novatordur.

Rəsul Rza özünəməxsus şəkildə hiss edir və fikirləşir, ancaq mən inanıram ki, öz tipikliyini saxlaya bilən incəsənətdə yalnız ona məxsus olan qeyri-adiliyi aşkar edə bilən hər bir həqiqi sənətkar novatordur. Rəsul Rza təkcə adına görə yox, həm də mahiyyətcə xalq şairidir. Özünün bütün yaradıcılıq həyatı boyu o, Azərbaycan xalqının və vahid yaradıcılıq ailəsində birləşən bütün sovet xalqlarının sadiq oğlu olmuş və olacaqdır.


Oxucu Rəsul Rza poeziyası ilə 50 ildən artıqdır ki, tanışdır. Böyük şair 50 ildən çoxdur ki, xeyirxahlığın, həqiqətin və gözəlliyin keşiyindədir. Fərdi təkamül nəticəsində o, fəlsəfi poeziyaya gəlmiş, lakin heç bir zaman onu fikirləri məhdud və yayğın olmamışdır. Bu fikirləri həyati məqamlar, həyat hadisələri və xoşbəxt tapıntılar yetişdirmişdir.

Böyük şair realist şerə xas olan bir əhəmiyyətli detalı — fərdi, yalnız onunla əlaqədar və onunla müşahidə olunmuş, həqiqəti reallaşdıra bilir. Bu, kəskin baxışın, gərgin dinlənişin, həyata və onun həqiqətinə diqqətli məhəbbətin xəzinəsidir. Və bir də ilhamın Rəsul Rza öz ciddi əməyini adi, sadə, gündəlik işi, öz məişətinin xüsusiyyəti kimi qiymətləndirir.

0 belə hesab edir ki, yaradıcı sərbəstliyin xüsusi gərginlik saatları o qədər doğma, hər kəs üçün vərdişə çevrilmiş haldır ki, bu barədə heç xüsusi danışmağa dəyməz. Puşkinin fikrinə görə riayaziyyatçıya da ilham gərəkdir. Bəs necə. Biz Rəsul Rzanın şerlərini oxuyanda (onlar nə cür olursa olsun — epik, lirik, satirik) ilhamın möcüzəsilə qarşılaşırıq. Həyata tükənməz məhəbbət və hörmət məhz bundadır. İlhamın dərin ideyalar, zəngin yaradıcılıq təcrübəsi ilə misilsiz bacarıqla birləşdirilməsi gözəl bəhrə verir və əgər bu gündəlik adətləşmiş haldırsa, daha gözəldir. Həyatın mahiyyətini, xeyri, həqiqəti dərk etmək, yolumuzun üstündə qarşıya çıxan ziddiyyətləri, maneələri dərk etmək asan olmaq üçün şair başqa adamlara lazımdır.

Əziz Resul Rza, sən bizə gərəksən. Bizə sənin həqiqətin lazımdır. Çünki şairin həqiqəti — insanlığın həqiqəti — bizim nailiyyətimizdir. Sən bizə lazımsan, ona görə ki, insanlara həyati, həyatsevər, həyatı təsdiq edən — bir sözlə əsl incəsənət lazımdır. Buna görə də gələcək üçün, ailən üçün, xalqın üçün, bütün xalqlar üçün, yer üzünün xeyirxah və yaradıcı adamları üçün özünü qoru.
Səni bağrıma basır, uzun, xoşbəxt yaradıcılıq illəri arzulayıram.


"Literaturnaya qazeta", ¹ 21, may,1980

 

 

 
     
 

Layihənin iştirakçıları