Xatirələr
|
Sabit
Rahman “Hər şeyin təzəsi, dostun köhnəsi” |
Məni ilk dəfə Rəsul ilə
kim tanış eləyib, yadımda deyil. Bizim ilk
tanışlığrımızdan qırx ilə
yaxın bir vaxt keçir. Kimin vasitəsilə hansı
şəraitdə tanış olduğumuzu xatırlamaq
asan məsələ deyil. Bir o yadımdadır ki,
ilk gündən bizimki bir-birimizlə tutdu. Rəsul
ciddi, xəyalpərvər, eyni zamanda sərt, söz
götürməyən bir oğlan idi. Ancaq bununla
yanaşı yumor, zarafat bilən, gülməyi
sevən olduğundan biz sözün əsl mənasında
dostluq eləməyə başladıq. Bir-birimizi
tez başa düşürdük, böyük bir
hadisəni bir-birimizə anlatmaq üçün bəzən
bir işarə və ya bir kəlmə söz kifayət
eləyirdi. Söhbətlərimizdə hər zaman
yüngül bir zarafat tonu olurdu ki, hələ bu
günə qədər də bu ton bizim aramızda
davam eləyir. Bizim bir çox yoldaşımız
var idi. Bu yoldaşların arasında bizə ən
munisi və yaxını Mikayıl Müşfiq
idi. Mənim Dağlı məhəlləsindəki
otağımda görüşərdik, deyib-gülərdik,
sonra da şəhərə düşərdik. Bəzən
bütün günü bir yerdə olurduq. Ancaq yenə
də bir-birimizdən doymurduq. Ayrılanda çətinliklə
ayrılırdıq.
İndi ikimizin də altmış yaşımız
var, qoca kişiyik. Övladlarımız, nəvələrimiz
var. Ancaq bünövrəsi gənclik vaxtlarından
qoyulmuş dostluq davam eləyir və sözümüzü,
zarafatımızı hələ indi də bir işarədən
başa düşürük. Arzum budur ki, əsl
mənasında şair olan, xasiyyətcə də,
ruhən də şair olan Rəsul dostumuz yüz
il yaşasın və yüz illiyində böyük
şadyanalıq eləyim.
"Ulduz"jurnalı, ¹5, 1970.