Ümumitifaq radiosuyla R. Rzanın 70 illiyinə həsr olunmuş verilişdə çıxış.

 

Xatirələr

 


Xatirələr


Kələntər Kələntərli “Tanıdığım Rəsul Rza”

Bəri başdan onu deyim ki, əgər hər kəs özü ola bilsəydi, dünyada bir nəfər də maraqsız adam qalmazdı. Şübhə yox ki, ədəbiyyatda da belədir. O poeziya, o nəsr əsərləri maraqlıdır ki, onlarda şairin, nasirin özlüyü, şəxsiyyəti, mənliyi var. Bu mənada, əgər mən Rəsul müəllimi şəxsən tanımasaydım, onunla beç vaxt ünsiyyətdə olmasaydım da poetik əsərlərini oxuyardım, bilərdim ki, o necə insan, necə vətəndaş, necə şair-sənətkar olmuşdur. Deyirəm, nə yaxşı ki, həm mənim, həm də yaşıdım yazarlardan çoxunun ədəbi müəllimləri olmuş S.Vurğun, S.Rüstəm, O.Sanvəlli, M.Rahimlə bir sırada, adı hər zaman, hər yerdə böyük hörmətlə çəkilən bənzərsiz şairi çoxdan, həm də yaxşı tanıyırdım.

Poeziya sənətinin mahir bilicisi, kamil ustası olan qüdrətli şair, bu sənətə gəldiyi ilk günlərindən sərbəst şer uğrunda mübarize aparmış; "primitiv şeytanların çox ciddi, haqsız və ədalətsiz müqavimətlərinə rast gəlsə də, əzablara, işkəncələrə düçar olsa da, bir an belə geri çəkilməmiş, ruhdan düşməmiş, qürurunu sındırmamış; çoxqəlibli, çoxçalarlı Azərbaycan poeziyasında bu yeni şer qəlibinin əsas yaradıcısı və ən görkəmli nümayəndəsi kimi məşhurlaşmışdı. Böyuk iftixar hissi ilə demək olar ki, bu gün Azərbaycan şairi Rəsul Rzanın adı, dünya ədəbiyyatında sərbəst şerin yaradıcıları U.Uitmen, E.Verxara, V.Nezval, N.Hikmət, P.Neruda kimi bəşəri şairlərlə bir sırada dayanır.

1960-cı ilin may ayında Rəsul müəllimin 50 yaşı tamam olmuşdu. Onda əməkdaşı olduğum "Azərbaycan gəncləri" qəzetinin Sabir adına kitabxanada təşkil etdiyi "ədəbi məclis"ə rəhbərlik edirdim. Kitabxana sevimli şairin ad gününü qeyd etməli idi. Tədbirin təşkili də mənə həvalə olunmuşdu. Şairlə görüşüb razılığını alandan sonra, həyat və yaradıcılığı haqqında məruzə hazırlayırdım. Onda hər gün görüşdüyüm şair qardaşım Əli Kərim yerlisinin yubileyi münasibətilə "Şair" adlı ithaf şeri yazmışdı. Onu da deyim ki, Ə.Kərim hər adı şair olana şer ithaf edən deyildi. O vaxt hələ çap olunmamış həmin şeri ondan alıb məruzəmə daxil etmişdim. Poeziyasının yolu "İdrakın zirvəsindən, hissin yanğınlarından keçən" bir şairdən bəhs olunan şer bu misralarla bitirdi;


"Onun ömrünün yolu,
Bir əbədi yazadır;
O, sözlər sərkərdəsi,
Fikirlər qəhrəmanı,
Şair Rəsul Rzadır".


Bəli, günlərin bir günü şairin 50 illiyini kitabxananın oxu zalında özünün. və çoxsaylı pərəstişkarlarının iştirakı ilə qeyd elədik. Məruzə və çıxışlardan sonra, söz o zaman hər yeni şeri ilə bizi sevindirən, totalitar rejim dövrü olsa da, özünün əsl insani zənginliyinə qayıda bilmiş R.Rzaya verildi. Şair olduqca məzmunlu, mənalı, hərarətli, hər sözü təravətli bir nitq söylədi. Mənə elə gəlirdi ki, şair keçib gəldiyi ibrətli, kəşməkəşli həyat yolundan, yaradıcılıq axtanşlarından danışacaq. Amma yox. Zalda çoxlu şer həvəskarlarının oturduğunu nəzərə alan ustad, yeni Azərbaycan şerinin böyük yaradıcısı Sabirdən söhbət saldı. O, texminən belə deyirdi: elə sənətkarlar var ki, xalqın adını ucaldır, xalqın tanınmasında tarixi rol oynayır. Xalqın könül tərcümanı olur. Onun şöhrət və şərəfini artırır. Sabir belə sənətkarlardandır. Sabirin dərdi—xalqın dərdi, Sabirin sevinci—xalqın sevinci idi. Bu gün biz bu sözləri heç bir tərəddüd etmədən R.Rzanın özünə də şamil edə bilərik. Həmin sevincəkli gündə mən onun xarakterindəki bir cəhəti—sərtliyi kəşf etdim. Elə ki, məclis sona yetdi, növbə şəkil çəkənə çatdı, gördüm ki, üzlü gənc şairlərdən bir neçəsi dabanbasma şairin sağında, solunda peyda oldu. Mən kənarda qaldım. Rəsul müəllim sağ böyrünə pərçimlənmiş bir "həyalını" hirslə özündən kənarlaşdırdı. Üzünü mənə tutub: bu tədbirin zəhmətini çəkmisən, dedi, gəl yanımda dayan. Təəssüf ki, o şəkil indi məndə yoxdur. Hər halda ya şairin arxivində, ya da bir kimsədə qalmamış olmaz.

0 gündən aramızda yaxşı ünsiyyət yaranmışdı. Harda rastlaşsaq səmimi salamlaşar, hal-əhval tutardıq. Bir gün redaktorumuz Cəmil Əlibəyov mənə makinada iki intervalla yazılmış 25 səhifəlik bir yazı verdi. Dedi, ki, bunu Rəsul Rza göndərib. Oxumuşam, qəzetimiz üçün çox uzundur. indicə zəng vurmuşam, get, evdə səni gözləyir. Demişəm ixtisar eləsin, ancaq bir nömrəlik saxlasın, sonra götür gəl, çap edərik. Gənc şair (indi tanınmış ədəbiyyatşünas alim) Şamil Salmanova ünvanlanmış bu məktubu yolda diqqətlə oxudum. Ustad sənətkar gənc qələm dostunun hələ işıq üzü görməmiş bir neçə şerini və bir poemasını saf-çürük etmişdi. Ona xatırlatmışdı ki, poeziya ən çətin, ən çox səbr, dözüm, zəhmət, cəsarət, qeyrət, inadkarlıq tələb edən bir sənətdir. İlk gənclik çağlarında bu sənətə həvəs göstərənlər minlərlə olsa da, onlardan biri, ya ikisi istəyinə çata, ya da çatmaya. Bu məktubda Şamillə yanaşı onun yaşıdlarının da payı vardı. Nə isə... Getdim Rəsul müəllimin hüzuruna. Yazını məndən könülsüz aldı. Baxışradan hiss etdim ki, redaktordan inciklidi, ixtisar ürəyincə deyil. Bir ağızucu qalsın, sonra baxaram, dedi. Heç nə deyə bilmədim. Bir stəkan çay içdim. Sonra sağollaşıb işə qayıtdım. Aradan bir ay keçdi. Yazı gəlmədi. O vaxt istedadlı gənc yazıçı-jurnalist, aramızdan vaxtsız getmiş Şamil Xurşud "Azərbaycan gəncləri"ndə ədəbiyyat şöbəsinin müdiri, men də onun ədəbi işçisi idim. O, şairin yubileyi münasibətilə "Qələm başını əyəndə" adlı çox səmimi, isti bir məqalə yazıb qəzetdə çap etdirmişdi, Sən demə, Rəsul müəllim ona zəng vurub gileylənib. Onda Şamil redaktorla danışdı. Onun təkidi ilə bir də hörməti şairin evinə yollandım. Xeyli yalvar-yaxardan sonra güc-bəla ilə yazını geri aldım. Yolda gələ-gələ göz gəzdirdim. Heç bir vergülünə də toxunmamışdı. "Yolun çətinliyi səni qorxutmasın!" adlı həmin məktub necə yazılmışdısa eləcə də qəzetdə çıxdı. Oxucuların da böyük marağına səbəb oldu.

60-cı illərin başlanğıcında şerimizə müxtəlif üslublarda yazan, müstəqil düşüncə tərzi ilə biri digərindən seçilən istedadlı cavanlar gəlmişdi. Onların arasında ənənələrə sadiq qalanlar da, qalmayanlar da vardı. Bu ümidli cavanlardan bəzilərinə S.Rüstəm, O.Sanvelli, M.Rahim, N.Xəzri, bəzilərində də R.Rza himayədarlıq edirdi. Birinə "Uğurlu yol" birinin ilk kitabına "ön söz" yazır, respublika qəzetlərinde uğurlarından, büdrəmələrindən bəhs edən məqalələr, resenziyalar çap etdirirdi. Etiraf etmək lazımdır ki, bu sahədə R.Rzanın fəaliyyəti də, qayğıkeşliyi də seçilirdi. Savadı da, bilgisi də, intellektual səviyyəsi də üstün idi. Onun əli "Pravda" və "İzvestiya" kimi Moskva qəzetlərinə də çatır; istedadına şübhə etmədiyi Ə.Kərim, S.Əsəd, İ.İsmayılzadə, F.Sadıq, F.Qoca, Y.Həsənbəy, V.Nəsib, A.Abdullazadə, Ə.Salahzadə, V.Vəkilov, R.Rövşən, Ç.Əlioğlu, V.Əziz, T.Taisoğlu və başqa gənclərin adlarını ümumittifaq oxucusuna da tanıtmağa səy göstərirdi. Onda bəzi yaşlı yazarlar öz qısqanclıq hisslərini gizlədə bilmirdilər. Heç də təsadüfi deyildi ki, R.Rzanın "İzvestiya" qəzetinin 1964-cü ilin 6 sentyabr sayında çap olunmuş "Müxtəlifler və yaxşılar" məqaləsindən narazı qalan S.Rüstəm və N.Xezri "Ədəbiyyat və İncəsənətdə çap etdirdikləri "Qayğı və tələbkarlıq" yazısında gəncləri "ifrat dərəcədə" təriflədiyinə görə şairi qınayırdılar. Onlara cavab olaraq həmin qəzetdə "Qayğı sözü və qayğı özü" yazısı ilə çıxış edən R.Rza da öz növbəsində Ə.Kərimi, F.Qocanı, İ.İsmayılzadəni, Ə.Salahzadəni "İfrat" tənqidlərdən qoruyur, şerlərindəki yeniliyə yüksək qiymət verirdi.

"Dəniz və məhəbbət" adlı poeması nəşr olunmuşdu. "Literaturnaya qazeta"nın 1965-ci ilin 16 yanvar sayında yazıçı Çingiz Hüseynovun "Neftÿnıe kamni i nabor şablonov" adlı bir məqaləsi çıxdı. Çingiz o boyda poemanı yıxıb, sağına da, soluna da sürümüşdü... Təsadüfən bir vaxt işlədiyim qəzetin redaksiyasına getmişdim. Məqaləni oxumuş redaktor mənə dedi ki, bunu Rəsul Rza yazmışdı, bizə gətirmişdi, mən də çap etmədim. Sən ruhdan düşmə, özünü elə al, tutarlı bir cavab yaz, mən çap edərəm. Bu sözləri elə inamlı dedi ki, mən də ürəkləndim, eləmədim tənbəllik, cavab əvəzinə "Gənclik, ənənə və novatorluq"adlı əhatəli bir məqalə yazdım. Adından da göründüyü kimi məqaləni tamam başqa səpkidə, başqa istiqamətdə, Çingizin adını çəkmədən, yazısına da bir işarə belə vurmadan ərsəyə gətirmişdim. Bir-iki yerdə ədəbi gəncliyin qayğıkeşi, simsarı kimi Rəsul müəllimin adı çəkilsə də, orda ustadın könlünə toxunan güldən ağır bir kəlmə də yox idi. Əksinə, bu və ya başqa şəkildə mən də onun mövqeyində dururdum. Məqaləm "Azərbaycan gəncləri"nin 1965-ci ilin 19 fevral sayında işıq üzü gördü, kaş görməyəydi. Oxudum, öz yazımı özüm tanıya bilmədim. Sevinmək əvəzinə sarsıldım. Sonra məlum oldu ki, məqalənin mənə məqsədli yazdıran şəxs əvvəl özü öz istəyincə, sonra da onunla himi-cimi bir olan məhşur şairlərdən biri (yaxşı ki, hər ikisi sağdır) yazımın üstündə əməlli-başlı "cərrahiyyə" əməliyyatı aparıb, çoxlu ixtisarlar və bir qədər əlavələr edib. Nəticədə "novatorluq sözünü üzünə qalxan tutub ədəbi gəncliyin xəlqi sənət yolundan sapdıran" xalq şairi R.Rzanın əleyhinə çevrilmiş bir yazı qəzet səhifəsinə çıxıb. Qəzetin həmin sayı oxuculara çatan gündən ta noyabırn 4-nə qədər, hər yerdə Rəsul müəllimin gözündən yayınmağa çalışdım. Noyabrın 5-də yazıçıların V qurultayı açıldı. Bir gün qabaq mandatının almaq üçün İttifaqa getmişdim. Başda S.Rüstəm olmaqla yazarların bir dəstəsi məsləhətçilər otağında O.Sarıvəllinini yanına yığışmışdı. Birdən Rəsul müəllim də otağa girdi. O, otaqdakılarla bir-bir görüşməyə başlayanda növbə hələ mənə çatmamış S.Rüstəm özünəməxsus şuxluqla dedi ki, Rəsul, olan olub, keçən keçib, mənimlə barışmısan, Kələntərlə də banş.

Günahsız "günahkar" şagirdindən inciməyə haqqı olan ustad üzümə bir çəpəki nəzər saldı. Ömrümün sonuna kimi unuda bilməyəcəyim, yeddi sözdən ibarət bir cümlə işlətdi. Sonra mənə də əl verdi. Beləcə, xalq şairi S.Rüstəm xalq şairi R.Rzanı mənimlə barışdırdı. Onda ürəyimin rahatlığı bir qədər özünə qayıtsa da, imkan tapıb deyə bilmədim ki, Rəsul müəllim, o məqalədə sizin adınıza ünvanlanmış tikanlı, bibərli ibarələrin yiyəsi mən yox, fılankəsdir. İndi nə demək olar, o gün də, o anlar da illərin arxasında qalıb...

Qoy ölməz şairin ünvanına tikanlı, bibərli sözlər deyənlər və bundan sonra da deməyə hazırlaşanlar yaxşı-yaxşı eşitsin: Rəsul Rza çox ayıq, çox həssas, çox uzaqgörən şair olub. O, Kremlin siyasətini hamıdan əvvəl, çoxlarından çox yaxşı başa düşmüşdü, dərk etmişdi, anlamışdı. O, doğma xalqını qəflət yuxıısundan ayıltmaq üçün əlindən gələni əsirgəmirdi. Şairin gücü nəyə çatırdı? Ancaq qələminə. Onun qələminin də başını dik tutan vaxtları çox az olub. Bilməyənlər heç olmasa indi bilsin: Arazın o tayından Samurun o tayına kimi; Dəlidağın, Murovun, Babadağın, Şahdağın ətəklərindən Xəzərin sahillərinə qədər (qədim Borçalı mahalı da daxil olmaqla), bütün bu ellərdə, bu obalarda, bu bölgələrdə yaşayan yüz minlərlə insanı Bakıya — Azadlıq meydanına axışıb gəlməyə hazırlayan, onları kommunizm xülyasından ayıran, ürəkləndirən cəsarətləndirən; kürsüyə qalxan natiqlərin dilinə kəsərli söz verən Rəsul Rzanın əsərləri də olub. Daha buna kimin nə sözü ola bilər? Bunu da anlamamaq və qanmamaq bir kərə yox, milyon kərə ayıbdır!..

 

 
     
 

Layihənin iştirakçıları