Xatirələr
|
Fidan
Rzayeva “Suriyada atamla keçən günlər”
|
Artıq iki ay idi ki, Suriyada işləyirdim.
Ev üçün, Bakı üçün və
xüsusilə atam və anam üçün çox
darıxırdım. Gecələr yuxuda Bakının
küçələrini görürdüm: gah Qız
Qalasının yanında qəzet köşkündən
nə isə alır, gah "Nərgiz" kafesinin yanından
ötür, gah Nizami muzeyinin arxasından yolu keçirdim.
Günləri sayırdım, bu bir ilin bir zaman axıra
çatacağı, yenə də evə qayıdacağım
mənə əlçatmaz, gözəl bir xülya
kimi görünürdü. Bir gün yaşadığımız
Tabka adlanan yerdən 30-40 km aralı yerləşən
Rakka şəhərinə getdik. Axşam idi. Restorana
girib bir az şam etdik, sonra qəhvə içdik.
Qəhvəni içib qurtaranda, mən fincanı
çevirib nəlbəkiyə qoydum. Restoranın
sahibi, Ohanes adlı Türkiyə ermənisi idi.
Stolumuza yanaşıb, bizimlə söhbət etməyə
başladı, sonra mənə müraciət edib
"fıncanı niyə çevirmisiniz, qəhvədə
fala baxa bilirsiniz?" — dedi.
— Yox, — dedim, - amma çox istərdim.
Ohanes:
— Mənim anam yaxşı fala baxır — dedi — indi
çağıraram, gələr. Bir azdan qara paltarlı,
qoca, arıq bir qadın gəldi, bizimlə çox
mehriban görüşüb, stolumuzun qırağında
əyləşdi, sonra bir-bir fincanlarımızı
götürüb türkcə danışmağa
başladı.
Mənim fincanıma baxıb dedi:
— Bir neçə gündən sonra bir
nəfər hündürboylu oğlan sənə
heç gözləmədiyin xoş xəbər
deyəcək, çox sevinəcəksən.
Bir neçə gün keçdi. İdarədə
oturmuşdum. Mənimlə üzbəüz oturan
ərəb oğlan qəzet oxuyurdu. Birdən başını
qaldırmadan dedi: "Dəməşqə Azərbaycandan
nümayəndə heyəti gəlib. Ona Azərbaycan
SSR Nazirlər Sovetinin sədr müavini Süleyman
Vəzirov başçılıq edir." Bu sözləri
eşitdikdə yerimdən sıçrayıb elə
içimi çəkdim ki, oğlan diksindi
— sənə nə oldu? — deyə təəccüblə
soruşdu:
—Necə yəni nə oldu, Süleyman
Vəzirov Əbdürraufun atasıdır (ərəblər
yoldaşım Raufa Əbdürrauf deyirdifər),
mənim qayınatam. Qaçıb Raufa zəng etdim
(O, hidromexanizator idarəsində işləyirdi).
Səhərisi gün Dəməşqdən
xəbər gəldi ki, Raufu və məni sovet səfiri
Dəməşqə çağırır. Tez yığışıb
Hələbə, ordan da taksi tutub Dəməşqə
getdik. Ramazan ayı idi. Ərəblər oruc tuturdu,
səhər gün çıxandan axşam gün
batana qədər nə yemək, nə içmək,
nə də siqaret çəkmək olardı. Axşam
saat 5-də taksidəki radiodan top atəşinin
səsi eşidildi, (bu atəşdən sonra artıq
yeyib-içmək olar). Sürücü o dəqiqə
maşını saxlayıb, çıxdı, siqaretini
yandırıb çəkməyə başladı.
Axşam Dəməşqə gəldik, şeylərimizi
sovet mütəxəssislərinə məxsus evdə
qoyub "Omeyya" otelinə getdik. Bizim nümayəndə
heyəti orda qalırdı. Otelə gəlib bizimkiləri
soruşduqda dedilər ki, yoxdurlar, Bosraya gediblər.
Bosra Dəməşqin yaxınlığında
qədim şəhərdir. Orada romalılar dövründən
qalmış amfıteatr var, adətən turistləri
oraya ekskursiyaya aparırlar. Mən otelin işçisindən
nümayəndə heyətinin siyahısını
göstərməyi xahiş etdim. Güman edirdim
ki, atam da gəlib, amma dəqiq bilmirdim. Bir neçə
saat gözlədim, axır avtobus gəldi bayıra
çıxıb onu qarşıladıq; atam da burada
idi. Gələnlərin arasında bəstəkar
Cövdət Hacıyev, ərəbşünas professor
Ələsgər Məmmədov, sənətşünas
Mürsəl Nəcəfov, müğənni Zeynəb
Xanlarova və başqaları da var idi.
Səhərisi gün biz onlar yaşayan
otelə köçdük. Bizə nümayəndə
heyətini tərcüməçi sifəti ilə
müşayiət etmək tapşırıldı.
Gündüzlər müxtəlif rəsmi görüşlərə
gedir, axşamlar isə birlikdə şəhəri
gəzirdik. Sonra Hələbə getdik. Ümumiyyətlə,
rəsmi görüşlər zamanı bizimkilər
ərəblərə müxtəlif suallar, verirdi.
Suriyada neft istehsalı, tədris məsələləri,
tibbi xidmətin vəziyyəti və s. Hələbdə
də bələdiyyə rəisinin qəbulunda
bu qəbildən çox sual verildi. Axırda atam
da bir sual vermək arzusunu bildirdi. Camaat sual-cavablardan
yoruluduğu üçün bir az narazılıq
etdi. Atam bir qədər pərt oldu. "Yaxşı,
onda mənim sualım qalsın" — dedi. Lakin hamı
ondan xahiş etdi ki, istədiyini soruşsun.
Atam bir an ara verib:
—Burada, Hələbdə bizim Nəsimi
adlı bir şair basdırılıb. Mən onun
qəbrinin yerini öyrənmək istərdim — dedi.
Bələdiyyə rəisi işçilərindən
birini çağırıb, ona yavaşca nə isə
dedi.
Biz orada bir qədər də ləngidik.
Gedənə yaxın həmin işçi qayıtdı.
Bələdiyyə rəisi onun söylədiklərinə
qulaq asıb, bizə müraciət etdi:
— Sizin maraqlandığınız şair
Hələb qalasının yanında basdırılıb,
istəsəniz indi oraya getmək olar.
Məsləhətləşib qərara
gəldik ki, oraya səhər gül alıb gedək.
Sabahısı gün dalımızca maşınlar
gəlib bizi həmin məhəlləyə apardılar.
O Hələbin qədim hissəsində qalanın
yanında yerləşmişdi. Dar, tozlu küçə
ilə gedib, balaca bir həyətə girdik. Həyətdə
yanyana qəbirlər yerləşmişdi. Qarşımıza
bir oğlan uşağı çıxıb dedi
ki, "atam evdə yoxdur, gözləyin indi gedib çağıraram".
Bir azdan başında fos papaq, əyninde uzun əba,
hündürboylu, dolu bir kişi gəldi. Bu, evin
sahibi Hikmət Nəsimi idi. O bizi salamlayıb içəri
dəvət etdi. Kiçik birmərtəbəli evin
otaqları çox kasıb və köhnə idi.
Divarlardan asılan kağız və parça üzərində
Nəsiminin şerlərindən beytlər yazılmışdı
otağın bir tərəfində köhnə,
süzülmüş bir əsgi ilə örtülü
hündürlük var idi, altında sanki meyit yatırdı.
Parçanın üzərində ipək sapla tikilmiş
müxtəlif yazılar var idi. Mən otaqda olan
bütün yazıları vərəqə köçürüb
atama verdim.
Sonra Hikmət Nəsimi ilə söhbət
etdik. O söylədi ki, öz dükanı var. Orada
çadır satmaqla məşğuldur. Böyük
ailesi, çoxlu uşağı var. Məşhur
əcdadı haqqında o qədər də məlumata
malik deyildi, lakin həyətində Nəsimi nəslindən
bir çox adamın qəbri var idi.
Hikmət Nəsimi ilə söhbət
etdikdə, atam üzünü bizə tutub dedi:
"Əsil şamaxılı kişilərinə oxşayır,
fikir verin üzünün cizgilərinə".
Doğrudan da, Hikmət Nəsimi ərəbdən
çox azərbaycanlıya bənzəyirdi, ya bəlkə
bizə belə gəlirdi. Amma onun, göründüyü
kimi, nəinki əcdadından çox az xəbərdar
olması, ümumiyyətlə, sənət və
poeziyadan uzaq adam olduğu aşkar idi.
Bir neçə gündən sonra nümayəndə
heyətindən bir neçə nəfər İraqa
yola düşür, qalanlar isə Vətənə
qayıdırdı. Atamı ötürəndə
ikimiz də çox kövrəldik, gecə-gündüz
bir yerdə keçirdiyimiz bu neçə gündən
sonra, yenə də uzun müddətə ayrılmaq
çətin idi. Qayınatam Süleyman Vəzirov
həmişə zarafatcıl, gümrah, hisslərini
büruzə verməyən adam, bizi sakit edir, araya
başqa söhbətlər qatırdı.
Atam mənə tapşırdı ki,
Nəsimi haqqında bacardıqca məlumat toplayım.
Bu müəyyən cəhətdən mənim üçün
çətin idi: işlədiyimiz Fərat çayı
üzərində su-elektrik stansiyasının tikintisi
Hələbdən 150 km uzaqlıqda yerləşirdi.
Hələbə tez-tez getmək imkanı yox idi.
Lakin, bununla belə, mən bir dəfə imkan tapıb
Hələb kitabxanasına getdim. Oranın qoca arxivariusundan
Nəsimi haqqında məlumat olan kitabları tapmasını
xahiş etdim. O gedib bir neçə qədim kitab
gətirdi, bunlar tarixə aid müxtəlif ərəb
müəlliflərinin əsərləri idi. Mən
oradan Nəsimiyə aid parçaları seçib,
dəftərimə köçürürdüm.
Sonra Bakıya qayıtdıqda bunları atama verdim.